İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Cip, cip, cücələrim,
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim."
Bu gün bizlərə tanış olan bu misraların müəllifi, Azərbaycan SSR əməkdar incəsənət xadimi, şair Tofiq Mütəllibovun doğum günüdür. Onu yaxından tanıyaq.
Tofiq Mütəllibov 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində anadan olub. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil alıb. Onun 1946-cı ildə "Zəfər" adlı ilk şeiri "Azərbaycan pioneri" qəzetində çap olunub. O, "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri vəzifələrində çalışıb.
Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləyib. XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən Tofiq Mütəllibov 30-a yaxın kitabın müəllifidir. "Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır.
Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət edib, onun sözlərinə bəstələnən mahnılar sevilə-sevilə dinlənilib. O, bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş edib. "Cücələrim"in 60-dan çox yaşı var. Mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilib. Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bildiyinə görə qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilib.
Əsərləri bir sıra teatrlarda səhnələşdirilib. 1981-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Meşə nağılı" (1982), "Danışan qayalar" pyesləri, 1984-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə "Cücələrim" alleqorik pyesi tamaşaya qoyulub. 1968-1990-cı illərdə SSRİ Yazıçılar İttifaqının Uşaq və Gənclər ədəbiyyatı şurasının üzvü olub.
1970-ci ildə SSRİ-Çexoslovakiya Dostluğu Cəmiyyəti Azərbaycan şöbəsi İdarə Heyətinin üzvü seçilib. 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının üzvü seçilib. 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin üzvü seçilib.
1989-cu ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Bir neçə dəfə Azərbaycan SSR-nin Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.
Jurnalist Mahir Qabiloğluvaxtilə ünsiyyətdə olmuş, ailəvi yaxınlıq etmiş tanınmış ədəbiyyat, mədəniyyət xadimləri haqda silsilə yazılarından birində Tofiq Mütəllibov barədə yazır:
2Tofiq Mütəllibov bu dünyada cəmi 63 il yaşadı. 30 kitabın, 300 mahnının müəllifi oldu. Mənə ona “əmi” deyə müraciət etmək cəmi iki il qismət oldu. 9-cu mikrorayonda yazıçılar üçün tikilən kooperativ binada qonşu idik. Oğlu Vüqar, qızları Sevinc və Çinarə ilə dost idik. Amma ölüm onu bizdən ayırdı. Sonra oğlu Vüqar da bir cinayətin qurbanı oldu. Daha sonra ordan köçdülər.
Son vaxtlar bir xasiyyət məndə peyda olub. Gənc nəsillə (30-45 yaş) söhbət edəndə belə bir sual verirəm. İlk sualım isə bugünkü yazımın mövzusu oldu. “Sən Tofiq Mütəllibovu tanıyırsanmı?” İnandırım sizi ki, bir nəfər də bu suala “hə” cavabı vermədi. Pərt oldum. İki misra oxudum. Üzləri güldü. “Bunu Tofiq Mütəllibov yazıb?” dedilər. Mən də sevindim. İstədim ki, sevincimi sizinlə də bölüşüm.
20-ci əsr Azərbaycan ədəbiyyatının dünya şöhrətli nümayəndəsi Tofiq Mütəllibovu siz də tanıyın. Daha doğrusu yaddan çıxarmayın. Sadəcə mənimlə oxuyun. Həm üzünüz gülsün, həm də mənim əmim Tofiq Mütəllibovun və üzünü görmədiyim bəstəkar Qəmbər Hüseynlinin də ruhu şad olsun. Bir daha əmin olun ki, dahilik sadəlikdədir. 20 yaşlı Tofiq Mütəllibovun qələmindən çıxan və bütün dünyanı dolaşan sadəlikdə:
Cip, cip, cücələrim,
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim.
Gözləyirəm tez gələsiz,
Göy çəməndə dincələsiz,
Ay mənim cücələrim,
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim.
Cip-cip-cip cücələrim.
Arzum budur boy atasız
Ananıza tez çatasınız
Ay mənim cücələrim,
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim.
Cip-cip-cip cücələrim,
Gəlin sizə yemək verim
Dən, su verim, çörək verim
Ay mənim cücələrim,
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim.
Cip-cip-cip cücələrim,
Cip-cip,cip.”
Görkəmli şair Tofiq Mütəllibov 1992-ci il oktyabr ayının 30-da vəfat edib.
Allah rəhmət eləsin!
Ədəbiyyat və incəsənət”
(13.04.2026)


