Sağlığında qiymət verin insanlara! Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bir arzum var, ay adamlar, qoyun deyim,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara.

Yalnız, yalnız sağ olanda,

Hər kəs əsil qiymətini bilər onda,

Bu sözlərim düz olmasa töhmət edin.

 

Sağlığında sevindirin təmizləri,

Siz həyatda bu amalla addımlayın.

Sağlığında ifşa edin xəbisləri,

Satqınlara sağlığında satqın deyin,

Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.

Sağlığında qiymət verin insanlara…

 

Hər kəs bilsin öz yerini necə sağdır,

Bu, pislərin həyatını qısaltmaqdır,

Yaxşıların həyatını uzatmaqdır…

Bu nədəndir ölən kimi,

qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.

 

Ölən kimi yaxşılar da yaxşılaşır,

Yamanlar da yaxşılaşır…

Çirkinlər də təmiz olur ölən kimi…

Yadlar belə əziz olur ölən kimi…

Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,

Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.

 

Düz deməsəm, onda məni bağışlayın,

Üz tutaram uşaqlara, qocalara, cavanlara,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağ olanda yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara…

 

----

 

Sən elə bir vaxtda rast gəldin mənə,

Ömrün payız vaxtı, xəzəl çağıydı…

Sən elə bir vaxtda rast gəldin mənə,

Sənin gəncliyinin gözəl çağıydı…

 

Sən elə bir vaxtda rast gəldin mənə,

Dayanıb durmuşdum yol ayrıcında…

Sən elə bir vaxtda rast gəldin mənə,

Bir üzüm cavandı, bir üzüm qoca…

 

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikomunda Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirib

1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967–1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991–1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub.

Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilib.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, "Azərbaycan SSR əməkdar incəsənət xadimi" (30. iyul 1979), "Azərbaycan Respublikasının xalq şairi" (9. dekabr 1999) fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 69-cu ilində Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.