“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Eşqanənin hekayəsi təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
EŞQANƏ
YARPAQLAR PIÇILDASA, BİL Kİ, SƏSİMDİ
Səhərin ilk, incə şüası həyətdəki çinarın yarpaqlarından süzülürdü. Nazlı, ev əhli hələ tam oyanmamış, sakit addımlarla həyətə çıxmışdı. Adəti üzrə yenə intizarla qapıya boylandı. Elə bil hər səhər eyni pıçıltının ardınca qaçırdı. Soyuq daşların üzərində irəliləsə də, qəlbində bir istilik vardı — ümidin istiliyi. Sanki qapını bir az tez açsa, əmisi Cəlil astanada dayanıb, gülümsəyərək ona “Gəl, balacam”, – deyəcəkdi.
İllər keçmişdi, amma Nazlının içindəki ümid şöləsi bir gün belə sönməmişdi. Qapının tutacağından yapışanda barmaqları titrədi. Həmişəki kimi ürəyindən keçdi: “Bəlkə, bu gün…” Qapını açdı. Yol yenə də bomboş idi. İllər, aylar keçmişdi, amma balaca Nazlı heç vaxt əmisinin yoxluğu ilə barışmamış, həmişə bir möcüzə gözləmişdi. Bəlkə, bir gün…
Nazlı balacaykən ən sevdiyi yer əmisinin dizinin üstü, ən sevdiyi səs isə onun nağıl danışarkən ruhuna hopan həlim səsi idi. O, danışarkən sanki zaman dayanır, otağın içi yalnız onların nağıl nəfəsi ilə dolurdu. Əmisinin hekayələrində qəhrəmanlar həmişə özləri olurdu: Nazlı ucsuz-bucaqsız çəmənliklərdə pəri qanadlarının səsi ilə qaçan balaca şahzadə qızcığaz, əmisi isə onu qoruyan nurlu bir qəhrəman idi. Nazlı balaca əllərini yanaqlarına söykəyib bu nağılların hər sözünə sarılır, gözlərini yumub sanki görünməz bir qapıdan keçərək başqa əsrarəngiz bir aləmə uçub gedirdi.
Bir gün isə o sehrli nağıllardan birinin sonunda əmisi birdən-birə susub Nazlıya baxdı. Sözlər dodaqlarında ağır bir düyün kimi ilişmişdi. Sonra qollarını açıb onu möhkəm-möhkəm qucaqladı, gözlərindən yaş süzülürdü.. Əmisinin nəfəsi onun qulağında titrəyərək pıçıltıya çevrildi:
– Balacam… Mən vətəni qorumağa gedirəm. Sənə danışdığım nağıllardakı kimi pis adamlarla vuruşub torpağımızı qoruyacağam. Mən səndən uzaqda olanda küləklər səni qucaqlasın. Qorxduğun anlarda qulağına astaca pıçıldasın ki, mən buradayam… bax, burda...
Nazlı heç vaxt əmisini belə görməmişdi. Uşaq qəlbi ilə anladı ki, elə bil nəsə bir şey olacaq, içində qəribə bir boşluq hiss etdi. Bəlkə də, heç kim artıq ona belə nağıllar danışmayacaqdı… Və içində doğan o qəribə sızı — hissləri onu aldatmamışdı.
***
Axşamçağı məktəbdən qayıdarkən hava bir başqa gözəl idi. Günəş batmağa yaxın idi, səmada narıncı və çəhrayı rənglər bir-birinə qarışmışdı. Nazlı ayaq saxlayıb səmaya baxdı – elə bil göy üzünün rəngləri də onun həsrətini anlayırdı.
Həyətdə çinarın kölgəsi uzanmışdı. Ağacın altı həmişə sərin olardı. Nazlı çantasını yerə qoyub ağacın dibində oturdu. Əlini torpağa toxundurdu. Torpaq isti idi – günəş onu isidib Nazlının ürəyinə bənzətmişdi.
Birdən sərin meh əsdi. Yarpaqlar xışıldadı. Nazlı gözlərini yumdu:
– Əmi… – dedi içini çəkərək, – yenə gəldin?
Külək saçlarını oxşadı, üzünə toxundu, elə bil şəfqətli bir əl saçlarını sığalladı. Nazlı gülümsədi. Gözlərini açanda əmisinin xatirə tablosuna baxdı. Baxışları altındakı “Şəhidlər ölməz” sözlərinə ilişdi. Qəlbində həm sızıltı, həm də istilik vardı. Öz-özünə pıçıldadı: – Hər günümə sevgi qatırsan, mənim uca qəlbli əziz əmim.
Səsi titrədi. Hamıdan gizlətdiyi boşluq bu dəfə kədərlə yox, minnətdarlıq və qürurla doldu. Yarpaqlar asta-asta tərpənirdi. Nazlı əlini ürəyinin üstünə qoydu, köksü qürurla doldu…
Bu gün məktəbdə müəllimin verdiyi tapşırıq Nazlını yenə də o nurlu xatirələrə aparmışdı. Müəllim “Ən sevdiyiniz insan” mövzusunda esse yazmağı tapşırmışdı. Bütün sinif fikirləşirdi, amma Nazlı heç fikirləşmədi – onun seçimi çoxdan hazır idi. Qələm kağıza toxunan kimi sözlər içindən axıb gəldi: “Onu görməsəm də, varlığını hiss edirəm. Külək əsəndə qucaqlayan odur, gecə qorxanda içimi isidən odur. Mən böyüyürəm, amma o məndən getmir, daha da çoxalır, hər zərrəsi kainat olur. Hər günümə bir ovuc sevgi qatır”. Ucadan yazını oxuyan müəllim bir müddət susdu. Sonra dilləndi: – Nazlı… sevgini necə gözəl təsvir etmisən.
Nazlı gülümsədi, dodaqları titrədi: – O, ən böyük sevgiyə layiqdir. O, qəhrəmandır…
***
Axşamüstü çinarın altında dayananda gün batırdı. Günəş elə bil yavaş-yavaş yox olurdu ki, Nazlını tək qoymasın. Nazlı əllərini ürəyinin üstünə qoydu, gözlərini yumdu:
– Əmi… mən böyüdüm. Amma sənin sevgini heç nəyə dəyişmədim. Mənə yetməsən də, sevgin hər yerə yetir. Kainat olur. Səni çox sevirəm, əmi. Sən həmişə mənimləsən, əmi!
Elə bu anda uzaqdan sərin külək əsdi… Sanki ilıq bir nəfəs kimi ətrafa yayıldı. Nazlı dodaqları titrəyərək pıçıldadı:
– Səni çox sevirəm, əmi.
Çinar yarpaqları xışıltı ilə cavab verdi. Nazlı ürəyində incə, tanış bir səs eşitdi:
– Mən də səni, Nazlı… Mən də səni.
O an külək bir az daha güclü əsdi, yarpaqlar sanki pıçıltı ilə danışdı. Nazlı gözlərini yumdu, köksü ümidlə doldu.
Yarpaqlar pıçıldasa, bil ki, səsimdi…
11 dekabr 2025
“Ədəbiyyat və incəsənət”
(04.05.2026)


