İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Mən erməni Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim. Mən bu mövsümün altı ayını çalışıb, altı ayını oxudum" – görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadiyə məxsusdur bu xatirə. Bu o dönəmlər idi ki, biz öz elimizdə məcbur qalıb erməni sahibkar üçün çalışırdıq…
Məmməd Səid Ordubadi 24 mart 1872-ci ildə Ordubadda dünyaya göz açıb. Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə dolanıb. Sonralar gözləri tutulan şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçib. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlayıb, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olub. Onun ilk əmək fəaliyyəti isə həmin o erməni köpəkolunun fabrikində baş tutub.
Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində alıb. Şeir və ədəbiyyat maraqlısı olan Mirzə Baxşı Ordubadinin istedadını və oxumağa böyük həvəsi olduğunu görərək ona daha artıq diqqət verib, hətta ondan təhsil haqqı da almayıb. Lakin əsl təhsilini Ordubadi dövrünün qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açmış olduğu yeni tipli məktəbdə — üsuli-cədid məktəbində alıb.
Öz dövrünə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, onun demokratizm və maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynayıb. Məktəbdən kənar vaxtlarını Ordubadi mədrəsəyə gedərək ərəb və fars dillərini, sərf-nəhv və məntiqi öyrənməyə sərf edib.
Dördsinifli şəhər məktəbini bitirdikdən sonra daha oxumağa imkanı olmayan Ordubadi biliyini şəxsi mütaliə yolu ilə artırmaqda davam edib, eyni zamanda fabrik və zavodlarda çalışaraq ailəsini dolandırıb. Əvvəllər siyasi şüuru aydın olmadığından o istismarı və onun səbəblərini hələ dərk etmirsə də, getdikcə istismarçı quruluşun bütün ağırlıqlarını öz üzərində hiss edərək etiraz səsini qaldırmağa başlayıb. Bu barədə xatirələrində yazıb:
“Sağlam bədənim var idi, yorğunluq nə olduğunu bilmirdim. Hər kəsdən əvvəl işə gəlib, hər kəsdən də sonra gedirdim. Zavod sahibi Karapet Babayev də "sağ ol" deyə hey fəaliyyətimi tərifləyirdi. Mən də bundan xoşlanırdım, çünki istismarın və istismarçının nə olduğunu bilmirdim. Mən 1901-ci ildən Rzayevin zavodunda çalışırdım. Rzayev çox böyük istismarçı idi. İşi illik olduğundan bütün əziyyətlərə dözməyə məcbur olurduq. Bu barədə mən bir şeir də yazmışdım:
Qorxuruq küləkdən, qorxuruq yeldən,
Ruzumuz asılmış incə bir teldən.
İşə çağırırlar ulduz batmamış,
İşdən buraxmazlar şəhər yatmamış...”
Sahibkarların zülm və haqsızlıqlarını fəhlələrə başa salıb etiraz çıxışları təşkil etdiyindən Ordubadi tez-tez işdən qovulub və yeni iş yeri axtarmağa məcbur olub. Bu vəziyyət 1907-ci ildə Culfaya köçdüyü zamana qədər davam edib. Culfaya köçməsinə isə onun ədəbi fəaliyyəti səbəb olub. Ordubadi ədəbi yaradıcılığa 14–15 yaşlarından başlayıb. Müəllimləri Mirzə Baxşı və Sidqi onda şeirə, yaradıcılığa olan meyil və həvəsi daha da gücləndirib. Bu barədə o öz xatirələrində deyib:
"Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içərisinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi. Lakin məktəb və şeirləşmə işi özüm də hiss etmədiyim bir surətdə məni şeir yazmağa öyrətdi".
1903-cü ildə "Şərqi-Rus" qəzetində Ordubadinin qəzetin nəşrə başlanmasını alqışlayan şeiri çap olunub. Bu, şairin mətbuatda çıxan ilk əsəri olub. Şeirinin dərc olunması onu ardıcıl olaraq dövri mətbuatda çıxış etməyə həvəsləndirib. Xüsusilə 1905-ci il inqalabından sonra mətbuat səhifələrində onun imzasına tez-tez rast gəlmək olub. İnqilabdan ruhlanan şairin yaradıcılığında yeni dövr başlayıb. O, azadlığa, mütləqiyyət üsuli-idarəsi ilə mübarizəyə çağıran əsərlər yazıb.
Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu şeiri Tbilisidə çıxan "Şərqi-Rus" qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunub. 1906-cı ildə Tbilisidə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabları çap edilib. 1906-cı ilin aprelindən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılıq inkişafına böyük təsir göstərib. Ordubadinin "Politika aləmindən" adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayında çap edilib, beləliklə, o, jurnalın əsas əməkdaşlarından biri olub.
O, Bakıda çıxan "İrşad", "Səda", "Sədayi-həqq", "Tərəqqi", "Tazə həyat" və s. qəzetlərdə, "Tuti", "Babayi-Əmir" jurnallarında da yaxından iştirak edib. 1906-cı ildə şairin "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabçaları çapdan çıxıb. Hər iki kitabda müəllifin maarifçi fikirləri öz əksini tapıb. Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə hökumət dairələrinin Ordubadiyə qarşı şübhələri də artıb.
Nəhayət 1914-cü ilin yanvarında ədib həbsə alınaraq Saritsin şəhərinə sürgün edilib. Sürgün illəri ədib üçün olduqca ağır keçib. Qışın ən şiddətli soyuqlarında yatabla uzaq yol getməsi, həbsxanadan-həbsxanaya aparılması, aclıq, dözülməz sürgün həyatı onun səhhətini pozub. Buna baxmayaraq, imkan tapan kimi Ordubadi vətəndəki dostları ilə əlaqə yaradaraq yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olub.
1914-cü ildə Bakıda ədibin "Bədbəxt milyonçu" və "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" əsərləri çapdan çıxır, daha sonra "Babayi-Əmir", "Tuti", "Qardaş köməyi" və s. jurnal və qəzetlərin səhifəlrrində şeir və felyetonları dərc olunub. Sürgündən Ordubadi 1917-ci il fevral inqilabı nəticəsində azad olub.
Tezliklə bolşevik təşkilatları ilə əlaqəyə girərək o, inqilabi fəaliyyətini davam etdirib. 1918-ci ildə Kommunist partiyası sıralarına daxil olan yazıçı Həştərxanda çalışan Azərbaycan bolşeviklərinin dəvəti ilə Həştərxana gələrək orada "Hümmət" qəzetində əməkdaşlıq edib. "Hümmət" səhifələrində Ordubadinin şeir və məqalələri, "Bolşevizm və aləmi-islam" adlı iri publisistik əsəri dərc olunub.
1920-ci ildə Ordubadi XI ordunun sırasında Dağıstana gəlib, orada mətbəələrin milliləşdirilməsində, poliqrafiya bazasının yaradılmasında fəal iştirak edib, "Qırmızı Dağıstan" qəzetini nəşr etdirib, sonra isə Azərbaycana gəlib. 1920-ci ilin mayında Bakıya gələn ədib böyük bir sevinc və "enerji ilə ədəbi-ictimai işə qoşularaq maarif və mədəniyyətin müxtəlif sahələrində çalışıb. Xüsusən mətbuat sahəsində onun böyük fəaliyyət göstərdiyini qeyd etmək lazımdır.
"Əxbar", "Kommunist", "Maarif işçisi", "Yeni yol", "Molla Nəsrəddin", "Şərq qadını" kimi qəzet və jurnalların nəşrində Ordubadinin əməyi çox olub. O zamanlar yenicə təşkil olunan "Tənqid-Təbliğ" teatrında da Ordubadi fəal çalışıb. O, teatr üçün günün mühüm məsələlərinə dair kupletlər, kiçik təbliği pyeslər yazıb.
20-ci illərdə Ordubadinin lirik və satirik şeirlərdən, tərcümə və poemalardan ibarət bir neçə şeir kitabı da nəşr edilib, "Şe'rlər", "Leninə", "Analıq", "Köhnə adamlar" "Mənim şe'rlərim" və başqa kitablarının nəşri Ordubadinin şeir və bədii tərcümə sahəsində də ardıcıl çalışdığını göstərib. Bu dövrdə ədəbiyyatın demək olar ki, bütün janrlarında yazıb yaradan sənətkar, mövzusu müasir həyatdan alınan bir neçə dram əsəri də qələmə alıb.
Böyük Vətən müharibəsi illərində qocalığına və səhhətinin pozulmasına baxmayaraq vətənpərvər yazıçı, öz qələm yoldaşları ilə birlikdə yorulmadan çalışıb, radio və mətbuatda faşizm əleyhinə əsərləri ilə çıxış edib, sovet adamlarının rəşadət, vətənpərvərlik kimi yüksək keyfiyyətlərini alqışlayan yeni-yeni əsərlər yazıb. "Gənc çekistlər", "Kiçik şəhər", "Serjant İvanov adına körpələr evi" kimi roman və hekayələr, "Maral", "İntizar çəkənlər" pyesləri həmin dövrdə yazılıb.
"XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" əsəri ciddi tədqiqatın məhsuludur. Bütün bunlarla bərabər, o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapıb. O, 20-ci illərdən əvvəl yazmağa başladığı dörd cildlik "Dumanlı Təbriz" roman-epopeyası ilə Azərbaycan ədəbiyatında bu janrın əsasını qoyub.
Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" romanında ədib dahi şairin obrazını, o dövrün ictimai-siyasi mənzərəsini yaradıb. Onun "Döyüşən şəhər" (1938), "Gizli Bakı" (1940) tarixi romanları da var. M. S. Ordubadinin "Həyatım və mühitim" əsəri təkcə ədibin həyatı və yaradıcılığı haqqında deyil, dövr haqqında geniş məlumat verən bir əsər kimi qiymətlidir. M. S. Ordubadinin geniş bilik sahibi olduğunu təsdiq edir.
Topluda ikinci əsər "Qanlı sənələr"dir. 1905–06-cı illərdə Qafqazda, xüsusən Azərbaycanda ermənilərin törətdiyi qanlı hadisələri M. S. Ordubadi özünün canlı müşahidələri və 245 müxbir məktubu əsasında tarixi faktlara əsaslanaraq qələmə alıb. 1920-ci ildən daha məhsuldar işləyən ədib şer, felyeton, publisistik məqalələr yazıb, tərcüməçiliklə məşğul olub, şer kitabları çap etdirib.
"Koroğlu", "Nərgiz", "Nizami" operalarının, "Beş manatlıq gəlin", "Ürək çalanlar" musiqili komediyalarının librettosunu, "Dumanlı Təbriz" pyesini yazıb, həmçinin Nizami Gəncəvi, Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir və başqaları haqqında məqalələr dərc etdirib. Əsərləri müxtəlif dillərə tərcümə edilib.
Azərbaycan SSR Ali Sovetinin (1–3-cü çağırış) deputatı seçilib, Lenin ordeni və "Şərəf nişanı" ordeni ilə təltif olunub.
Kitabları
- Qanlı illər
- "Qılınc və qələm" romanı. I hissə
- "Qılınc və qələm" romanı. II hissə
- Dumanlı Təbriz (roman). 1-ci kitab
Librettosunu yazdığı musiqi əsərləri
- Nərgiz
- Koroğlu — Heydər İsmayılovla birgə
- Nizami
- Səid Rüstəmovun "Beş manatlıq gəlin" musiqili komediyası
- Fikrət Əmirovun "Ürək çalanlar" operettası
M. S. Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda vəfat edib.
Azərbaycanda bir sıra küçəyə, mədəni-maarif müəssisəsinə Ordubadinin adı verilib, Ordubadda və Bakıda ev-muzeyi yaradılıb.
Bəli, o kommunizmə aldanan ədiblərimizdən olub, sovet Azərbaycanına, communist partiyasına sədaqətli olub, bunlar öz yerində. Amma o, ədəbiyyat tariximizə qızıl kimi romanlar da bəxş edib. Buna görə də, onun yaradıcılığına birmənalı yanaşmaq olmaz.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.03.2026)


