“Biri ikisində” - “Ədəbiyyatda iz qoyan tarixi gedişlər, hərəkatlar” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

 

 

Pərvanə Məmmədli

Ədəbiyyatda iz qoyan tarixi gedişlər, hərəkatlar

 

Bütün siyasi məhdudiyyətlərə baxmayaraq, Cənubdakı son 40  ildəki hadisələr ədəbiyyatın milli mahiyyətini müəyyən etdi. Son yüzillikdə Güney Azərbaycanda xalqın həyatında baş vermiş mühüm tarixi-siyasi və sosial-mədəni hadisələri, hərəkatları tezis şəklində sərgiləyib özündən sonra ədəbiyyatda, ictimaiyyətdə  iz qoyan bu tarixi gedişləri, hərəkatları sadalamaq yerinə düşərdi.

– Tarixə nəzər salsaq, görərik ki, Məşrutə və Xiyabani hərəkatlarının davamı olan və 1945-1946-cı  illərdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan birillik hökumətdə yeni dəyərlər qazanmış xalqın sosial, siyasi və mədəni sahələrindəki milli tərəqqi ədəbiyyatda öz təsirini qoymuş və onunla bir sırada olmuşdu. Bu dövrü Güney Azərbaycanın İntibah ili saymaq olar.

– Pəhləvi rejiminin devrilməsi və İran İslam Respublikasının qurulmasından sonra əldə edilən nisbi azadlıq mühitində (1979-1981) Azərbaycan türkcəsində kitab, qəzet və jurnallar bumu yaşandı. Ədəbi mühitdə özəl bir canlanma baş verdi. Amma bu kitab nəşri  və mətbuatın dirçəliş dövrü, təəssüf ki, 2-3 il çəkdi.

– 90-cı illərin əvvəlində Sovetlər Birliyinin çökməsi və Quzey Azərbaycanın müstəqilliyə qovuşması Güneydən də yan ötmədi. Tikanlı sərhəd məftilləri aradan götürüldü. Ayrılıq və həsrətə  son qoyuldu. Quzey Azərbaycan və Türkiyə  telekanalları peyk yoluyla İranda seyr edildi. Ədəbiyyata və ədəbi əlaqələrə geniş meydan açıldı.

– 1997-ci ildə Hatəminin prezident seçilməsi Azərbaycan türkcəsində nəşrlərin artmasına zəmin yaratdı. Lakin milli problemlərin həllindəki boşluqlar tələbə hərəkatlarının başlamasına təkan verdi.

– Təbrizli Çehreqaninin Məclis namizədliyinin rədd edilməsi Azərbaycan tələbə hərəkatının daha da aktivləşməsinə gətirib çıxardı. Ədəbiyyata yeni fikirli gənc yaradıcı nəsil gəldi.

– Tanınmış ziyalıların prezidentə imzaladığı məktub-müraciətlər cavabsız qalsa da, ictimaiyyətdə geniş əks-səda doğurdu, ədəbi polemikaya yol açdı.

- Xalqın azadlıq simvoluna çevrilmiş Babəkin doğum gününün hər il Babək qalasında qeyd olunması xalq yığıncağına, yürüşünə, nəhayət, qurultayına çevrildi. Bu kütləvi yürüş aksiyalarda daxili etirazların bəyanı, özəlliklə özünütəsdiq, milli kimlik ön planda idi. Dövlət bunun qarşısını alsa da, etiraz aksiyası sonralar başqa formalarda üzə çıxmağa başladı.

– İran KİV-də türkləri təhqir edən verilişlərə, özəlliklə qəzetdə çıxan karikaturaya etirazlar kütləvi hal aldı, ədəbi-siyasi aləmdə böyük əks-səda doğurdu.

– Təbrizin «Traktor» futbol komandası bumu  həm də kütləvi etirazlara meydan oldu. Son vaxtlar komandanın oyunları həm də milli hüquqlarını tələb edənlər üçün meydana, eləcə də milli şüarlar üçün tribunaya çevrilməyə başlayıb.

– Urmu gölü ilə bağlı etirazlar, 2008-ci ildən bu yana Urmu gölünün suyunun azalması yavaş-yavaş özünü ciddi şəkildə göstərir, bu da gölün ətrafında yaşayan yerli türk  əhalisinin o yerləri tərk etməsi və gölün fauna,  flora örtüyünün məhv olmasına gətirib çıxarmışdır. Azərbaycan ziyalıları və milli fəalları buna görə dövlətə dəfələrlə iradlarını bildirib xəbərdarlıq ediblər. Gölün qurumasının qabağını almaq üçün heç bir tədbir görməyən İran hökumətinə qarşı xalq „Urmu gölü can verir, məclis onun qətlinə fərman verir» şüarını hər yerdə gündəmə çıxarır. Bu ekoloji təhlükə artıq lokallıqdan çıxıb beynəlxalq ictimaiyyətin də nəzərini cəlb etsə də, çox təəssüf ki,Urmu gölü dünya xəritəsindən silinmək üzrədir.

 

İranda 2022-ci ilin 17  sentyabrından başlayan etirazlar İranın inqilab prosesinə girdiyini göstərir. Bu inqilabi mübarizənin qələbəyə nail olub-olmayacağını proqnozlaşdırmaq çox çətindir. Amma bu etirazlar İranda avtoritar quruluşun illər ərzində qurduğu qorxu divarını yıxmağa nail olub. Hər halda, növbəti İranın artıq köhnə İran kimi olmayacağnı güman etmək olar. Yəni həm İrandakı daxili şərait, həm də beynəlxalq siyasətdəki dəyişikliklər İranın dönüş nöqtəsinə keçdiyini göstərir. İranın siyasi taleyi baxımından mühüm faktor olan Güney Azərbaycan türklərinin ümumi iradəsi, baş verə biləcək qiyam və hadisələrə reaksiyası regional bərabərliklər baxımından da önəmli olacaq. Güney Azərbaycan türk milli fəallarıın irəli sürdüyü mülahizələrə görə, Güney azərbaycanlıların bir türk varlığı olaraq yaşaması İranın sürətlə irəlilədiyi yeni dönüş nöqtəsində dövlət hakimiyyətinə çatmaqla təmin edilə bilər.

 

Milliyyətcə fars olan Pza şah Pəhləvi hakimiyyətə gələndən sonra ölkədə fars olmayan xalqlara qarşı assimilyasiya siyasəti apardı, onların dil və mədəniyyətini sıxışdırdı, dillərinə qadağa qoydu. O dövrdən sonra  Güneydə “Dil özünü əsasən folklorda; aşıq dastanlarında,  nağıllarda, bayatılarda, nəğmələrdə, mərsiyələrdə qoruyub saxlayıb”. Bu sözləri hələ 100 il bundan əvvəl Məmmədəmin Rəsulzadə əsərlərindən birində yazmışdı.

Şah rejimi milli şüurun artmasında ədəbiyyatın böyük rolunu diqqətə alaraq türkcə ədəbi əsərlərin nəşrinə icazə vermirdi, milli ziyalılar da farsca yazmaq məcburiyyətində qalmışdılar. Lakin istisnalar da olmuşdu. Azərbaycan ədəbiyyatının böyük çətinliklərlə çap olunmuş (Məs. Bulud Qaraçorlu Səhəndin, Həbib Sahirin, Savalanın, Məhəmədəli Fərzanənin  kitabları gizli olduğundan çox zaman ili və nəşr yeri göstərilmirdi) anadilli əsərlərinin sayı çox az olmuşdur. Ziyalılar bəzən  də senzuradan yayınmaq üçün bədii əsərlərə xüsusi  forma verir, onu folklor, uşaq ədəbiyyatı nümunəsi kimi çap edirdilər.

60-cı illərdəki nəsil əvvəlki nəsillərin yaradıcılığının məruz qaldığı çox  sınaqlardan xəbərdar oldu, nəticə çıxardı. Pişəvərinin birillik  demokratik hökumətinin xoşbəxt günləri   uşaqlıq və gənclik dövrünə düşənlərin  artıq yaşı 20, 30-dan çox idi. Ədəbiyyata öncəkilərdən fərqli düşünən  nəsil gəldi: Səməd Behrəngi, Qulamhüseyn Saidi (Gövhər Murad), Əliza Nabdil (Oxtay), Mərziyə Üskiyi Əhmədi (Dalğa), Həbib Sahir, Bulud Qaraçorlu Səhənd və b.

         Keçən əsrin qırxıncı illərinin ortalarında ilk dəfə əlinə qələm almış gənc istedadlar bir də otuz ildən artıq bir müddətdən – İslam inqilabının qələbəsindən sonra Azərbaycan dilində nəşr olunan müxtəlif jurnalların səhifələrində öz yaradıcılıqlarını üzə çıxartmağa imkan tapmışlar.

         Formalaşmağa başlayan milli müəyyənlik düşüncəsi artıq 1945-ci illərdə solçu-populist müstəviyə, 1990-cı illərdə isə yenidən millətçiliyə, kimliyə keçdi.

 

Şəkildə: Səməd Behrəngi

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.