Sözün sehri: Şair Səddam Laçınla müsahibə Featured

Elnaz Orucova,

BDU Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi.

“Ədəbiyyat və incəsənət”

 

Səddam Laçın imzası gənclərə sosial mediada öz kitabından şeirlər səsləndirməsi və kitabının satışını təşkil etməsindən sonra tanındı. Gənc şair bu münvalla böyük oxucu auditoriyası tolamağı, xeyli kitab satmağı da bacardı. Mən biləni, hətta ilk kitabının nüsxələrini satıb qurtarıb təkrar nəşrə də getdi.

 

Müasir poeziyamızın səmimi imzalarından biri, misraları ilə oxucunun ruhuna toxunmağı bacaran şair Səddam Laçınla  Bərdə Kitab Evində görüş keçirildi.  Onunla yaradıcılığın çətin yollarından, şairlik taleyindən və sözün gücü haqqında danışdıq.

 

"Adımı çəkirəm ki, qulaqlar öyrəşsin"

– Səddam bəy, tədbirlərdə öz şeirlərinizi səsləndirərkən adınızı xüsusi vurğulayırsınız. Bu, bir növ imza qoymaq istəyidir?

–Bilirsiniz, sənət aləmi elədir ki, bəzən sözün müəllifi kölgədə qalır, misralar isə dildən-dilə gəzir. Mən çıxışlarımda adımı xüsusi qeyd edirəm ki, bəlkə zahirən hamı məni tanımasın, amma heç olmasa qulaqları adıma öyrəşsin. İnsanlar bilsin ki, bu duyğuların arxasında Səddam Laçın imzası dayanır. Adın tanınması sənətkarın yolu üçün vacibdir.

 

"Sənətin pisi yoxdur, sənətkarın pisi var"

– Sizcə, istəyən hər kəs şair ola bilər? Sənətdə meyarınız nədir?

– Mənim bir qənaətim var: Sənətin pisi yoxdur, sənətkarın pisi var. Sənət özü ucadır, amma ona yanaşan adamın istedadı hər şeyi dəyişir. Hər adam şair ola bilməz. Şairlik sonradan öyrənilən bir peşə deyil. Şair doğulmaq lazımdır. Sözü hiss etmək, o dərdi yaşamaq hər kəsin işi deyil. Bu, bir taledir.

— Maraqlıdır, elə bir şeiriniz varmı ki, onu yazmısınız, amma hələ də çap etdirməyə tələsmirsiniz?

– Əlbəttə, var. Hər şairin elə gizli küncləri olur ki, oradakı sözlər hələ tam bərkiməyib və ya şəxsi olduğu üçün gizli qalması daha məsləhətdir. O şeirlər mənim üçün bir növ "sandıq ədəbiyyatı"dır, vaxtı gələndə özü gün üzünə çıxacaq.

 

Gənc jurnalistlərə məsləhət: "Praktika hər şeydir"

-Mən BDU-nun jurnalistika fakültəsinin tələbəsiyəm. Tələbələrimiz üçün öz səmimi fikirlərinizi bildirərsinizmi?

-Oxumaq işin yarısıdırsa, digər yarısı praktikadır. Çalışın, işləyin, sahəyə atılın. Jurnalistika masada yox, həyatın içində, praktikada öyrənilir. Nə qədər çox insanla ünsiyyətdə olsanız, bir o qədər tez püxtələşərsiniz".

 

P.S

Sonda bir daha qeyd edək ki, Səddam Laçınla söhbət Bərdə Kitab Evinin sakit və yaradıcı atmosferində baş tutub.  Onun hər cavabında sözə olan sevgisini və sənətkar məsuliyyətini hiss etmək çətin deyil. Ümid edirik ki, bu səmimi söhbət həm poeziyasevərlər, həm də gənc qələm dostlarımız üçün maraqlı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.