“Ədəbiyyat və incəsənət” portalının oxucularına üç gün dalbadal sizə Təranə Dəmirin yeni şeirlərini təqdim edir.
1-ci gün.
OYNADIQ
Sarıdıqca bir az da çox açıldı,
Könlümüzün yarasıyla oynadıq.
Bəxtimizin ağ tərəfi olmadı,
Ömür boyu qarasıyla oynadıq.
Baş açmadıq hiyləsindən şeytanın,
Qorxub qaçdıq kölgəsindən şeytanın,
Çıxammadıq tələsindən şeytanın,
Boynumuzun xaltasıyla oynadıq.
Sevgimizin naz tərəfi olmadı,
Ömrümüzün yaz tərəfi olmadı,
Həqiqətin biz tərəfi olmadı,
Onun, bunun havasıyla oynadıq.
Sözdən tutduq yükümüzü beləcə,
Birə basdı kürkümüzü beləcə,
Qazıdılar kökümüzü, beləcə
Başımızın baltasıyla oynadıq.
Qara bulud dağılmadı, neyləyək,
Təpə dönüb dağ olmadı, neyləyək,
Haqq-ədalət doğulmadı, neyləyək,
Gecə-gündüz tərəziylə oynadıq.
Yaman sıxdı həyat bizi, dinmədik,
Vurub çıxdı həyat bizi, dinmədik,
Kimə deyək dərdimizi, bilmədik,
Allahıyla, Tanrısıyla oynadıq.
Səsi heç vaxt kəsilmədi dünyanın,
Əli dərddən üzülmədi dünyanın,
Beli bir də düzəlmədi dünyanın,
Əyrisiylə, tarazıyla oynadıq.
Sarıdıqca bir az da çox açıldı,
Könlümüzün yarasıyla oynadıq.
Bəxtimizin ağ tərəfi olmadı,
Ömür boyu qarasıyla oynadıq.
MÜBARƏK
Qaşını çatıb durmusan,
Küləkdən tutub durmusan,
Torpağa batıb durmusan,
Külün mübarək, mübarək.
Belin, buxunun bükülüb,
Gözlərin yerə dikilib,
Qolun, budağın tökülüb,
Çulun mübarək, mübarək.
Üstün başın toz içində,
Qıvrılırsan söz içində,
Nə çəkirsən öz içində?
Yolun mübarək, mübarək.
Yarı daşsan, yarı ağac,
Yarı quşsan, yarı ağac,
Gülləmisən, quru ağac,
Gülün mübarək, mübarək.
YAVAŞ-YAVAŞ
Nə olsun ki, bahar bir az ləngidi,
Yavaş-yavaş bu qışı da ötürdük.
Yavaş-yavaş buludları ürküdüb,
Yavaş-yavaş günəşi də gətirdik.
Şaxtanın da şaxı sındı beləcə,
Canı qızdı ağacların, kolların.
Təzələndi yenə bahar gəlincə
Üstü-başı adamların, yolların.
Üzü güldü çiçəklərin, otların,
Xəzəllər də yarpaq-yarpaq dirildi.
Quşlar yenə salamladı baharı,
Axar sular yavaş-yavaş duruldu.
Bahar-bahar nisgilini ovutdu,
Aydan, gündən ümidini kəsənlər.
Yavaş-yavaş gedənlər də qayıtdı,
Yavaş-yavaş barışdılar küsənlər.
Yavaş-yavaş külək düşdü atından,
Yavaş-yavaş yağışlar da səngidi.
Yavaş-yavaş qış da çıxdı yadımdan,
Yavaş-yavaş gördüm hər yan sevgidi.
YOLLAR
Yayda torpağa, qışda çamura batar,
Bəzən yol olmaqdan çıxar,
Meşələşər, ormanlaşar, səhralaşar,
Özünü tapanacan min dəfə sınar, qırılar,
sonra təzədən bitər,
Sonra yenə, yenə...
Gah buludu, gah günəşi keçirər əyninə.
Gah dərəyə, gah dağa qısılar,
Böyüyər, qısalar.
Baxarsan ki, uzanıb gedir ey… ev-ev, hasar-hasar, çəpər-çəpər…
Üstündən keçdikcə dayanıb yol-yol ardınca daş atar, su səpər.
Hər kəslə yola getməz axıracan,
Gah əlindən tutar,
Gah ətəyindən çəkər.
Bir gözü açıq, bir gözü bağlı yatar,
Səssizliyində haray var.
Ağacları yarpaq xışıltısından,
Adamları addım səsindən tanıyar
Cığır-cığır, ləpir-ləpir bir-birindən tutan yollar,
Gedən yollar, qayıdan yollar.
“Ədəbiyyat və incəsənət”
(28.04.2026)


