“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Nigar Arifin şeirləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
NİGAR ARİF
ÇİNAR
Hələ cavan, hələ körpə, gur Çinar,
Yoldan ötüb keçənlərə yar Çinar,
Çox güvənmə o kölgəndə coşub-daşan alqışlara,
Çox inanma o dillərdən istilərə tez-tez yağan,
dolu-dolu qarğışlara,
Elə bilmə güclüsənsə,
heç kim sənə batammaz.
Qorxar uca boyundan,
Qamətindən çəkinər,
Heç kim sənə çatammaz,
Səndən gizli başın üstdə
bir quş belə uçammaz,
Budağında bir ilan da yatammaz…
Hələ cavan, hələ körpə, gur Çinar,
Yoldan ötüb keçənlərə yar Çinar,
Hər dərdini dinlədiyin dost deyil,
Hər dostunun sözünə bel bağlama,
az başını yor, Çinar.
Bir də gördün,
Bu gün fağır bildiklərin
Sabah arsız, utanmaz.
Qoynundakı o “çox yaşa” deyənlər də,
bir baltayla sözlərini tutammaz.
Hələ cavan, hələ körpə, gur Çinar,
Yoldan ötüb keçənlərə yar Çinar,
Çox böyütmə gözündə bu dünyanı,
Böyütdüyün dünya gözündən düşər…
Qucağında göyərçintək sandığın,
bəlkə, ağacdələndi?
Bir də baxdın,
Dimdiyinə gün düşər…
Qollarına aldığın,
o balaca sandığın
kiçik bir yuva üçün
qıyıb gövdəni deşər…
YUXU
Baş hara, ayaq da ora,
Ömür bitənə kimi yollanasıyam.
Elə ki sonuncu mənzilə çatdım,
Özüm öz içimdən tullanasıyam…
Hələ ki günlərə ərkim də çatır,
Hələ ki illərdən mədət umuram.
İşimə gələndə bəxtə inanıb,
Qismətdən əl çəkib göz də yumuram…
Balaca bir it var qapımda hələ,
Zamandan yapışır, səbrimdən tutur,
Tapır ümidləri itirəndə də,
Yorulub köksümü ötürəndə də,
Hürüb saxladığım qəzəbə, hirsə
dönüb üzümdəki abrımdan tutur.
Bu it çoxlarından sədaqətlidir,
İndi, de, harda var beləsi – harda?
Biri yarı yolda qoyarsa, qoysun,
Lap üzümə dursun, lap olsam darda,
Bu it əvvəl-axır yetər dadıma,
Yenə də qoruyar, qoruyar orda…
Mənim kimim var ki, mənim nəyim var?
Bircə yuxum vardı, o da qaçıbdı,
Bəlkə də, yatmışam, doymamışam heç.
Nə bilim, bəlkə də, yuxum acıbdı?
Bir az şübhə yeyir, bir az da qorxu,
Nəsə yuxumdan da gözüm su içmir.
Ay it, dayan görüm, dartma yaxamı,
Adam yuxusunu özü ki seçmir…
XOŞUMA GƏLMİR
Mən axı neynirəm o sevgini ki,
Yamaqlı corabla yırtıq şərf kimi,
İsidir, amma ki, xoşuma gəlmir…
Hisslər oxunmursa dodaqlarında,
Alışıb-yanmırsa yanaqlarında,
Sevgini eşitsəm qulaqlarımla,
Bəsimdir? Amma ki, xoşuma gəlmir…
Əllərim əsməsə, dilim çaşmasa,
Ürək dayanmasa, ürək coşmasa,
Neynirəm təpədən, dağdan aşmasa,
Çox da ki desinlər, eşqin özüdür,
Özüdür, amma ki, xoşuma gəlmir…
HİRSLİ ŞEİR
Hər olan-bitəni həzm etmək olmur,
Hanı yaxşılığım? Haqqını bulmur,
Yerim ki boş qalır, yerim ki dolmur
Mənim nə səhvim var, nə günahım var?
Demək ki, belədir dünyanın işi,
Vecsizdi zamanın haqsız gərdişi,
Lap olsun əzəldən zülm vərdişi,
Mənim nə səhvim var, nə günahım var?
Mən ki hər gecəyə bir sabah oldum,
İstər əməlimdə, istər sözümdə
Hər zaman şah oldum, padişah oldum.
Mənim nə səhvim var, nə günahım var?
Bəlkə, kimlərinsə dayağı, pulu,
Mənim güvəndiyim bir Allahım var…
Qəlbimi qıranlar bilmirlər hələ,
Bilmirlər, neyləyim, bilməsinlər heç!
Əlləri batanda qırıqlarımda,
Ruhumun buz tutmuş bucaqlarında,
Bir gün görəcəklər qucaqlarında
Mənim dualarım, mənim ahım var!
SƏNİ ATMARAM
Mənim arzularım körpədir hələ,
Qaranlıq yollardan başları çıxmır.
Onların bildiyi saf duyğulardır,
Qorxular hələ ki evimi yıxmır.
Əlimdə nə varsa, dilimdə odur,
Gözümdə aynalar yalan söyləməz.
Vicdanım gecələr düşüb dalınca
Tutduğum əməli fikir eyləməz.
Demirəm asandır, demirəm çətin,
Xəyalım yıxılsa, gülənlər çoxdur.
Bütün addımlarım sevgidən doğur,
Nifrətə, möhnətə yerim də yoxdur.
Mən yağış adamam, külək adamam,
Odda da yanmaram, suda batmaram.
Əzizim, bu dünya düşsə gözümdən,
Qəlbimdə saxlaram, səni atmaram…
“BİZ”DƏ BİTƏN YOL
Bu eşqdə nə qazandım?
Axtarsam, tapammıram.
Desəm, çox şey itirdim,
Yenə də qopammıram.
Saymadığım gecələr
gündüzləri aldılar.
Məndən keçən sabahlar
sənə yaxın oldular.
Gözümə görünmür heç
İnciyib küsdüklərim.
Axır, səndə gizlənib
Əlimi üzdüklərim.
İllər boyu dolaşıb
“Biz”də bitən yolmuşam.
Bəlkə də, heç bilmədən
Mən elə sən olmuşam,
Bəlkə də, heç bilmədən
Sən elə mən olmusan…
BU GECƏ DƏ OYAĞAM
Səncə insan dəyişməz
Dəryaları aşanda?
Mən heç bu da deyiləm
Səbrim təmiz daşanda.
Ruhuna yadlaşırsan
Hər çıxanda özündən.
Doğmalaşıb dərdinə,
Yapışırsan dözümdən.
Həyat belə öyrədir
Əlinə düşənləri,
Ona nə fərqi var ki?
Lap qaynar qazanında
İstəsə yandırır da,
İçində bişənləri.
Heç kim bilmir bu dövran
Onu hara aparır.
Hər yazdığım şeir də
Məndən bir az qoparır…
– “Üzülmə heç, əzizim,
Mən ki sənə dayağam.
Gəl düşünmə bunları,
Sən rahat ol, yerinə
Bu gecə də oyağam...”
QAYIT GƏL
Gündüzlərim birtəhər,
Gecələr yatammıram.
Yuxum qaçır, neyləsəm,
Ardıyca çatammıram.
Yeməklərin tamı yox,
Çay da ki yaxşı dadmır.
Nə kitab, nə musiqi,
Heç nə başımı qatmır.
Nə var, nə yox soruşdun,
Çox görünür yoxluğun,
Başqa hər şey eynidi,
Başqa sənin sağlığın…
Yalandan niyə deyim,
Aldadım ki, yaxşıyam,
Mən bu cür mövzularda,
Bilirsən ki, naşıyam.
Yazdım xəbər edim ki,
Ayrılığın müddəti
Bu gündən sona çatır.
Hardasansa, qayıt gəl,
Daha anlamışam ki,
Günüm sənlə başlayır,
Günüm səninlə batır.
“Ədəbiyyat və incəsənət”
(01.05.2026)


