İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Yazıçı-dramaturq İmranQasımovictimaixadimkimixarici ölkələrdə səfərlərdə olmuş, təəssüratlarını qələmə almışdı. Bir yazıçı ancaq bu qədər milli ola bilər və həm də yalnız bu qədər bəşəri ola bilər. "Fransız qobeleni" və "İtaliya mozaikası" povestlərinin daxil olduğu "Azərbaycan xalçası" triptixini İ.Qasımovun müəllif monoloqu da adlandırmaq olar”. – Onun barəsində Dilarə Adilgil belə yazır.
İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində doğulub. Atası Həşim Qasımov əsrin əvvəllərində Sankt-Peterburqda ali təhsil almışdı, anası Mələk geniş dünyagörüşü olan xanım, Azərbaycanın ilk qadın mühəndislərindən biri olub.
İmran 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub.
Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub.
İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. O, nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malikdir. Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı "Uzaq sahillərdə" romanı dövrünün ən populyar əsərlərindən olub.
Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna "Xəzər neftçiləri haqqında dastan", "Dəniz cəsurları sevir" (H.Seyidbəyli ilə birlikdə), "İnsan məskən salır" , "Arzu", "Xəzər üzərində şəfəq" və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.
Həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən "Uzaq sahillərdə" filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.
İmran Qasımovun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. "Onun böyük ürəyi", "İnsan məskən salır" və s. filmləri bu gün də sevilərək baxılır.
Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərib. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyib, böyük rəğbətlə müşahidə edib və öyrənib.
O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrə səfərə çıxıb. Müxtəlif görüşlər, böyük xalqlar, maraqlı adamlar haqqında xatirələr yazıb.
Ssenari müəllifi olduğu filmlər
1. Sovqat
2. Axşam konserti
3. Xəzər nefti
4. Böyük yol
5. Səhər nəğməsi
6. Əsl dost
7. Bais
8. Uzaq sahillərdə
9. Zirvə buludu
10. Mənim dostum
Təltif və mükafatları
1. "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. Azərbaycan SSR Dövlət mükafatı
4. "Lenin" ordeni
5. "Şərəf nişanı" ordeni
Dilarə Adilgil böyük yazıçının yaradıcılıq mətbəxi barədə maraqlı bir aşıqlama verib. O yazır: “İmran Qasımov öz qəhrəmanlarını başlı-başına buraxmır, həyat yollarını nəzarətdə saxlayır, fürsət düşdükcə yenə onlara "dönür". "Ceyran"ı, onun dumanlı qalan aqibətini unutmayan yazıçı povesti teatr üçün işləyir.
Moskva yaxınlığında müalicə olunan İ.Qasımov xəstəxana qonşusundan Moskva metropoliteninin tikintisində işləyən azərbaycanlı Ceyran Səfərova haqqında informasiya alır. Söhbətin maraqlı cəhəti ondan ibarət idi ki, bu qadının sonradan könüllü İspaniyaya getdiyi, 1944-cü ildə hitlerçilər tərəfindən edam olunduğu iddia edilir. Müqavimət hərəkatına qoşulan bu qadının "Ceyran" adlı kafesi də var imiş. Göründüyü kimi, illər keçəndən sonra, belə koordinatlarla Ceyranın izinə düşməyin necə çətin olacağı ilk səhifələrdən bilinir.
Yazıçı elqızını axtara-axtara oxucusunu da unutmur, dünyanın paytaxtını ona "müxtəlif mövqelərdən" və "müxtəlif işıqda" göstərir. "Bu qobelenin naxışları arasından gənc bir qadının siması zahir olur. Mən aydın surətdə Ceyranı Neverdə, Plan de Orqonda, döşəməsinin altında tüfənglər, tapançalar, mina dolu yeşiklər yığılmış yastı, alçaq evdə görürəm; əlində vərəqələrlə dolu zənbil düz esesçilərin sırasına doğru addımlayan görürəm"…
İmran Qasımov 63 il ömür yaşayıb. Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. Yazıçı 1981-ci il aprelin 20-də vəfat edib.
Dünyamızda çox yaşamasa da, çatdırıb çox iş görə bilmişdi. Onun mövzuları dünyəvi və uzunömürlüdür, əsərlərinin başqa "epoxa"dan - "sovet həyatı"ndan olduğu ancaq müəyyən məqamlardan, təsvir edilən tarixi hadisələrdən, çəkilən adlardan bilinir. Ömür möhləti qısa, əsərlərinin ömrü uzun olan yazıçı bu gün də maraqla oxunur, qoyub getdiyi ədəbi irs dəyərini saxlayır, tədqiqata cəlb edilir. Özünün insan sevgisi, xeyirxah əməllərilə onu tanıyanların ürəklərində məskən salan sevimli yazıçımız İmran Qasımov əsərləri ilə daim oxucularının qəlbində yaşayacaq.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.04.2026)


