Sevinc və kədərin, ümid və ümidsizliyin, vəfanın və xəyanətin dili - POEZİYA Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün insanlar öz həyatlarının müxtəlif tərəflərini ifadə etməyə çalışır. Hisslər, düşüncələr və yaşadıqları anlar sözlərlə paylaşılır. Bəzən insanlar illərlə danışmaq istəmədiklərini danışır, bəzən isə yaşadıqları vəziyyətləri daha dərindən düşünürlər. Hər kəs həyatın fərqli yönlərini fərqli şəkildə qəbul edir və onu ifadə edir. Sevgi, həsrət, dostluq, itki və ümidsizlik kimi mövzular gündəlik həyatın ayrılmaz hissəsidir. Bəziləri üçün sevgi xoşbəxtlik və birlik deməkdir, bəziləri üçün isə ayrılıq, xəyanət və gözləntilərin puç olması ilə bağlıdır.

 

Poeziya elə bir sehrdir ki, bir neçə misra ilə insanın qəlbinə toxuna bilir. Elə misralar var ki, illərlə deyilməyən sözləri əvəz edir.  Leylilərin Məcnunu gözlədiyi, aşiqin sevgisini sözlərlə təsvir etdiyi, Xosrovun Şirinə olan məhəbbətinin dillərə dastan olduğu bu dünyada poeziya sadəcə ədəbiyyat deyil, həyatın özüdür.  Bəzən bir şeir insanın bütün həyat hekayəsini danışa bilir. Elə buna görə də deyə bilmədiyimiz sözləri şeirlərdə tapır, yaşaya bilmədiyimiz hissləri misralarda yaşayırıq. Hər kəs poeziyanı eyni cür qəbul etmir. Bəziləri üçün şeir sadəcə söz yığınıdır, lakin elə insanlar var ki, poeziya onların həyatının ayrılmaz hissəsidir. Onlar üçün hər misra bir hiss, hər bənd bir həyat parçasıdır.  Azərbaycan poeziyası isə əsrlər boyu böyük şairlərin sözləri ilə zənginləşib. Nizami Gəncəvinin ölməz əsərləri, Məhəmməd Füzulinin dərin lirizmi, Molla Pənah Vaqifin həyat dolu şeirləri, Molla Vəli Vidadinin fəlsəfi düşüncələri bu poeziyanın təməlini formalaşdırıb. Daha sonra Mirzə Ələkbər Sabirin kəskin satirası, Bəxtiyar Vahabzadənin vətənpərvər ruhu, Məmməd Arazın duyğusal misraları poeziyamıza yeni nəfəs gətirib.Eyni zamanda Nəriman Həsənzadə, Rəsul Rza, Süleyman Rüstəm, Cabir Novruz, Nəbi Xəzri, Fikrət Qoca, Ramiz Rövşən kimi söz ustadları poeziyanı daha da zənginləşdirərək onu müasir dövrə daşıyıblar. Anar və İlyas Əfəndiyev kimi ədiblər də poetik düşüncənin inkişafına öz töhfələrini veriblər.

 

 

Poeziya zaman keçdikcə dəyişsə də, onun mahiyyəti dəyişmir- insan ruhuna toxunmaq... Bu gün də şeir yazılır, hisslər misralara çevrilir və yeni nəsil şairlər bu ənənəni davam etdirir.

Qeyd edək ki, hər şair eyni hiss etmir, eyni düşünmür, eyni yazmır. Elə poeziyanın gözəlliyi də buradadır, müxtəlif baxışların, fərqli hisslərin, bir-birinə bənzəməyən düşüncələrin eyni məkanda, eyni söz sənətində toplanması.

Bəziləri üçün eşq ilahi bir duyğudur, ucalıqdır, insanı kamilliyə aparan bir yoldur, ruhun saflaşmasıdır. Nizami Gəncəvi eşqi məhz bu ucalıqda görürdü və belə deyirdi:

 

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?!

Eşqin qulu ol ki, doğru yol budur,

Ariflər yanında, bil, eşq uludur.

Bu dünya eşqdir, qalan fırıldaq,

Eşqdən başqa şey boş bir oyuncaq.

Eşqsiz olsaydı xilqətin canı

Dirilik sarmazdı böyük cahanı.

Eşqsiz bir adam bir neydir - qırıq,

Yüz canı olsa da, ölüdür artıq.

Eşqsiz bu dünya soyuq məzardır,

Ancaq eşq evində rahatlıq vardır.

Eşqin yanğısından gözəl şey nə var?

Onsuz nə gül gülər, nə bulud ağlar.

 

Lakin poeziyada hər kəs bu qədər nikbin, bu qədər ümid dolu, bu qədər eşqi ucaldan mövqedə dayanmır. Bəziləri eşqi insanı zəiflədirən, onu özündən alan, bəzən isə rüsvay edən bir hiss kimi görür. Əbdülxaliq Yusif eşqə daha sərt, daha realist və bir qədər də acı yanaşaraq yazırdı:

 

Dolmasın əşk ilə çeşmim, edə bilsəydim əgər,

Özümü boş yerə rüsvayi-cahan etməz idim.

Baxa bilsəydim əgər qönçəyə sənsiz, bu qədər,

Fikri-ləlinlə dəxi bağrımı qan etməz idim.

Bilməsəydim var əgər tiri-məlamət Yusif,

Könlümü talibi-əbruyi-kaman etməz idim.

 

Sevgini daha real, daha həyatın içində, daha canlı və hiss olunan şəkildə təsvir edənlər də var. Molla Pənah Vaqif sevgidə yalnız daxili hissləri deyil, eyni zamanda gözəlliyi, cazibəni, zahiri incəliyi də poetik dillə ifadə edirdi:

 

Boyun sürahidir, bədənin büllur,

Gərdənin çəkilmiş minadan, Pəri!

Sən ha bir sonasan, cüda düşübsən

Bir bölük yaşılbaş sonadan, Pəri!

 

Amma hər sevgi qovuşmaq deyil, hər sevgi xoşbəxt sonluqla bitmir, hər sevgi gülüşlə yadda qalmır. Bəzən sevgi ayrılıqdır, həsrətdir, içdə qalan sözlərdir, deyilməyən cümlələrdir, yarım qalan hekayələrdir. Molla Vəli Vidadi ayrılığı belə dilləndirirdi:

 

Xeyli vaxtdır ayrılmışıq yar ilən,

Gördük, amma tanışmadıq, ayrıldıq.

Qaldı canda gizli-gizli dərdimiz,

Bircə kəlmə danışmadıq, ayrıldıq.

Qərib-qərib durduq biganələr tək,

Soyuq-soyuq baxdıq divanələr tək.

Dönmədik başına pərvanələr tək,

Eşq oduna yanışmadıq, ayrıldıq.

Yarım saat bir arada qalmadıq,

Eşq atəşin canımıza salmadıq,

Yalvarıban yarın könlün almadıq,

Elə getdi, barışmadıq, ayrıldıq.

 

Bəzən isə eşq yalnız ayrılıq deyil, həm də xəyanətdir, vəfasızlıqdır, gözləntilərin puç olmasıdır, insanın inandığı hisslərin darmadağın olmasıdır. Məhəmməd Füzuli bu acını belə ifadə edirdi:

 

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,

Eşq afəti-can olduğu məşhuri-cahandır!

Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!

Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!

Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,

Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!

Yaxşı görünür surəti məhvəşlərin, əmma

Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!

Eşq içrə əzab olduğun ondan bilirəm kim,

Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!

Yad etmə qara gözlülərin mərdümi-çeşmin,

Mərdüm deyib aldanma kim, içdikləri qandır!

Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"

Aldanma ki, şair sözü, əlbəttə, yalandır.

 

Amma Füzuli üçün eşq yalnız tənqid, yalnız şikayət, yalnız acı sözlər deyildi. Eşq eyni zamanda gözləmək idi, səbir idi, yanmaq idi, gecələr boyu düşünmək idi, cavabsız qalan suallarla yaşamaq idi:

 

Məni candan usandırdı, cəfadan yar usanmazmı

Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.

Neçün qilmaz mənə dərman, məni bimar sanmazmi?

Qəmim pünhan tutardim mən, dedilər yarə qil rövşən

Desəm, ol bivəfa bilməm, inanarmı inanmazmı?

 

Həyat isə yalnız sevgi deyil, yalnız eşq deyil, yalnız ayrılıq və həsrət də deyil. Poeziya insan həyatının bütün tərəflərini əhatə edir-  vətəni, torpağı, keçmişi, yaddaşı, ana sevgisini, dostluğu, insanın öz iç dünyasını. Rəsul Rza vətən sevgisini belə ifadə edirdi:

 

Xəfif yeldən titrəyən

yarpağına Vətən dedim.

Yanıq, quru,

göy kəklikli,

boz qumrulu

torpağına Vətən dedim.

Dağlarının köpük duman

duvağına Vətən dedim.

Tarixinin

yaxınına,

uzağına

Vətən dedim.

 

Ana mövzusu isə poeziyada ən müqəddəs, ən toxunulmaz, ən dərin mövzulardan biridir. Ana yalnız bir insan deyil- o, mərhəmətdir, fədakarlıqdır, sonsuz sevginin simvoludur, insanın sığınacağıdır. Cəfər Cabbarlı ana haqqında belə yazırdı:

 

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,

Ürək süqut eləməz aldığı mətanətdən.

Ricavü xəvfə məkan vermərəm gər alimlər

Min il də vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,

Və ya ki, vəd edələr dövləti-cahanı mənə

Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,

Əyilmərəm nə ki yer, versələr səmanı genə.

 

Dostluq, itki, susqunluq, deyilməyən sözlər, içdə qalan hisslər də poeziyanın ayrılmaz bir hissəsidir. Rəsul Rza repressiya qurbanı olmuş Mikayıl Müşfiqə həsr etdiyi misralarda sükutu belə təsvir edir:

 

De!..

Susur otaq -

Susur hava.

Susur divar,

Susur tavan.

Susursan sən də!..

Dərdini mən bilirəm,

dilinlə deməsən də.

İztirabı təbəssümünə büküb,

bu uzun illər boyu

sən də gözləmisən…

Yox.

Susursan…

 

Bütün bunlar göstərir ki, poeziya tək bir hissin, tək bir mövzunun, tək bir baxışın ifadəsi deyil. Poeziya həyatın özüdür- sevincin də, kədərin də, ümidin də, ümidsizliyin də, vüsalın da, ayrılığın da, vəfanın da, xəyanətin də dilidir. Çünki poeziya adi insanın deyə bilmədiklərinin ən səmimi, ən təsirli və ən yadda qalan ifadəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.