"Hələ söhbətim var" deyirdi, hələ də onu dinləyənlər var Featured

 İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Cavan vaxtlarında redaksiyanın tapşırığı ilə maldarlarıhəyatından oçerk yazmaqdan ötrü Ağacavad Əlizadə Qırmızıkəndə yollanıbmış. Oradan 5-6 km-lik yolu piyada gedib fermaya. Sürülərə yaxınlaşanda "canavarboğan" itləcumub üstünə. Ağacavad itlərin onu parçalayacaqları qorxusu keçirirkən köpəklərdəbirini tanıyıb, "Toqquş!" deyə qışqırıb.

Toqquş da öz keçmiş sahibini dərhal tanıyıb. İtdə olan yaddaşa baxın! Və o, digər itlərin qarşısını kəsib Ağacavadı xilas edib.

Sən demə Ağacavad Bakıya oxumağa gedəndə məcbur olub sevimli Toqquşunu göz yaşı içində çobanlara veribmiş... Ona o qədər yaxşı baxıbmış ki, it onu unutmayıbmış...”

 

Ağacavad Əlizadə 1928-ci il martın 21-də Salyan şəhərində anadan olub. Bakıda 40 saylı fəhlə-gənclər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Salyan mərkəzi kitabxanasında kitabxanaçı kimi başlayıb. Sonra Salyan Dövlət Dram teatrında aktyor və rejissor müavini olub.

Salyan rayonu 2 saylı uşaq evində pioner baş dəstə rəhbəri, radio qovşağında ədəbi müvəkkil və direktor, yenə kitabxanaçı, mədəniyyət evində təlimatçı, eyni zamanda pioner və məktəblilər evinin direktoru, "Qələbə" qəzeti redaksiyasında məsul katib olub.

O, universitetdə tələbəlik dövründə "Lenin tərbiyəsi ugrunda" çoxtirajlı qəzet redaksiyasında məsul katib, təyinatla "Bakı" axşam qəzeti redaksiyasında məsul katibin müavini və tərcüməçi, "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid və biblioqrafıya şöbəsinin müdiri, məsul katib işləyib.

"Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında məsul katib, "Yazıçı" nəşriyyatında böyük redaktor işləyib. İlk mətbu şeri "9 May" 1946-cı ildə Salyan rayonunun "Sosializm yolu" qəzetində çap olunub. Dövri mətbuatda müntəzəm çıxış edib. Oçerk, publisistika və bədii tərcümə ilə də ardıcıl məşğul olub. Bir sıra televiziya filmlərinin ssenari müəllifıdir.

Onun sözlərinə bir neçə mahnı bəstələnib. Hekayə və oçerkləri müsabiqələrdə mükafata layiq görülüb. Bədii qiraət ustasıdır. Ən yaxşı şer oxumaq müsabiqələrində dəfələrlə festivalların laureatı olub. O, ədəbiyyat üzrə ümumittifaq tədbirlərində (poeziya bayramlarında, ədəbiyyat günlərində və s.) Azərbaycanı təmsil edib.

Fəal ictimaiyyətçi olub. Bir sıra ədəbi dərnəklərə rəhbərlik edib (1950–1987). Azərbaycan Yazıçılar İttifaqında yerli komitənin sədri olub (1962–1975). "Azərbaycan" jurnalındakı fəaliyyətinə görə respublika Jurnalistlər İttifaqının Fəxri Fərmanına layiq görülüb.

Bir medalla təltif olunub.

 

Əsərləri

- Çinarın söhbəti (şeirlər). Bakı: Uşaqgəncnəşr, 1961, 52 səh.

- Sovet ittifaqı qəhrəmanı Məhərrəm Dadaşov (sənədli povest). Bakı: Gənclik, 1975, 30 səh.

- Qüdrət Səmədov (sənədli povest). Bakı: İşıq, 1977, 40 səh.

- Hələ söhbətim var (şeirlər). Bakı: Gənclik, 1977, 144 səh.

- Sən yanımda olanda (şeirlər). Bakı: Yazıçı, 1983, 166 səh.

- Cəlilabad. Bakı: İşıq, 1987, 84 səh.

 

Şair 1995-ci il aprelin 25-də vəfat edib.

"Anam - ağbirçəkli Muğan torpağı, mənə layla deyib söyüd yarpağı. Kürün sularında yanıb sinəmdə sənətin, ilhamın, sözün çırağı" deyərək quzeyli-güneyli Azərbaycanı tükənməz ilhamla tərənnüm edən vətənpərvər şair artıq aramızda yoxdur. Ondan miras qalan kitablarından birinin adı belədir: "Hələ söhbətim var". Şair və poeziya anlayışlarını ləyaqətlə təmsil etmiş Ağacavad Əlizadənin ömrünün sonrakı həyatı da 1995-ci ilin baharından başlayıb...

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.