“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Həbib Sahir (1903-1987) – tanınmış şair, yazıçı, tərcüməçi
Güney Azərbaycanın tanınmış simalarından olan Mir Həbib Qəvami Sahir poeziyaya yeni ruh, yeni biçim tərzi gətirən şairdir. Təbrizli Həbib Sahir ali təhsil ardınca Türkiyəyə getmişdi. İstanbul ədəbi mühiti, Cəlal Sahiri,Tofik Fikrəti, Şarl Bodleri sıx-sıx mütaliəsi, eləcə də Türkiyə ədəbiyyatına, fransız dilinə və ədəbiyyatına bələdliyi və vurğunluğu sonralar onun çağdaş Güney Azərbaycan ədəbiyyatında modernist bir şair kimi tanıtdırdı. Həbib Sahir daha çox hisslərlə yüklənmiş şeirlər yazmağa çalışırdı. Onun “Səhər işıqlanır”, “Kövşən” və s. kitablarındakı əsərləri bunun parlaq nümunəsidir.
Sahir Təbrizdə yaşadığı illərdə farsca “Şaqaiq” (Salxımlar), “Sayəha” (“Kölgələr”), Zəncanda isə “Əfsaneye-şəb” (“Gecə əfsanəsi”), “Huşəha” (“Budaqlar”), “Əsatir” (“Miflər”) və türkcə “Lirik şeirlər” adlı kitablarını nəşr etdirmişdir.
Ana dilində yazdığı ilk şeir kitabı “Lirik şeirlər” 1965-ci ildə çap olunub.
Ana dilini sonsuz məhəbbətlə sevən şair yazırdı:
“Türkcə yazdım, şirinləşdi sözlərim”,
“Cəvahirmiş şeir türkü dilində”...
Həbib Sahir yeni şəkil və formalar axtarışında olan yenilikçi bir şair idi.
Ədib “Yanan yaşıl”(1388-2009), Lirik şeirlər(Tehran, 1967), “Saralan arzular” (1977), “Kövşən”(Tehran,1979),“Səhər işıqlanır” (1358-1980), “Sönməyən günəş”(klassik fars poeziyasından tərcümələr), “Mənzum türk ədəbiyyatı şeirləri” antologiyası( Tehran,1979), “Seçilmiş əsərlər” (Bakı, 2005), “Arzu-Qənbər” (Bakı, 2007 ), “Yanan yaşıl”(2008) kimi kitabların müəllifidir.
Sahirin ən son əsərlərindən biri fars dilində yazdığı və 1977/1356-cı ildə çap olunmuş “Mənzum türk ədəbiyyatı şeirləri” antologiyasıdır (“Nümünəhaye əz ədəbiyyate mənzum türk”). O bu kitabda Orxon daş yazılarından başlayaraq günümüzə qədər müxtəlif çoğrafiyalarda yaşayıb-yaradan çağdaş türk yazarlarının əsərlərindən örnəklər vermişdir.
Sahir hər zaman İranda yaşayan türk xalqının varlığı, dili və mədəniyyətinin müdafiəçisi olmuşdur.
Sahirin şeirlərini ilk dəfə təhlilə cəlb edən tanınmış yazıçı Hüseyn Mehdi olmuşdur. 2000-ci ildə filologiya üzrə elmlər namizədi Vəfa Əliyev “Hürriyyət fədaisi “monoqrafiyasında 2005-ci ildə ”Bizdən salam olsun gözəl Təbrizə” şeir toplusunda şairin poetik irsini tanıtdırmağa çalışmışdır. V. Əliyevin tərtibində və P.Məmmədlinin ön sözü və redaktorluğu ilə Həbib Sahirin “Seçilmiş əsərləri” kitab halında 2005-ci ildə Bakıda çapdan çıxmışdır. 2007-ci ildə Bakıda ədibin “Arzu-Qənbər” adlı əsəri P.Məmmədlinin tərtib və ön sözü ilə nəşr olunmuşdur. İranda və Türkiyədə də tədqiqatçılar onun şəxsiyyəti və yaradıcılığı ilə bağlı məqalələr yazmışlar.
H. Sahir “Sönməyən günəş” (klassik fars poeziyasından tərcümələr) adlı tərcümə kitabında farsdilli klassiklərin əsərlərini Azərbaycan türkcəsinə çevirmişdir.
Bundan başqa, o, fransızca şeirlər, ərəbcə kiçik hekayələr də yazıb..
Şairin payıza həsr etdiyi “Payız tablosu” şeiri daha çox impressionist rəssamların yaratdığı, təbiətdə bənzəri olmayan xəyali rəngləri xatırladır:
Xəzan çağı qızıl günəş odlanıbdır.
Ağacların yarpaqları min bir rəngə boyanıbdır.
Hər yarpağın bir rəngi var: sevgi rəngi,
Həsrət rəngi, tutqun, tozlu qürbət rəngi.
Xəzan çağı yel əsərkən yağır yarpaq,
Ölgün yarpaq talanıbdır qalaq-qalaq.
Həbib Sahir bədii əsərlərində xalqının taleyindən, real həyatdakı səhnələrdən sadə əmək adamlarından – xalça toxuyan qızların acı taleyindən, əkinçilərin ağır işindən, xalqının qayğılarla dolu həyatından və ağır günlərindən ürək ağrısı ilə yazırdı. Lakin ana təbiətin əsrarəngiz gözəllikləri, al-əlvan mənzərələrini vəsf edən zaman şair sosial məzmunlu şeirlərindən fərqli olaraq, daha nikbin və ümidli görünürdü.
H.Sahirin “Əsir ellərin şairiyəm” adlı şeiri diktaturaya, istibdada qarşı yönəlmiş açıq üsyan idi:
Qovalarkən məni hərgün möhlət,
Qapımı döyməkdədi hər gecə qəm.
Hər azadə elin şairi var,
Mən əsir ellərimin şairiyəm...
Həbib Sahir İranın uzaq tarixinə nəzər salıb onu idarə edən türksoylu sülalələrin, İranın müdafiəsi üçün candan belə keçən azərbaycanlı oğulların xidmətlərini xatırladıb yazırdı:
Türk şahları olmasaydı,
Daş daş üstə qalmaz idi.
İran adlı məmləkəti
Tarix yada salmaz idi.
Qeyd etmək lazımdır ki, Sahir açıq siyasətlə məşğul olmamış, yalnız öz şeirləri ilə xalqa əhəmiyyətli xidmət göstərmişdir. Sahirin təbiət və sevgi lirikası nə qədər romantik idisə, onun sosial-ictimai mövzulu əsərləri bir o qədər realist mahiyyət daşıyırdı.
Sahirin çap olunmamış əlyazmaları çoxdur. Son illər güneyli aydınlar -Hüseyn Güneyli və Rəsul Yunan onun əlyazmalarını üzə çıxarıb “Turuz” saytında yerləşdiriblər.
Onun şeirlərində ağrı emosional nümayiş deyil, içdən gələn dayanma halıdır. Sahirin şeirlərində kədər sındırmır – möhkəmləndirir. Bu xüsusi olaraq onun lirikasında görünür: misralar qısa, ritm sıx, söz isə son dərəcə yığcamdır. Sahir poetik sözü gündəlik emosiyanın təsiri altına düşməyə qoymur; o, kədəri bədii düşüncənin ağır mərkəzinə çevirir. Buna görə də onun yaradıcılığı sakit, lakin dərin dirəniş səsi kimi oxunur.
Həbib Sahir bir realist şair kimi dövrün, cəmiyyətin aktual problemlərini, ağrı-acılarını ürək yanğısı ilə təsvir etmişdir. Onun şeirlərini Cənubi Azərbaycanın XX əsrdə apardığı mübarizənin, çəkdiyi iztirabların, faciələrin bədii salnaməsi adlandırmaq olar.
Sahir şeirlərində fikirlərini yığcam, lakonik və bəzən də epik növə xas olan vasitələrlə ifadə edə bilirdi. Bəlkə, elə bu cəhət onu nəsrdə də qələmini sınamağa sövq etmişdi. Şeirlərində olduğu kimi, hekayələrində də ədalətsizliyə, haqsızlığa və zülmə qarşı kəskin çıxış edirdi.
Fəaliyyətinə görə dəfələrlə sürgün olunub. İran İslam İnqilabından sonra özünü asaraq intihar edib.
“Ədəbiyyat və incəsənət”
(31.03.2026)


