“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Həmid Nitqi Aytan (1920-1999) – şair, türkoloq alim, tərcüməçi
Həmid Nitqi Aytan tanınmış alim, incə ruhlu şair və alovlu publisist idi. Ustadı Həbib Sahirin yolunu ugurla davam etdirib. H.Nitqinin sərbəst şeirləri Güneydə müasir şeir anlayışının yaranmasına böyük təsir göstərib, beləliklə, müasir türk şeiri cərəyanının nümayəndələri arasında görkəmli yer tutub.
Həmid Nitqi uzun müddət elmi ədəbi-bədii, yaradıcılıqla yanaşı, publisistika ilə də məşğul olmuşdur. Türkologiya, ədəbiyyat və tarixlə də yaxından maraqlanan H.Nitqi bir sıra dərs vəsaitlərini, elmi əsərləri ərsəyə gətirmiş, tərcümə işinə böyük əmək sərf etmişdir.
Həmdi Nitqi 1935-ci ildən İranda çıxan müxtəlif qəzetlərdə ictimai-tarixi, pedaqoji mövzulu yazılar və şeirlərlə çıxış emişdir. Şairin ilk şeiri 1935-ci ildə Təbrizdə farsca çıxan “Şahin” qəzetində çap olunmuşdur.
İranda onun türk və fars ədəbiyyatından bəhs edən əsərləri, həmçinin hekayələr kitabı nəşr edilmişdir. Həmid Nitqi “Hər rəngdən” (Təbriz,1995), “Hər rəngdən-dünəndən bu günə” (Ankara,1996), “Min ilin sonu” (Ankara,1999), “Seçilmiş əsərlər” (Bakı,2006), “Başlanğıc” (Tehran, 2006) kimi kitabların müəllifidir.
Farsca yazdığı hekayələri “Şərab caddəsi” adı ilə nəşr olunmuşdur. Müxtəlif jurnallarda yayımlanan məqalələri isə "Üfüqdə ulduzlar" kitabında toplanıb.
Həyat və yaradıcılığını Doktor Cavad Heyət, Fərzanə Dövlətabadi, Pərvanə Məmmədl, Eynulla Mədətli və digər ədəbiyyatşünaslar araşdırıblar.
Doktor Həmid Nitqi Güney Azərbaycanda yazı qaydaları, ədəbi-bədii dil məsələləri üzərində uzun müddət çalışmış, başqa həmkarlarının da rəyini nəzərə almaqla “İmla qaydaları” adlı əsərini (“Varlığ”ın əlavəsi kimi) nəşr etdirmişdir. O, Quzeydə artıq sınaqdan çıxmış imla prinsiplərinə istinad etməklə ərəb əlifbasının özünəməxsusluğu əsasında Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir sistem yaratmağa nail olmuşdur.
Tərcümə sahəsində onun ən böyük işlərindən biri “Atatürk” adlı kitabı türkcədən farscaya çevirməsi olmuşdur. Bununla yanaşı, türkiyəli elm adamı Ali Nihat Tərlanın Naili haqqındakı əsərini, “Çuqa zənbil”, “Qadın məsələsi” əsərlərini də farscaya çevirmişdir. H.Nitqi bir il boyunca Abadan radiosunda söhbətlər aparmış və bu söhbətləri “Qara taxta” adlı kitabında toplamışdır. H.Nitqinin yaradıcılığı çoxşaxəli idi. O, uzun müddət jurnalistika ilə yanaşı, elmi və bədii yaradıcılıqla da məşğul olmuşdur. Türkologiya, ədəbiyyat və tarixlə də yaxından maraqlanan H.Nitqi “Yönətiçilik və xalqla ilişkilər”, “Dünyanın ən güclü 25 qəzeti”, “Sosial ilişkilər üzərinə”, “İnandırma, təbliğat və reklamçılıq” və başqa dərs vəsaitlərini, elmi əsərləri ərsəyə gətirmişdir.
Həmid Nitqi 1925-ci ildən sonra yaşadığı ölkədəki məlum səbəblərdən Pəhləvilərin göstərişi ilə yazılan rəsmi tarixləri qəbul etməmiş və bunların təhrif olunmuş fikirlərlə dolu olduğunu və sifarişlə yazıldığını bildirmişdir. Şair “Veqaye-nevis” adlı şeirində belə üzdəniraq “veqaye-nevis”ləri ifşa etmişdir:
Sifarişlə işləyən "Veqaye-nevis"
Tarix adı ilə ortada gəzir,
Tökülmüş qanlarda balıqtək üzür,
Ərbabı-cəllada qəsidə düzür.
Şair bu şeirdə Azərbaycan xalqının tarixi problemlərinə işarə edib milli kimlik məsələsini vurğulamışdır. Bu problemlərin mənşəyi 1925-ci ildə Pəhləvilərin apardığı xalqları əritmə siyasəti nəticəsində bilərəkdən tarixi bilgilərin saxtalaşdırılmasından qaynaqlanmışdır. Bu siyasət nəticəsində İranda yaşayan türkləri, eləcə də qeyri-farsları öz tarixlərini və kimliklərini bilməyən bir xalqa çevirib assimilyasiyaya ugratmağa çalışmışlar.
Dilçi alim hakim rejimin mənəvi varlığımızın əsası olan dilimizə və milli istəklərə qarşı apardığı siyasətə etiraz edib “Ovsun” şeirində yazırdı:
Məni ovsunladılar, dilimi bağladılar.
Qaçdımsa, yetişdilər, nə əkdimsə, biçdilər…
Utandım öz-özümdən, sazımdan və sözümdən,
Ayrılalı əslimdən öksüz və köksüz qaldım.
… Açılmasa dilim,
kim biləcək mən kiməm?
H.Nitqinin şeirlərində verdiyi mesajlardan biri də budur ki, dilini, milli kimliyini, tarixini itirmiş xalq mənən özündə bir boşluq hiss edir və hər zaman axtarışda olur. “Kimliyimiz” şeirində şair uydurulmuş tarixləri deyil, real, gerçək tarixləri araşdırmaq gərəkliyini ifadə etmişdir. H.Nitqi şeirlərində azərbaycanlıların soy-kökünə yönəlmiş qərəzli hücumları da xatırladır, ölkədəki ictimai sıxıntının, təqib və təzyiqlərin hələ də aradan götürülmədiyinə işarə edirdi:
Hələ də adımı çəkə bilmirəm,
Hələ də kimliyim qırx qat boğçada,
Əfsunlarla düyünlü gizlin saxlanır,
hələ də qardaşım bərkə düşəndə
əslini danır…
Türk və Azərbaycan şeirinin poetik imkanlarından yaradıcılıqla bəhrələnən Həmid Nitqinin poetik təhkiyəsi üsyankarlığı ilə Cənub şeirində yeni idi.
H.Nitqi 1989-cu ildən Böyük Britaniyanın Edinburq Universitetinin “İslam və Orta Şərq Araşdırmaları” bölümündə çalışmışdır.
O, 1999-cu ildə uzun sürən xəstəlikdən sonra Böyük Britaniyada vəfat etmiş, Türkiyə torpağında dəfn edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(03.04.2026)


