“Biri ikisində” “Güney Azərbaycan sevdam...” Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

 

 

Pərvanə Məmmədli

Güney Azərbaycan sevdam...

 

Orta məktəbi bitirəndən sonra, hələ universitetə yenicə daxil olduğum dövrdən işləməyə başladım. Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin kiçik bir kitabxanası vardı. Bu beynəlxalq səviyyəli bir qurum olduğuna görə kitabxanaya dünyanın bir çox ölkələrindən həm rəsmi, həm də qeyri-rəsmi mətbuat nümunələri gəlirdi.

O zamanlar siyasi xarakterli “Dünya atlası”  sonra İngiltərədən,  Amerikadan, eləcə də Rusiyadan gələn müxtəlif səpkili jurnallar çox oxunurdu. Onları mağazalarda tapmaq çətin idi, lakin kitabxanalarda olurdu. Bununla yanaşı İraq, İran, Bolqarıstan, Çexiya, Almaniya kimi ölkələrdən də qəzet və jurnallar gəlirdi.

Azərbaycanla bağlı nə isə yazılanda həmin materialları ayırıb ayrıca yığırdım. İraqdan gələn “Qardaşlıq”, “Yurt” və b. jurnalları da oxuyurdum – çünki ərəb təmayüllü orta məktəbdə təhsil almışdım və jurnalda yazılanları asanlıqla anlayırdım (Bu materiallardan kitabxanada xüsusi stend də hazırlamışdım).

Amma məni ən çox maraqlandıran   İranla-Cənubi Azərbaycanla  bağlı çox məhdud sayda olan mətbuat və kitablar idi. Onlardan “Varlıq” jurnalı özəlliklə  seçilirdi. Onun səhifələrini oxuyanda mənim üçün sanki bir yeni aləm açılırdı. O vaxtlar – sovet dövründə İranla münasibətlər, demək olar ki, yox dərəcəsində idi. Bəzən xaricdən qonaqlar gəlirdi və onlarla görüşüb dinləmək imkanları da olurdu.

         Cəmiyyətin ayrıca redaksiyası var idi – “Odlar yurdu” qəzeti (90-cı illərdə Cəmiyyətin bir şöbəsi və bu qəzet ayrılıb “Vətən cəmiyyəti” adıyla başqa təşkilatda cəmləndi) və xaricə tirajlanan “Azərbaycan bu gün” jurnalı nəşr olundu. Sonralar mən orada müxbir kimi işləməyə başladım. Ora çoxlu məktublar gəlirdi,  əsasən də xaricə səpələnmiş soydaşlarımızdan. Onların çoxu Cənubi Azərbaycandan olan siyasi mühacirlər idi. Aralarında şairlər də vardı, yazıçılar da. Məktublarını oxuyanda onların vətən həsrəti çəkdikləri, dilə və mədəniyyətə bağlılığı hiss olunurdu.

Aralarında sənət adamları da çox idi. Məsələn, Almaniyada yaşayan Əkrəm Behkəlam çəkdiyi şəkillərini göndərmişdi. Eləcə də Əli bəy Hüseynzadənin  oğlu Səlim Turan da öz çəkdiyi rəsmi cəmiyyətə hədiyyə etmişdi. Bəzi tanınmış şəxslərlə İren Melikoff, Çingiz Hüseynov  və b. söhbətlərimiz olmuşdu, onlardan müsahibələr də götürmüşdüm. Müxtəlif səbəblərdən vətənlərindən didərgin düşmüş soydaşlarımın arasında Güney Azərbaycandan olanlar   çoxluq təşkil edirdi. Ümimiyyətlə, azərbaycanlılar mühacirət etdikləri Avropa və Amerika ölkələrində ana dilinin, milli-mənəvi dəyərlərin, mədəni irsin qorunması missiyasını boyunlarına götürüb yerinə yetirməyə çalışırdılar. Bir dəfə Almaniyadan gəlmiş Bonnda 1984-cü ildən bəri  “Ana dili” adlı qəzet nəşr etdirən Nurəddin Qərəvi ilə tanış olmuş və onun zəhmətə  qatılıb qürbətdə gördüyü işindən çox təsirlənmişdim. Dünya səviyyəsində tanınmış həkim və türkoloq-alim, Tehranda ”Varlıq” jurnalının naşiri Doktor Cavad Heyətlə də sonradan yaxından tanış olmuşdum və   bu tanışlıq mənim həyatımda bir dönüş nöqtəsi olmuşdu.

Sonralar diqqətim daha çox Güney Azərbaycan ədəbiyyatı və mədəniyyəti üzərinə yönəldi. Artıq qanı qanımızdan, dili də dilimizdən olan güneyli qələm dostlarımızın yaradıcılığı ilə məşğul olmağa başladım.

Eyni zamanda universitetdə də oxuyurdum və diplom müdafiəmi Güney Azərbaycan mövzusuna həsr etmişdim. O vaxtdan indiyə qədər fəaliyyətim, tədqiqatım və düşüncə dünyam bu istiqamətdə yön alıb.

         O illər mənim üçün həm də formalaşma dövrü idi. Gənc idim, axtarışda idim, çoxlu kitablar oxuyurdum; ilk növbədə də A.  P. Makulunun, M. S. Ordubadinin, M.İbrahimovun və başqa yazıçıların Cənubla bağlı romanlarını oxuyurdum. Cənubdakı soydaşlarımızla bağlı hər şey diqqətimi çəkirdi. Əsas bağ, ünsiyyət redaksiyaya gələn yazılar, məktublar idi. Hər məktubun, hər bir cümlənin arxasında bir insan nəfəsi var idi. Bir taleyin izi, bir yaddaş qırıntısı.

Çoxları elə bilirdi ki, Cənubi Azərbaycan mövzusu yalnız siyasətin sahəsidir. Amma mən uzaqdan gələn məktublarda ana dilinin sındırılmamış, gizlədilmiş və qorunmuş izlərini tapanda sanki uşaq kimi sevinirdim.

Sonra mən Cavad Heyətlə tanış oldum. O görüş, desəm ki, həyatımın istiqamətini dəyişdi, heç də şişirtmiş olmaram. Çünki o, mənə yalnız Cənubi Azərbaycan ədəbiyyatını yox, Azərbaycanın bütöv ruhunu göstərdi. Dilin necə sevildiyini, xalq yaddaşının necə qorunduğunu onun və həmkarlarının  “Varlıq” jurnalında yazdıqlarında gördüm.

Və mən bütün həyatımı artıq bu mövzu ilə bağladım. Çünki məni bir sual daim düşündürürdü: Bizim mədəniyyətimizin beşiyi Təbriz olub, ona şəhərlərimizin  anası deyilib. Biz isə onu az qala unutmuşuq. Halbuki orada son iki yüz ildə elə bir mədəniyyət yaranıb ki – içində ədəbiyyat da var, tarix də, incəsənət də, musiqi də… Amma bu mədəniyyət sanki rəsmi şəkildə tanınmayıb, ara-sıra xəbərlər, parçalanmış məlumatlar şəklində bizə yetişib.

Qarşıma məqsəd qoydum ki, bu boşluqları doldurmaq lazımdır. Çünki Qüzey Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini sistemli öyrənsək də, Güney tərəfi hələ də sanki duman içində qalıb. Orada böyük bir sahə var – ağ səhifələr, toxunulmamış, yazılmamış. Sanki Təbrizin başı kimi dumanlı, küçələri kimi dolanbac, tarixi kimi zəngin, nağılları kimi sirli, əsrarəngiz…

Mən istəyirdim ki, yetərincə öyrənilməyən, bilinməyən belə nəsnələri, araşdırıb tanıdam.

 

Bu işdə mərhum müəllimim Abbas Zamanova çox borcluyam. Diplom işimin rəhbəri kimi demişdi ki, bunu kənara qoyma, elmi iş kimi davam elə. O mənə inam, həvəs aşılamışdı. Mən o vaxtlar həm də “Odlar yurdu” qəzetində müxbir işləyirdim, vaxtım çox az idi. Cəmiyyətin sədri Xalq şairi Nəbi Xəzri işçilərə qarşı çox tələbkar idi. Professor vəziyyəti bilirdi, ona görə də  Nəbi Xəzri ilə danışmış,  işdən qalmamaq şərtilə, tədqiqat da  apara bilmək üçün də razılıq almışdı.

Bir də doktor Cavad Heyətin boynumda minnəti var. Onun mənə verdiyi dəstək olmasaydı, bəlkə də,  bu işi sona çatdırmaq o qədər də asan olmazdı. O hər dəfə Bakıya gələndə “Varlıq” dərgisinin saylarını mənə gətirirdi. Çünki o dərgi Azərbaycana rəsmi şəkildə gəlmirdi. Mən bir nüsxəni özümə saxlayır, qalanlarını  kitabxana və arxivə verirdim.

Belə-belə mən o dərginin 20 illik saylarını toplayıb bir-bir incələdim. Oradan çox şey öyrəndim, əldə etdim. İlk elmi işimdə həmin materialları sistemləşdirdim:

Folklor, klassik divan ədəbiyyatı, nəsr, poeziya və çağdaş ədəbiyyat.

Hamısını ayrıca işlədim. Düzdür, namizədlik işi üçün geniş miqyaslı idi. Amma mən onu müdafiə etməzdən əvvəl kitab halında çap etdirdim. Sonralar dərgilərə hər dəfə yenidən baxanda və yeni saylarnı izləyəndə maraqlı olan faktlar üzə çıxırdı – bu da yeni ideyalar doğurub yeni yazılara vəsilə olurdu.

         O vaxtlar fars dilini də artıq mənimsəmişdim. Kompüterlər  yeni-yeni çıxırdı, indi olduğu kimi əlifbaya  tez çevirmək, köçürmək, axtarışlar etmək olmurdu. Mən hər şeyi əlimlə konspektləşdirirdim, sətir-sətir, səbirlə. Sonradan başa düşdüm ki, bu gərgin zəhmət mənim üçün böyük məktəb olub.

Beləcə, həvəsim, maraq dairəm bir yerə cəmləndi və  mən bu işə vuruldum.

Cavad Heyətin tələbkarlığı da məni daim daha məsuliyyətli olmağa vadar edirdi. Hiss edirdim ki, mənə inanır, o inamı doğrultmalı idim. Buna görə də bu işi 15 ilə yaxın, bəlkə də bir az çox işlədim və “Varlıq” jurnalında ədəbiyyat məsələləri”(Bakı, 2000) monoqrafiyası ərsəyə gəldi. Bu haqda ilk dəfə yazılırdı. Və ilk olan hər şey kimi, həm çətin idi, həm də maraqlı.

Elmi işimi  müdafiə etdikdən sonra ədəbiyyat sahəsində işləməyə başladım. Azərbaycan Milli Elmlər Akademiyasının Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində işə qəbul olundum. Şöbə müdiri professor Teymur Əhmədov idi. Bu şöbə Mirzə İbrahimovun böyük zəhməti hesabına yaranmışdı. Mirzə İbrahimovun səyi, şöbə əməkdaşlarının axtarış və səriştəsi nəticəsində  1981-1994-cü illərdə “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın dörd cildinin “ilk bütöv, sistemli, fundamental” nəşri baş tutdu. O illərdən bu günə qədər şöbə əməkdaşları Cənubi Azərbaycanın şair və yazıçılarının həyat və yaradıcılığını tədqiq edib – monoqrafiyalar yazmış, əsərlərini fars dilindən Azərbaycan dilinə tərcümə, ərəb əlifbasından Azərbaycan əlifbasına transliterasiya və tərtib etmiş, kitablarda, dövri mətbuat səhifələrində tədqiqat xarakterli məqalələr dərc etdirmişlər.

Orada çalışmaq mənim üçün şərəfli olduğu qədər məsuliyyətli idi.

Bir müddət sonra Bakı Dövlət Universitetinə də işləməyə dəvət aldım. Orada ilk dəfə olaraq Cənubi Azərbaycan mətbuat tarixi fənnini tədris etdim.

2009-cu ildə Təhsil Nazirliyinin təsdiqi ilə “Cənubi Azərbaycan mətbuatı” (Bakı, “Elm”) adlı kitabım nəşr olundu və çox sevindirici haldır ki, hazırda Azərbaycanın bir çox universitetlərində dərslik kimi istifadə olunur.

Sonradan artıq başqa kitablarım da meydana gəlməyə başladı.

2015-ci ildə “Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər” (Bakı, Sabah) adlı kitabım çap olundu. 2015-ci  ildə üzərində illərlə işlədiyim daha üç kitabım nəşr olundu: “Cənubi Azərbaycan ədəbiyyatı məsələləri” (Bakı, “Sabah”), Qulamhüseyn Saidi “Sonsuz səfər” (Bakı, “Hədəf”, tərtib, ön söz və izahlı sözlərlə birgə)  və Güney Azərbaycan ədəbiyyatı antologiyası (Çağdaş dövr, tərtib,ön söz və izahlı sözlərlə birgə). 2019-cu ildə isə dünya şöhrətli nasir və tənqidçi Rza Bərahəninin əsərlərini ölkəmizdə tanıtdırmaq üçün “Rza Bərahənidən seçmələr” adı altında  ayrıca kitab şəklində nəşr etdirdim.

2021-ci ildə nəşr olunan “Cənubi Azərbaycanda ədəbi-bədii prosesin inkişaf mərhələləri (Bakı, “CBS”) monoqrafiyasında  Cənubda  ədəbi  prosesin milli-bədii tutumu    Cənubi Azərbaycan poeziyası, nəsri, mətbuatı, folklor və klassik ədəbi irs məsələləri konstektində araşdırılır.

Mənim illərlə qəlbimdə saxladığım bir arzum vardı və mən ona da  çatdım. İstəyirdim ki, bizim ədəbiyyatımız xaricdə tanınsın. Çünki çox zaman xarici müəlliflərin Azərbaycan haqqında yazdıqlarını araşdıranda görürdük ki, çox az kitab var və yerli müəlliflərin əsərlərinə çox az istinad olunur.

Bu səbəbdən Cənubi Azərbaycan mətbuat tarixi və mədəniyyəti haqqında hazırladığım elmi  tədqiqatımı ingilis dilinə çevirtdirib Avropada, İsveçdə (The Press History of South (İranian) Azerbaijan XIX-XXI centuries-(Stokholm, “Diktonius”, 2023) nəşr etdirdim.

        Eyni zamanda Türkiyədən çox nüfuzlu “Ötüken” nəşriyyatı mənimlə müqavilə bağladı. Güney Azərbaycan ədəbiyyatın ilə bağlı “XX yüzyıl Güney Azerbaycan edebiyatının öncüleri 1” – (İstanbul, “Ötüken”, 2023) adlı kitabımın birinci cildi Türkiyə türkcəsində nəşr olundu.

         Bu il – 2025-ci ildə mənəvi ata bildiyim doktor Cavad Heyətin 100 illiyi tamam oldu. Onun ad günü ərəfəsində  “Doktor Cavad Heyət “VARLIQ”I (Bakı, “Füyuzat”) monoqrafiyasını nəşr etdirdim. Kitab Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına və ictimai fikrin inkişafına misilsiz töhfələr vermiş dünya şöhrətli alim, türkologiya və tibb sahəsində ilk cərrahi yeniliklərə imza atmış tanınmış həkim, ictimai xadim, araşdırıcı, publisist və “Varlıq” jurnalının yaradıcısı Cavad Heyətin çoxşaxəli həyat və fəaliyyətinə həsr olunmuş ilk elmi monoqrafiyadır. Daha başqa nəşr olunmuş kitablarım da var...

Türkiyə mətbuatında da bu sahəyə daha çox maraq var. Bir müddət mən “Türkiye okuyor” qəzetində köşə yazarı kimi də çıxış edirdim. 3-4 il onlarla əməkdaşlıq etdim. Sonra başqa dərgilərlə də əməkdaşlığımızı davam etdirdik.

“Ulduz” jurnalının mənə yaratdığı imkan da çox sevindirici oldu. İnanıram ki, bu sahədə az da olsa, Cənubi Azərbaycan ədəbiyyatını oxuculara tanıdıb sevdirmək  mümkün olacaq. Hazırladığım  layihədə çatışmazlıqların olması istisna deyil.

Mən “Ulduz” jurnalına öz dərin minnətdarlığımı bildirirəm. Çünki hər belə layihə sabaha, xalqımızın bütövlüyünə açılan  bir qapıdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.