Bu dünyadan bir Davud Nəsib keçdi... - ANIM GÜNÜ Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ürəyində Vətən varsa,

Güc olacaq qollarında.

Hara getsən, hara varsan,

Şam yanacaq yollarında.

 

Nə hikmətdir, bu, nə sirdir?-

Bir nemətdir vətən eşqi.

Qanımız da Vətən deyir.

Canımız da Vətən deyir…

  

Belə deyirdi Vətən sevdalı şair - Davud Nəsib.

Bu gün onun anım günüdür – vəfatından tam 23 il ötür.

Onu duymaq üçün oğlu Xəyalın söylədiyi bir əhvalatı dinləmək lazımdır. Bilgəhdə yeni bağ evi alan ailə həyətdə səliqə-sahman yaratmaq istəyir, qurumuş otları da yandırır. Bu zaman bir quşun yuvası və oradakı balaları da yanır. Ondan sonra, yəqin ki, həmin balaları dünyaya gətirən iki quş hər gün eyvana gələr, oradan "ağılarını" deyərdi. Bu, Davud Nəsibə çox pis təsir elədi. Danışardı ki, "özüm hər zaman ata ocağının həsrətini çəkmişəm, doğma yurddan yazmışam, amma hansısa quşun yuvasını yandırdım".

Sonradan o bağ evini satmalı olurlar. "Bu, mənim atam idi - bir quşun yuvasının dağılmasına dözə bilməyən adam...", -deyir Xəyal.

Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax şəhərində anadan olub. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlayıb. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olub.

SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirib. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfindən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunub. 1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləyib.

Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirib. Sonra Bakıya qayıdıb, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olub, sonra burada poeziya şöbəsinə rəhbərlik edib. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü olub.

 1978–1980-ci illərdə Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olub. ÜİLKGİ — XVU qurultayına nümayəndə seçilib. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-nin Fəxri fərmanlarına layiq görülüb.

 

Kitabları

1. Gözüm səni axtarır

2. Dağlar danışsaydı

3. Məhəbbət yolları

4. Ürək sözsüz danışır

5. Ümid qatarı

6. Bizdən sonra yaşayanlar

7. Əsrin laylası

8. Azərbaycan bayatısı (şeirlər və poemalar)

9. Dünya bir körpüdür

10. Karvan gedir

 

İkinci Dünya müharibəsində atasını itirən Davud Nəsibin ağlına da gəlməzdi ki, qismətinə daha bir savaş, müharibə də yazılıb. Həm də öz evinin, öz yurdunun içində olacaq bu savaş - Qarabağ savaşı. Vətən, yurd, torpaq adlı o böyük həqiqətləri və ağrı-acıları həm şeirlərində, həm nəsr əsərlərində eyni uğurla qələmə alıb.  

Ürəyini boşaltmaq və tarixi həqiqətləri oxuculara daha geniş və maraqlı bir formada çatdırmaq üçün publisistikanın, nəsrin imkanları ona daha geniş və cəlbedici görünürdü. Bu baxımdan həyatının 20 ilindən çoxunu həsr etdiyi "Cavanşir" (2000) və "Cavanşirsiz məmləkət" (2002)  romanlarının meydana gəlməsini özünüifadənin sadə bir forması kimi qiymətləndirmək, ən azından, bir günah olardı.

O, bu əsərlər üzərində çalışarkən müxtəlif arxivlərə baş çəkir, saysız-hesabsız mənbələri araşdırmaqla məşğul olurdu. Bu işdə akademiklər Ziya Bünyadov, Budaq Budaqov, professor Qiyasəddin Qeybullayev onun ən yaxın dostlarına və yol göstərənlərinə çevriliblər. Onların faktlarla, sənədlərlə elmi ictimaiyyətə təqdim etdikləri həqiqətləri Davud Nəsib bədii təxəyyülün gücü ilə daha yüksəkliklərə qaldırmağa çalışır və buna bir sənətkar kimi nail ola bilirdi.

O, bu əsərlər üzərində elə həvəslə, elə əzmlə, elə inadla çalışırdı ki, sanki vaxtın və əcəlin səbirsizliklə onu gözlədiyini bilirdi. Elə bu əsərlərin ardınca - 2003-cü ildə bir maşın qəzasında Davud Nəsibin dünyasını dəyişməsinə də təsadüf kimi baxmaq olmaz. Zatən onun içindəki qəza çoxdan baş vermişdi…

Yazıçı-publisist Bəxtiyar Qaraca yazır:

“Nədən və hardan qaynaqlanırdı şairin bitib tükənməyən bu ağrı-acıları? Harda başlamışdı və harda gözləyirdi bu qəza? Bunun üçün müəllifin son əsərlərini bir də oxumaq məsləhətdir. Davud Nəsibin VII əsrdə yaşamış böyük, qüdrətli Alban hökmdarı, sərkərdəsi Cavanşirin qəhrəmanlıqla zəngin, keşməkeşli, faciəli həyat və fəaliyyətindən bəhs edən "Cavanşir" və "Cavanşirsiz məmləkət" tarixi romanlarını təkrar vərəqlədikcə Aristotelin söylədiyi bir həqiqət yada düşür:

"Poeziya yalnız zahiri əlamətlərin, hadisələrin təsviri deyil. O tarixdən daha ciddi və fəlsəfidir. Çünki tarix olan şeyləri göstərirsə, poeziya ola biləcək şeyləri də göstərir." Məhz bu mənada Davud Nəsibin həm də  vətəninə bağlı, yurd həsrətli bir ziyalı kimi tarixdən, olub keçənlərdən danışarkən daha qabağa gedərək olacaqları da göstərməyə çalışmaq istəyi anlaşılandır.

Əsərdəki hadisələr o qədər canlı və sadə bir dillə təqdim olunur ki, baş verənlər hər dəfə bir kinolenti kimi göz önündə canlanır, oxucu sanki həmin dövrün və təlatümlərin iştirakçısına, şahidinə çevrilir. Mövzudan yayınmamaqla qeyd etməyə dəyər ki, tariximizin çox maraqlı bir dövrü - Albaniya dövrü, Cavanşir obrazı Davud Nəsibin qələmində sanki özü gözəl bir bədii-sənədli filmin ortaya qoyulmasını tələb edir.”

 

Qeyd edək ki, Davud Nəsibin ölümündən bir il əvvəl tamamladığı hər iki əsərin bu ağrı-acılı kəlmələrlə bitən sonluğunu onun bizə öz vəsiyyəti kimi də qəbul etmək olar. O, bugünkü nəsli Bakurun məzarını taparaq qolundakı paslı zənciri qırmağa çağırırdı:

 "...Əgər o paslı zənciri axtarmaq fikrinə düşsəniz, əvvəl-əvvəl qəlbinizə nəzər salın, özünüzə qarşı zərrə qədər şübhə yaransa, onda bu işdən vaz keçin.O ürək sahibi - ad-san, şan-şöhrət, var-dövlət hisslərindən, hərisliyindən kənar olub, təkcə torpaq eşqi, vətən məhəbbəti yaşatmalıdır içərisində.

Bir məmləkətin, bir xalqın tale-tarixini araşdırmaq istəsəniz, yenə də heç bir qiymətə gəlməyən, ölçüyə sığışmayan milli dəyərlərə arxalanmağı unutmayın. Onda bu müqəddəs duyğularla Dəməşqin, İçmiəzdinin, Matandarının gizli saxlanılan ağzıbağlı arxivlərinə baş vurmağa çalışın. Torpağının, xalqının danışan dilini sandıq-sandıq daşıdılar vaxtilə.

 Dədəm Qorqudun da öz dövründə Alban-Oğuz əlifbasında qələmə alınan dastanın ilk nüsxəsini də tapa bilərsiniz həmin yerlərin birində... Bu günə qədər buraxdığımız səhvləri bu gündən səbirlə, ifcin-ifcin düzəldib yerinə qoymalıyıq... bu sözlər yalnız və yalnız bu yurdu, bu xalqı canından artıq istəyənlərə aiddir".

Bəli, bu əsərlərin tamamlanmasından tam 1 il sonra - 2003-cü il martın 26-da Davud Nəsib qəzaya uğrayıb dünyasını dəyişdi. Özündən sonra ölməz əsərlərini, övladlarını, bir də bir dünya xatirə qoyub getdi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.