İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!
Razılaşın ki, poeziyamızın ən gözəl məhəbbət şeirlərinin başında dayanır bu şeir... Onu Əli Kərim yazıb. Cəmi 38 il ömür sürmüş nakam şair...
Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Kərim 1931-ci il mart ayının 18-də Göyçay şəhərində anadan olub. Atası Paşa kişi fəhlə işləyib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib, III kursdan Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləyib, şeir şöbəsinin müdiri olub. Əli Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrilib. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxmış "Təzə müəllim" şeiri olub. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülüb. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rusca çıxan "İki sevgili" kitabı olub.
Filmoqrafiya
1. Daş
2. Sənət sevincləri
3. Yeddi duyum
4. Son nəfəs
5. Sənətkar ömrü
6. Gələcəyin şairi
7. Əli Kərim
8. Yadigarlar
9. Könül dünyamız
10. Sətirlər
11. Ovqat
Şeirlərinə yazılmış mahnılar
- Flora Kərimova - Nə Gəlməz Oldun - musiqi: Oqtay Kazımi
- Yaqub Zurufçu - Yar Gəldi - musiqi: Adil Gəray
- Vaqif Şixaliyev - Azərbaycanım Mənim - musiqi: Hacı Zirəddin Tağıyev
- Ayşən Mehdiyeva - Azərbaycanım Mənim - musiqi: Adil Gəray
- Azad Zamanov - Qayıt - musiqi: Sevil Rüstəmova
- Flora Kərimova, Elxan Əhədzadə - Yar gəldi - musiqi: Elza Ibrahimova
- Nə xoşbəxt imişəm - musiqi: Cavanşir Quliyev
Əsərlərinin nəşri
1. İki sevgili
2. Həmişə səfərdə
3. Qızıl qanad
4. Qaytar ana borcunu
5. Uşaqlar və ulduzlar
6. Səfərdən sonra
7. Tənbəl ayı balası
8. Seçilmiş əsərləri (iki cilddə). I cild
9. Seçilmiş əsərləri (iki cilddə). II cild
30 iyun 1969cu ildə 38 yaşında Bakıda vəfat edib. Göyçayda dəfn edilib. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınıb. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir.
Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görüb. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlib, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb edib, özündən sonra gələn bir sıra şairlərə güclü təsir edən sənətkarlardandır.
Nə yazıq ki, ömrü yarıda qırılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.03.2026)


