Şair olduğu üçün güllələnənlər Featured

Nail Zeyniyev,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Azərbaycan ədəbiyyatı tarixi təkcə kitab rəflərindən, qızılı hərflərlə yazılmış cildlərdən ibarət deyil; bu tarix həm də soyuq divarların, rütubətli zirzəmilərin və qaranlıq gecələrdə eşidilən qanlı güllə səslərinin tarixidir.

 

Bizim ədəbiyyatımız təkcə mürəkkəblə deyil, həm də şəhid şairlərimizin qanı ilə yazılıb. 1937-ci ilin o qara kabusu repressiya dalğası bizim ən parlaq zəkalarımızı, ən cəsarətli ürəklərimizi bir gecənin içində qaranlığa qərq etdi. Şair olmaq o dövrdə sadəcə yazmaq deyildi, şair olmaq ölümü hər sabah salamı kimi qəbul etmək idi.

Mikayıl Müşfiqi düşünək. Cəmi 29 il yaşadı. Amma o 29 ilə sığdırdığı coşqu bütöv bir əsrə bəs edərdi. Onu güllələyənlər əslində Müşfiqi deyil, Azərbaycanın gəncliyini və onun sönməz sevincini nişan almışdılar. Bir insanı "Oxu, tar!" dediyi üçün, milli kimliyini qoruduğu üçün öldürmək, əslində sözün gücündən qorxmağın ən yüksək həddi idi. Müşfiq o dar hücrədə ölümdən qorxmurdu, o, yarımçıq qalacaq arzularına heyfsilənirdi:

 

Oxu, tar, oxu, tar!..

Səsindən ən lətif şeirlər dinləyim.

Oxu, tar, bir qadar!...

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unutar?

Ey geniş kütlənin acısı, şərbəti-

Alovlu sənəti!

 

Müşfiqi Nargin adasında söndürəndə elə bildilər ki, bu səs batacaq. Amma yanıldılar. O, hər bahar qayıtdı.

Əhməd Cavadın taleyi isə daha bir faciəli dastan idi. O, bizim istiqlalımızın, üçrəngli bayrağımızın şairi idi. Onun hər kəlməsi bir istiqlal manifesti idi. Onu dindirmə otaqlarında ən ağır işgəncələrə məruz qoydular, amma Cavad o müqəddəs ucalıqdan enmədi. O, susmağı özünə ar bilirdi:

 

Mənə «dinmə, sus!» - deyirsən, nə vaxtacan susacam?

Böhranların, hicranların məhbəsində qalacam?!

Niyə susum, danışmayım, insanlıqda payım var,

Mənim ana Vətənimdir talan olan bu diyar?!

 

Bu insanlar bilə-bilə ölümə getdilər. Onlar istəsəydilər, rejimi mədh edən yalançı şüarlarla dolu kitablar yazıb rahat yaşaya bilərdilər. Amma onlar şairliyin ən ali məqamını həqiqətə və millətə xidmət etməyi seçdilər. Onların güllələndiyi o zirzəmilər, əslində Azərbaycan poeziyasının ən müqəddəs yerləridir. Çünki orada təslim olmayan bir ruhun izləri var. Bu gün biz o qanlı illərin hesabını verəndə anlayırıq ki, şeir sadəcə bədii təsvir deyilmiş. Şeir bir millətin dirəniş simvolu, onun mənəvi sərhədi imiş. O güllələnən şairlərin hər biri bizim milli yaddaşımızın bir sütunudur. Onların qanı bu torpağın mürəkkəbinə qarışdı və ortaya elə bir ədəbiyyat çıxdı ki, onu heç bir rejim məhv edə bilməz. Onlar şair olduğu üçün öldülər, amma məhz şair olduqları üçün bu gün bizim aramızda yaşayırlar. Şairi öldürmək olar, amma şeir... şeir əbədi azadlıqdır!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.