İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Qaratel Azərinin yaradıcılığından bəzi seçmə nümunələri oxucularıma təqdim etmək istədim. Düçünürəm ki, sizləri poetik ovqata kökləyə biləcəyəm.
SEVİRSƏNSƏ, AXTAR, TAP
Xəzəllərə qarışmış bir yarpağam,
Yarısı əkilməmiş xam torpağam,
Hasarları çəkilmiş, bağbanını itirmiş,
Meyvələri tökülmüş,
Taleyi də silinmiş bir “bağam”.
Bacarırsan, xəzəllərin arasından axtar, tap o yarpağı,
“yaşıllaşıb” budaqlardan asılsın.
Bacarırsan, qarış-qarış gəz, axtar, tap,
yarısı əkilməmiş o torpağı,
gözünün yaşından suvarılıb islansın.
Dünya özü iç-içə hasardır.
Bacarırsan, hasarların arasından axtar, tap,
o hasarı ki, nəfəsin daşlarını əritsin, həyətinə girəsən.
Bacarırsan, imkan vermə, tökülmüş o meyvələr çürüsün,
yığ qoynuna, məhəbbətdən isinsin.
(O meyvələr ki, ömrümdən düşən illərdir.)
Bacarırsan, sevən ürəyindən işıq düşsün taleyimə,
bir-biri ilə görüşsün, yarısı əkilməmiş o torpaqda
gül-çiçəklər bar, meyvələr bitirsin.
(O torpaq ki, yaşımın az hissəsindən sonrakı həyatımdır.)
Bacarırsan, elə bir sevgi hasarı çək ki,
dul qadının çəpərindən seçilsin.
Bacarırsan, yeni səhifə açılsın,
sənli ömür yazılsın, yollarımız uzansın.
Əgər bacarmasan...
Mənə tale yazan utansın!
YUXUDA
Utana-utana görüşünə gəldim,
Beş dəqiqə gözlə, dedilər.
Saat yarım gözlədim
kabinetinin önündə.
Allahım, sən mənə qüvvət ver,
cəsarətim var, cürət ver,
Günəş kimi yanmayım, alışaram,
Çıraq kimi kiçik işıq bəs eyləyər
yollarıma.
“Hə, bacı, “get” – dedilər”.
Xəyallar aləmindən ayılıb qapını döydüm.
“Gəl” səsi öldürdü məni.
Bir il bundan öncə eşitdiyim səs idi.
Bədənim keyləşdi, üz-gözümü tər basdı.
Özümü ələ alıb, qapını açıb içəri girdim.
Ayağa qalxdı, mənə sarı gəlib əl verdi:
“xoş gəlmişsən” – dedi.
Öturmağa yer göstərdi.
Özü də oturdu. Hal-əhval tutdu.
Çaşıb qalmışdım. Bilmirdim hardan başlayım,
nə deyim, niyə gəlmişəm.
Boğazım quruyurdu.
Mənə yaxın yerdə stəkanda yarımçıq çayı vardı.
Üzr istəyib, ondan bir qurtum içdim ki, danışa bilim.
O gülümsədi.
Görmədiyim müddətdə çox dəyişmişdi.
Arıqlamışdı, rəngi qaralmışdı.
Vurulduğum o gözəl oğlandan çökək yanaqlar,
rəngi göyərmiş dodaqlar
və bir də solmuş ala gözlər qalmışdı.
Həyəcandan, həm də sevib arzuladığım insanı bu halda görməkdən
az qalırdı ürəyim ağzımdan çıxsın.
Özümü güclə ələ aldım və dedim:
-Siz məni tanımırsınız. Amma mən sizi gördüyüm gündən bu günə
kimi hər gün, hər saat, hər dəqiqə sizinlə danışıram. Özümü tanıdıram. Sizi necə sevdiyimi, sizə necə vurulduğumu anlatmağa çalışıram. Doğrudan da, mən sizi çox sevirəm. Niyə, nə üçün, bilmirəm.
Mən yenə əsirdim, Gah tez-tez, gah da sakit danışırdım:
- Pis başa düşməyin, kimsəyə bu sözləri deməmişəm. Mənə çox əzizsiniz.
Onu belə xəstə gördüyüm üçün ürəyimdən bu söz də keçdi: “Sənə gələn xəstəlik də mənə gəlsin.”
Gözlərimdə yaş gilələndi.
O, ayağa durub mənə yaxınlaşdı.
Əllərimdən tutub ayağa qaldırdı.
Mən utanıb yerə baxdım.
O, sağ əli ilə çənəmdən yavaşca qaldırıb alnımdan öpdü.
Mənim dodaqlarım ixtiyarsız köynəyinin üstündən sinəsinə yapışdı. “Səni çox sevirəm” – dedim. O da pıçıltı ilə : - “Mən də səni sevirəm”- dedi.
Bu vaxt bir cır səsə - “Kənd toyuğu var, süd var” səsinə ayıldım.
Qalmışdım doğru yuxu ilə yalançı dünya arasında.
Tamamilə ayıldım.
Allahım, sənə çox şükürlər olsun ki, məni eşidib çıraq işığında sevgimə qovuşdurdun.
Onu gördüm. Arzu və istəklərimi ona dedim. Bir az da olsa, toxtadım.
İnandım ki, o da məni sevir, arzulayır.
Belə olmasaydı, belə şirin və doğru yuxu görməzdim.
Belə yuxular kaş bitməyəydi...
SƏNLƏ SƏNSİZ
Bir təsadüfdən biz görüşdük,
Yazdığım şeirlərdə səni təsvir edə-edə
özümü səndə kəşf elədim.
Haqqında heç nə bilmirəm,
mənim deyilsən.
Bəs niyə səni bu qədər sevirəm?
Xəyallar qururam,
Nə yaxşı ki, ünvanımız
bir şəhərdə,
Paylaşırıq – havanı, suyu, çörəyi,
Bir-birimizi görmədən!
Nə yaxşı ki, sən varsan,
məndən məni çıxartmısan,
özün də bilmədən!
Məni tanımadan belə,
bu duyğuları yaşamağı
mənə anlatmısan!
Yerdəki “ağır çəkidən”
yüngülləşib, mələklərə qatılmışam,
saflaşıb, uşaqlaşmışam!
Axtardığım sənlə
görüşməyə başlamışam
sənsiz!
“Ədəbiyyat və incəsənət”
(17.03.2026)


