“Darıxmadın, darıxdığım?” - Rəhim Mehdiyev Featured

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm. Gənc şair Mehdiyev Rəhim Alqulu oğlu 29 avqust 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində anadan olmuşdur. Uşaq yaşlarından yaradıcılığa böyük həvəs göstərmişdir.

2015-ci ildən etibarən mahnı sözləri yazmağa başlamış, 2023-cü ildən isə daha çox şeir yaradıcılığına üstünlük vermişdir. 2026-cı ildə “Darıxmadın Darıxdığım” adlı ilk kitabı çap olunmuşdur. Bununla yanaşı, “Bir ağac altı” adlı qısa həyat hekayəsi Türkiyədə internet üzərindən yayımlanmışdır. Həmçinin İstanbulda nəşr olunan bir neçə türk yazarının kitablarında onun şeirləri yer almışdır.

O, Ulu Öndərə həsr olunmuş “Ulu Öndər” və cənab Prezidentin doğum gününə ithaf edilən “İmza” adlı nəğmələrin müəllifidir. Yaradıcılığı dövründə 300-dən çox şeir və 50-dən artıq mahnı yazmışdır.

Bununla yanaşı, bir çox şəhidlərimizə həsr olunmuş mahnıların sözlərini yazmış və bəstələmişdir. Ruhları şad olsun.

 

 

Gül Qadın

 

Bir xəyanət qoxusunda,

Çətin onun, gözü susa.

Sənə bir də sevgi verməz,

Əgər qadın soyudusa.

 

Soyudusa, buza dönər,

Ondan olmaz günəş daha.

Ömür boyu üşüyərsən,

Həyat sənə gələr baha.

 

Qadın gözü dolu olur,

Toxunsan, yağış yağacaq.

Xatirələr töküləcək,

Sonra yerdən kim yığacaq?

 

Öldür, yenə səsi çıxmaz,

Gedib saçını kəsəcək.

Qaranlığa uzanacaq,

Özündən belə küsəcək.

 

Belə olur, qışa dönür,

Yoxsa soyuq olmaz qadın.

Bir bənzərsiz gül kimidir,

Yaxşı baxsan, solmaz qadın.

 

 

Mən kiməm ki, sevim səni?"

 

Bağışla, çox səhv etmişəm,

Mən bilmişəm evim səni.

Bilmədən oldu, yoxsa ki

Mən kiməm ki, sevim səni?

 

Başa düşdüm, heç nə demə,

Ayıb olsun bu qəddimə.

Səni sevmək nə həddimə?

Mən kiməm ki, sevim səni?

 

Gör, sən kimsən, gör, mən kiməm,

Mən kiməm, danışıb dinəm?

Düz deyirsən, mən heç kiməm,

Mən kiməm ki, sevim səni?

 

 

Utanarsan?

 

Mənim halım xoş olanda,

Sənin yanın boş olanda,

Gözlərində yaş olanda,

Gəlib silsəm, utanarsan?

 

İllər sonra sənə dönsəm,

Tərk edilmiş biri görsəm,

Heç bir kəsin yoxdu, bilsəm,

Çox üzülsəm, utanarsan?

 

Məhv etsən də gənc çağımı,

Qurutsan da eşq bağımı,

Atıb bütün varlığımı,

Sənə gəlsəm, utanarsan?

 

Nələr çəkdim yolunda mən,

Olammadım solunda mən,

Bir gün sənin qolunda mən,

Gəlib ölsəm, utanarsan?

 

 

Qurban olsun yuxum sənə

 

Doyammıram axı sənə,

Gəl, bir az da baxım sənə.

Toxunmağım üçün sənə,

Külək olub əsim sənə?

Yağış olub yağım sənə?

 

Gəl, bu gecə oyaq qalım,

Qurban olsun yuxum sənə.

Tamam çöksün qoxun mənə,

Bir az çöksün qoxum sənə.

 

Darıxdırırsan məni sən,

Gəl, bir az da baxım sənə.

Dönüb damla göz yaşına,

Yavaş-yavaş axım sənə.

 

Ya da özün gəl de mənə,

Yer üzünü yıxım sənə.

Göy üzünün cənnətisən,

Həmən ölüm, çıxım sənə.

 

 

Darıxmadın, darıxdığım?

 

Sözüm var, çatmır ki dilə,

Gözümdə yaş dönüb selə,

Məndən ötrü bir an belə,

Darıxmadın, darıxdığım?

 

Sən ki məni atmaz idin,

Ayrılıq yaratmaz idin,

Mən öpmədən yatmaz idin,

Darıxmadın, darıxdığım?

 

Yoxluğun deyil ki asan,

Uzaqlarda bir dünyasan,

Aylar oldu, de, hardasan?

Darıxmadın, darıxdığım?

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.