“Biri ikisində” – Aysel Nəsirzadənin şeirləri Featured

 

“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Aysel Nəsirzadənin şeirləri təqdim edilir.

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

                  

 

ŞEİR VAXTI

AYSEL NƏSİRZADƏ

 

 

Bir gecədə bütün ailəsini itirən uşağın

Mərhəmətli ürəyində ümidi sağdır.

Taxtadan tüfəng düzəldib özünə 

yazıb üstünə: 

“Qorxmayın, bu, oyuncaqdır”.

 

 

***

 

Qəfil göy guruldadı, gecənin zülmət bağrında

yağış deyil, mərmi idi göydən yağan.

Can alırdı uşaqlardan…

qadınlardan…

qocalardan…

O zülmət gecənin səhəri 

Doğa bilmirdi yer üzünə Günəş 

Arından.

 

 

***

 

Bir divarın üstündə

rəngli boyalarla çəkilmişdi

“evə dön” yazısı

amma nə ev qalmışdı,

nə evə dönəcək insan,

nə də o yazını yazan.

Ölüm boylanırdı o rəngli yazıdan.

 

 

***

 

Uzaqdan bir qadın baxır donuq baxışlarıyla

bir əlində qanlı köynək,

bir əlində oyuncaq gəlincik,

gözlərində yaş,

ürəyində nakam arzuları...

Ağı deyirdi dilinin altında:

“güllə deyil,

haqsızlığa susmaq öldürür insanları”.

 

 

***

 

Sükut qanadlı kəpənək,

səni gördüm bu səhər

yanağına şeh düşmüş

zanbağın ağuşunda.

Qanadlarının üstündə səssizcə

duyulurdu rənglərin pıçıltısı.

 

Sən ayın mavi kölgəsi,

günəşin işıq seli.

Sükuta qərq olmuş o ipək qanadların

ürəkdəki arzuların şeir dili.

 

Bir insan ömrünün hekayəsi gizlidir

sənin həyat mübarizəndə.

Bir ömrün təbəssümü var 

bir nəfəslik ömründə.

 

 

YENƏ DƏ MƏN QALİBƏM!

 

Daha nağıllardakı xoxanlardan qorxmuram, ana!

Həyat çox bəzəkli-düzəklisin çıxardı qarşıma.

Daha mən də nə Cırtdanam, nə şahzadə,

Nə də ki yatmış gözəl.

Dönüb oldum yeddi başlı əjdaha

Öldürdülər, dirildm,

Ağlatdılar, kiridim.

Uzaqlaşdım hər kəsdən,

Yazdım öz hekayəmi, özüm də başına keçdim.

Onları ”böyütmədim” gözümdə,

Dedim cılız qalsınlar, daha betər olsunlar,

Həyatı rəqib seçdim.

Davam da onunladır, müharibəm də, mübarizəm də...

Dərdlə bükdükcə belimi, tutub ürəyimdən ayaqlandım,

Ona qarşı duruşumla canlandım.

Qorxma, ana, indi mənə ən doğma duyğudur ölüm.

Həyat ölümdən qorxanlara əzizdir.

Ölüm qorxusuyla insanlar həyata tapınıb, biləsən,

Ölüm olmasa, həyat da kimsəsizdir...

Yenə də mən qalibəm...

 

 

***

 

Dibçəklərə əsir edilən güllərin

Azadlığı yoluxa ürəklərə.

Sevgi hissiylə bəslənən, əzizlənən, 

Qanadlanıb uçmadan

Ruh vücuda sarılaraq yaşaya azadlığı. 

Bu dünyanı cənnət edə

O dünyada cənnətə qovuşmaq istəyənlərin saflığı.

 

 

ÖZÜ YIXILAN KƏSİN

 

Özü yıxılan kəsin 

Gözündə yaşı olmaz. 

Darıxmağın vədəsi, 

Bəlkəsi, kaşı olmaz.

 

Xoşbəxtlik ilıq mehtək

Toxunar qəlbə, keçər. 

Tale ölçü götürər, 

Həsrəti ömrə biçər.

 

Keçər ömür qatarı, 

Arzuları aparar. 

Xatirələr qoynunda 

Xəyallardan qoparar.

 

Gündüzün fikirləri, 

Gecənin dərd-ələmi. 

Görən, xoşbəxt olarammı,

Yerə qoysam qələmi?

 

 

HƏR ÜRƏYİN ÖZ KƏSİ VAR!

 

Qanadın açmasın deyə,

Qəlbin sinə qəfəsi var.

Sevmək yetmir tək insana,

Sevilməyə həvəsi var.

 

Yarım qalan yara həmdəm,

Tapan tapar ruha vətən.

Yer üzünü sərinlədən

Günəşin Ay kölgəsi var.

 

Eşqə ümidlənib gələr,

Sevgini müqəddəs bilər.

Sevdimi, ömürlük sevər 

Hər ürəyin öz kəsi var!

 

 

SƏNƏ QOVUŞMAQ HƏVƏSİ

 

Bir gün sənə gələcəyəm,

Günəşin qürub çağı

Ömrün son şəfəqində.

Sənə qovuşmaq həvəsi

Bir ovuc torpaq təşnəsi.

Diləyim ağrılı dilək,

Allah da bunun fərqində.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.