Nail Zeyniyev, “Ədəbiyyat və İncəsənət”
Bu gün yenidən görüşümüzün ünvanı dəyişir və biz, “Bir şair, bir şeir” rubrikasında görüşürük. “Mən bahar demişəm səni tanıyandan bəri hər şeyin adına” misraları ilə başlayan bir şeirlə qarşınızdayam. Bahar nədir? Hərarət, işıq, sevgi, ülfət, yüksək əhval-ruhiyyə... Siz də yaxşı bildiyiniz hər şeyə “bahar” deməyə cəsarət duyursunuzmu?
Mən bahar demişəm
səni tanıyandan bəri hər şeyin adına,
Bahar demişəm Bakının dörd fəslinə, sahilin inadına.
İçərişəhərin o lal, qaranlıq küçələrinə,
Durnaların gəlişinə, qaranquşların gedişinə,
Bələkdəki körpənin ilk gülüşünə –
Bahar demişəm.
Yarpaqların payızda titrəyərək solmağına da,
Arabir sənsizlikdən gözlərimin dolmağına da...
Mən heç qorxmamışam, çəkinməmişəm
Sənin qanlı bıçaqla köksümü yarmağına da,
Vallah, ona da bahar demişəm.
Sevmişəm, misralara sığınmışam,
Yaralanmışam,
Qaralanmışam...
Aralanmışam özümdən, həm də sözümdən,
Ruhumun paramparça olmasına da bahar demişəm.
İndi martın ayazı qapımı döyəndə belə,
Adını pıçıldayıram şaxtalı küləklərə.
Sən mənim ən doğma məğlubiyyətim,
Ən şirin ağrımsan.
Səninlə gələn hər fırtınaya, hər tufana,
Ömrümü beləcə talan eləməyinə
Bahar demişəm mən...
Çünki səndən gələn hər kədərdə bir həyat var idi;
Sən varsan deyə,
Hətta ölümün özünə belə...
Bahar demişəm.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)


