Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
1 aprel yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976) İsa Hüseynovun (İsa Muğannanın) ruhunun Tanrıya qovuşduğu gündür. Bu gün onun ruhunu ehtiramla yad edirik.
Bəlkə də bəziləri İsa Muğannanın dərin məzmunlu əsərlərinə tam bələd deyil. Amma onun qələmindən filmə çevrilmiş “Tütək səsi”ni tanımayan yoxdur. Böyükdən-kiçiyə hamının sevdiyi bu filmin ssenarisi məhz onun yaradıcılığının məhsuludur.
İsa Muğanna (Hüseynov) 1928-ci ilin 12 iyununda Qazax qəzasının Muğanlı kəndində anadan olub. Doğma kəndinin havasından, suyundan bəhrələnən dahi yazarın bir çox əsərləri fəlsəfi məzmun daşıyır. Ən azı onun “Məhşər” və “İdeal” romanları dünyanı fəth etməyə layiq əsərlərdir.
Hər kəs bu ömrü yaşayır və bu həyatdakı rolunu tamamlayaraq dünyadan köçür.
Amma kimlərin izi qalır?
Məşhur bayatıda deyildiyi kimi:
"Tikmədim, özüm qalam,
Tikdim ki, izim qala".
Bir abzas öncə qeyd etdiyim kimi insan bu dünyadakı missiyasını tamamlayaraq Tanrıya qovuşur. Çoxları zamanla unudulur. Bəs kimlər qalır?
İz qoyanlar - yəni özündən sonra böyük mənəvi miras buraxanlar.
Bir yazıçının ucaltdığı ən möhtəşəm abidə onun ruhundan süzülüb gələn, qəlbinin məhsulu olan əsərləridir. Dahi yazar İsa Muğannanın yaradıcılığı da bu gün bizim üçün onun qoyub getdiyi mənəvi xəzinədir.
Xalq arasında dolaşan “Xan əfsanəsi”ndə də deyildiyi kimi, bir insanı fiziki olaraq məhv etmək olar, lakin o insanın yetişdirdiyi davamçıları varsa, o heç zaman unudulmur. Bəs şagirdlər həmişə canlı insanlarmı olur? Məncə, xeyr. Müəllim necə biliklərini şagirdinə ötürürsə, yazıçı da düşüncələrini öz əsərlərinə həkk edir. Nə qədər ki, bu “şagirdlər” - yəni əsərlər yaşayır, müəllif də yaşayır.
Bu mənada dahi yazarın 60-cı illərin əvvəllərində qələmə aldığı “Doğma və yad adamlar”, “Yanar ürək” romanları, “Teleqram”, “Tütək səsi”, “Kollu koxa” kimi pyes və hekayələri onun mənəvi varlığını yaşadan nümunələrdir.
Yazarın yaradıcılığında kənd mövzusu və bu mühitdən doğan problemlər xüsusi yer tutur. İsa Hüseynovun “Məhşər” və “İdeal” əsərləri kəskin sosial ziddiyyətlərin fonunda psixoloji sarsıntılar yaşayan intellektual insanların mənəvi aləmini ədəbiyyata gətirən nümunələrdir.
O, yalnız kənd həyatını təsvir etməklə kifayətlənmirdi. Yazıçının qələmə aldığı kənd mühiti əslində dünyaya açılan bir pəncərə idi. O, həyatın əbədi sualları - olum və ölüm, tərəqqi və tənəzzül, kamillik və nadanlıq haqqında düşünür, fəlsəfi nəticələrə gəlir, daxili monoloqlar vasitəsilə dərin psixoloji problemləri işıqlandırırdı. Bu dərinlik onun qəhrəmanlarının mənəvi dünyasını daha dolğun təsvir etməyə və əsərlərində güclü psixologizm yaratmağa imkan verirdi.
Sonda təəssüflə qeyd edim ki, İsa Muğanna həqiqətən də ədəbiyyat dahisi idi, heyif ki, daha çoxunu etməyə və daha çox tanınmağa imkanı olmadı.
“Ədəbiyyat və incəsənət”
(01.04.2026)


