“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Məhəmmədtağı Zehtabi (1923-1998) – görkəmli yazıçı, şair, tarixçi-filoloq
Azərbaycan tarixində xalqının maariflənməsi və azadlığı yolunda fədakarlıq göstərən ünlü şəxsiyyətlər olub. Onlardan biri də görkəmli elm və fikir adamı Məhəmmədtağı Zehtabi Kirişçidir.
Türkologiya, tarix, dilçilik, ədəbiyyat və folklora aid dəyərli əsərlərin müəllifi kimi tanınmış M.Zehtabi bədii yaradıcılıqla da məşğul olmuşdur. Məhəmmədtağı Zehtabi Cənubi Azərbaycanda mədəniyyəti və tarixi saxtalaşdırılıb təhrif edilmiş xalqın mənəvi irsini yenidən arayıb araşdırmışdır. O həm də bənzərsiz şeir və poemalar müəllifidir. Yazdığı əsərlərilə xalqının maariflənməsi və milli şüurunun oyanmasına xidmət etmişdir.
Z.Məhəmmədtağı 1946-cı ildə Azərbaycan Milli Hökumətinin Təbrizdə açdığı universitetinin ədəbiyyat fakültəsinin ilk tələbələrindən olur. Yeni yaranmış Milli Hökumətin başçısı, eyni zamanda istedadlı publisist və ədəbiyyatşünas olan Seyid Cəfər Pişəvərinin həmin fakültədə həftədə iki dəfə “Dünya ədəbiyyatı” mövzusunda oxuduğu mühazirələrini dinləyir. Təəssüf ki, beynəlxalq və yerli qüvvələrin məkrli plan və maraqlarına uyğun gəlmədiyindən Milli Hökumət qan içində süquta yetirilir və onun uğurlu islahatlarının cərgəsində olan Təbriz Universiteti də qapadılır.
O müdhiş günlərdə qanlı rejimin ana dilində təhsilə, nəşriyyələrə və danışığa qoyduğu yasağa qarşı söylədiyi
Su deyibdir mənə əvvəldə anam, ab ki yox\ Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.\ İlk dəfə ki çörək verdi mənə, nan demədi. \Əzəlində mənə duzdanə nəməkdan demədi…\Özümə məxsus olan başqa elim vardı mənim. \Elimə məxsus olan başqa dilim vardı mənim. – etirazı poeziyasının “vizit kartı”na çevrilən məşhur “Sən osan, mən də buyam” şeirində səsləndi.
1948-ci ildə azadfikirlilər ölkəsi kimi tanıdılan SSRİ-yə qaçmağı qərara alır. Çox çətinliklə də olsa istəyinə nail olur.Onu sovet sərhədlərini pozmaqda suçlayaraq həbs edir və Sibir həbsxanalarına göndərir.
Həbsdən sonra yenidən Bakıya dönən gənc şair 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Son kursda oxuyarkən onu tələbəsi olduğu ali məktəbin şərqşünaslıq fakültəsinin ərəb dili bölümünə ərəb dili və ədəbiyyatı fənnindən dərs deməyə dəvət edirlər.
1971-ci ilədək Bakıda yaşayan və universitetdə dərs deyən Zehtabi “Əbu Nəvasın həyatı və yaradıcılığı” mövzusunda araşdırma da apararaq 1970-ci ildə filologiya elmlər namizədi elmi dərəcəsini alır.
Sovet rejiminin ikiüzlü siyasətindən cana doyan Zehtabi 1971-ci ildə İraqa mühacirətə gedir. O, Bağdad Universitetində əski türk və fars dillərində dərs deyir.
Universitetdə dərs deməklə yanaşı, ictimai-siyasi fəaliyyətini də davam etdirən Zehtabi şah rejimindən qaçıb xarici ölkələrdə təşkilatlanan həmyerliləri ilə sıx əlaqə qurur. Berlində nəşr edilən “Ərk” jurnalına redaktor seçilir.
Bağdadda beş dildə nəşr olunan “İttihad yolu” qəzetinə də redaktorluq etməklə yanaşı, bu qəzetdə ardıcıl şeir və məqalələrini çap etdirir.
Əsərlərini ”Mişovlu”, “M.T.Zehtabi”, “Şəbüstərli”, “Gülşən”, “Kirişçi” və b. təxəllüslərlə imzalayıb.
M.Zehtabi ana dili ilə yanaşı, fars, ərəb, fransız, sonralar mühacirət dövründə isə rus dilini mükəmməl mənimsəyə bilib. “İslama qədər İran türklərinin dili və ədəbiyyatı” (Təbriz, 1380), “Müasir Ədəbi Azəri dili. (fonetika, qrammatika və yazı qaydaları. Farsca.Təbriz, 1991), “Elmül-maani (semantizm, 1992), “Müasir Azərbaycan dilinin morfologiyası” (1992), “İran türklərinin əski tarixi”. (2 cilddə. Təbriz, 1998. İstanbul, 2010) “Qurani-kərim” və etniklər” (Bakı, 2011) kimi tarix, dil və ədəbiyyatla bağlı kitabların, “Bağban El Oğlu” (1997), “Çerik əfsanəsi”(Bağdad, 1976), “Bəzz qalasında” (Berlin,1985), “Bəxti yatmış” (Bağdad, 986), “Başqa dilim, elim var mənim” (Bakı, 2011), “Şahin zəncirdə” (Təbriz, 2011) kimi şeir kitablarının, “Qoy olsun on” hekayələr toplusunun (Təbriz, 1993) və başqa bu kimi kitabların müəllifidir. Bakıda ilk dəfə 2000-ci ildə “Güney Azərbaycan” kitabında P. Məmmədli tərəfindən məlumat verilmiş və yaradıcılığı təhlil olunmuşdur. 2011-ci ildə isə yenə də həmin müəllif tərəfindən “Başqa dilim, elim var mənim” adlı şeir toplusu hazırlanıb çap olunmuşdur.
Pərvanə Məmmədli, Sübhan Talıblı,EynullaMədətli, Faiq Ələkbərli, Gülara Yenisey şairin həyat və yaradıcılığını araşdırmış, məqalələr yazmışlar.
M.Zehtabinin “İslama qədər İran türklərinin dili və ədəbiyyatı” kitabının giriş hissəsində yazır ki, ana dilimiz və ədəbiyyatımızın neçə minillik vəziyyəti, keçdiyi yolları, uğradığı müsbət və mənfi hadisələri bilmək və araşdırmaq üçün xalqımızın və ümumiyyətlə, çağdaş iran türklərinin o dövrdəki durumu və keçdiyi yollarla yığcam və qısa şəkildə tanış olmaq zəruridir. İslamdan əvvəlki 45 min illik tariximizlə bu tanışlıqda məqsəd yalnız və yalnız dilçilik və ədəbiyyatşünaslıq baxımından deyil, folklor və ədəbiyyatımızın siyasi, iqtisadi və sairə tarixi hadisələrlə bağlı keçdiyi yolu qısa aydınlaşdırıb açıqlamaq və bu sahədə ilk addımlar atmaqdır .
Şovinist şah rejimi devrildikdən sonra vətəni Təbrizə qayıdan doktor Zehtabi Təbriz Universitetində Türk dili və ədəbiyyatı fənnindədən dərs demiş və burada çoxlu milli ruhlu tələbələr yetişdirmişdir. Alim Təbrizdə öz elmi tədqiqatlarını davam etdirmiş, yazdığı iki cildlik “İran Türklərinin əski tarixi” adlı əsəri Azərbaycan tarixşünaslığında yeni bir cığır açmışdır.
Füzuli qəzəllərinin vurğunu M.Zehtabi klassik ədəbiyyatımızda eşq, sədaqət və cəfakeşlik simvolu olan pərvanə obrazını çağdaş həyata gətirib “Pərvanənin sərgüzəşti” poemasında ona yeni məna tutumu verir:
Zülmətlərə qəlbimdə dərin nifrət oyandı,
Fikrim o qaranlıqları boğmaqda dayandı
Cumdum,oda açdım qolumu, odlu həvəslə
Ta bir qucaq atəş gətirim yurduma töhfə,
Rəhm etməyib üsyan, alovu – cismimi yaxdı,
Şər qüvvələr at çapdı, qanım sel kimi axdı,
Yanmaqda da eşqim kimi, dildən-dilə düşdüm,
Qan dalğası atdı, bu azad sahilə düşdüm.
Zehtabinin yaradıcılığının böyük qismi Azərbaycan tarixini sifarişlə yazılan əsərlərin saxtakarlığından, təhriflərindən xilas etməyə yönəlmişdir. O, çağdaş Güney Azərbaycanda türkçülüyün – azərbaycançılığın köklərini araşdıran görkəmli tədqiqatçı alim idi. Onun həyat yolu, mücadiləsi, yaradıcılığı bütün ziyalılar, yaradıcı insanlar üçün gözəl bir örnək misalıdır. Dəyərli aydın hər şeydən öncə elini, xalqını sevən böyük bir mübarizə adamı idi.
Yazdığı əsərləri ilə xalqının maariflənməsi və milli şüurunun oyanmasına dair fəaliyyət göstərmiş, əqidəsi üzündən başı çox bəlalar çəkmişdir. Vətənpərvər ziyalıya o tayda “pantürkist”, bu tayda isə “millətçi” damğası vurdular.
O, çağdaş Güney Azərbaycanda türkçülüyün – azərbaycançılığın köklərini araşdıran görkəmli tədqiqatçı alim idi. Onun həyat yolu, mücadiləsi, yaradıcılığı bütün ziyalılar, yaradıcı insanlar üçün gözəl bir örnək misalıdır.
Ədib məqalələr, kitablar yazaraq maarifləndirmə ilə məşğul olur, xüsusən də gənclərin yetişməsi üçün bütün gücünü qoyurdu. O həm yazan, həm də yetişdirən bir aydın idi. Zehtabinin bu çalışmaları güneydə böyük çevrilişetdi, əsərləri ziyalıları oyatdı, yetişdirdiyi gənclər isə milli şüurun oyanması üçün böyük işlər gördülər.
Zehtabiyə böyük şöhrət qazandıran iki cildlik “İran türklərinin əski tarixi” kitabı olmuşdur. Məmmədtağı Zehtabi 1998-ci ilin dekabrın 23-də Avropa səfərindən qayıtdıqan bir gün sonra Şəbüstərdəki ata-baba mülkündə şübhəli şəkildə dünyasını dəyişmişdir...
“Ədəbiyyat və incəsənət”
(06.04.2026)


