“Biri ikisində” Pərvanə Məmmədlinin məqaləsi ilə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə məqaləsini təqdim edirik.

 

        

Ədəbiyyat – xalqın ruhudur

Bu ruhu öyrənmək, yazılmamış səhifələri üzə çıxarmaq milli borcumuzdur

 

Əksər dünya xalqlarının tarixində XIX əsr dövlətçilik ideyalarının möhkəmləndiyi, parçalanmış torpaqların birləşdirildiyi dövr kimi görünür. Azərbaycan üçünsə bu əsr parçalanma, yadlaşma və işğallar dövrü oldu. 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri təkcə diplomatik sənəd deyildi – o, bütöv bir xalqın ruhuna çəkilmiş sərhəd idi. Bu sərhəd milli yaddaşda   həm də mədəniyyətin, dilin, qohumluğun parçalanması kimi yaşandı. Güney Azərbaycanın min illik mədəni beşiyi Quzey üçün daim bir qaynaq olmuşdu, lakin bu qaynağın üstü zorla bağlandı. İkiyə parçalanmış bir xalqa yad əllər uzandı.  

Xalqların siyasi taleyi onların ədəbiyyatını dərin izlərlə formalaşdırır. Bəzən bu tale bütöv bir xalqı iki yerə ayırır: sərhədlər çəkilir, dillər parçalanır, yaddaş yaralanır. Ədəbiyyat isə həmin parçalanmanın ən güclü şahidi və ifadəçisinə çevrilir. Bu mənada, düşünürük ki, Güney Azərbaycanın ədəbiyyatı yalnız İran çərçivəsində deyil, dünyada oxşar təcrübələr yaşayan xalqların ədəbi irsi ilə müqayisədə də öyrənilməlidir.

Azərbaycan ədəbiyyatı əsrlərin sınağından keçmiş, müxtəlif ictimai-siyasi və mədəni mühitlərdə inkişaf edərək zənginləşmiş bütöv bir irsdir. Onun ayrılmaz və mühüm bir qolu isə Güney Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyat həm coğrafi, həm tarixi, həm də mənəvi baxımdan eyni qaynaqlardan su içmiş, Azərbaycan xalqının bütövlükdə mədəni yaddaşına misilsiz qatqılar vermişdir. Ancaq, təəssüf ki, bu zəngin irs hələ də yetərincə öyrənilməyib, araşdırılmayıb. Onun çoxlu yazılmamış səhifələri, araşdırılmamış mövzuları vardır.

Güney Azərbaycan ədəbiyyatı müxtəlif tarixi mərhələlərin çətin sınaqları içində formalaşmışdır. İstər Çar Rusiyası ilə Qacar dövrünün sərhəd bölgüləri, istər Pəhləvi dövrünün ağır assimilyasiya siyasəti, istərsə də İslam inqilabından sonrakı ideoloji məhdudiyyətlər bu ədəbiyyatın taleyinə təsirsiz qalmamışdır. Bütün bunlara baxmayaraq, Güney aydınları, şair yazıçıları milli ruhu, ana dili sevgisini və azadlıq ideallarını qorumağı bacarmışlar. Onların yaratdığı əsərlər təkcə ədəbi nümunə deyil, həm də milli-mənəvi dirənişin ifadəsi kimi dəyərlidir.

Lakin bu irs haqqında tədqiqatların azlığı, sistemsizliyi diqqəti çəkir. Bir çox yazıçıların əsərləri, mətbuat nümunələri, folklor örnəkləri hələ də arxivlərin tozlu rəflərində qalır. Bu yalnız ədəbiyyatşünasların deyil, bütövlükdə xalqın mənəvi yaddaşına qarşı da bir borcdur. Çünki öyrənilməyən ədəbiyyat – unudulmuş tarix deməkdir. Unudulmuş tarix isə milli kimliyin zəifləməsinə gətirə bilər.

Bu səbəbdən də Güney Azərbaycan ədəbi irsinin öyrənilməsi təkcə bir elmi məsələ deyil, həm də milli-mədəni missiyadır. Məqsədimiz bu çatışmazlığı aradan qaldırmaq, yazılmamış səhifələri işıqlandırmaq, oxucuya ədəbiyyat tarixinin tərəqqisini təqdim etməkdir.

Bu istiqamətdə biz gələcəkdə silsilə yazılar təqdim etməyi planlaşdırırıq.

XX əsrin ortalarından başlayaraq Güney Azərbaycan ədəbiyyatı ikiqat təsir altında formalaşdı: bir tərəfdən fars şovinizminin assimilyasiya siyasəti, digər tərəfdən Sovet Azərbaycanı ilə ayrılıq... Bu parçalanma yalnız siyasi coğrafiyada deyil, insan şüurunda da sərhəd yaratdı. Güney Azərbaycan şairləri üçün “dil” həm bir mübarizə aləti, həm də milli kimliyin son sığınacağı idi.

 Lakin unudulmamalıdır ki, Güney ədəbiyyatının özündə də bu dərd müxtəlif mərhələlərdə ifadə olunurdu. 1920-40-cı illərdə “Sandıq ədəbiyyatı” dönəmi, yəni qapalı, senzuralı şeir və nəsr dillə nəfəs almaq üçün gizli məkan axtarırdı. Rza şahın “dil yasağı” siyasəti Azərbaycan türkcəsini evlərdə gizlədilən bir mədəniyyətə çevirdi. Ancaq gizlədilmiş bu mədəniyyət güclü köklərə görə yox ola bilmədi.

Siyasətin bacarmadığı işi ədəbiyyat öhdəsinə götürdü. Cənub dərdi poeziyada, romanda, publisistikada yaşadı. Sovet ədəbiyyatının aparıcı qələm sahibləri – Səməd Vurğun, Süleyman Rüstəm, Mir Cəlal, Mehdi Hüseyn, Məmməd Səid Ordubadi, Mirzə İbrahimov öz yaradıcılıqlarında Təbriz motivlərini işlədi. Şəhriyarın “Heydərbabaya salam”ı Quzeydə oxunanda bir xalqın bölünmüş yaddaşına qığılcım kimi düşdü. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması isə siyasi sərhədlərin poetik məhkumluğunu ifşa edirdi. Bu mövzu sonralar Məmməd Araz, Balaş Azəroğlu, Abbas Makulu, Söhrab Tahir, Əli Tudə, Mədinə Gülgün kimi şairlərin də yaradıcılığında davam etdi.

 

1941-ci ildə sovet qoşunlarının İrana daxil olması ilə Azərbaycan xalqının tarixi taleyində yeni bir mərhələ açıldı. Arazın iki tərəfində uzun illər bir-birindən ayrı düşmüş insanlar arasında ilk dəfə canlı ünsiyyət yaranırdı. Bu, sadəcə siyasi hadisə deyildi, həm də milli yaddaşın oyanışı idi. Sovet qoşunlarının tərkibində Cənuba gedən ziyalılar həm təbliğatçı, həm də mədəni körpü rolunu oynadılar. Onların fəaliyyəti xalq arasında bir ümid oyatdı: sanki Azərbaycanın parçalanmış torpaqları yenidən birləşəcəkdi.

Amma bu ümid qısa müddətli bir illüziya idi. Nə Sovetlər Birliyi ilə İran arasında bağlanmış müqavilə, nə də beynəlxalq aləmin maraqları Cənubi Azərbaycanın siyasi müstəqilliyini tanıyırdı. Dünya gücləri üçün bu məsələ milli azadlıq ideyası yox, geosiyasi balans məsələsi idi. Beləliklə, tarixi reallıq şairlərin romantik ümidlərinin üzərinə sərt bir kölgə saldı. Ədəbiyyatın üzərinə isə yeni bir vəzifə düşdü: siyasi müstəqilliyi təmin edə bilməyən xalqın ruhunda bu ideyanı yaşatmaq.

1940-1950-ci illərdə Cənubda baş verən hadisələr təkcə oradakı şairlərin deyil, həm də Şimal ədəbiyyatının diqqət mərkəzində idi. Sovet senzurasının sərtliyinə baxmayaraq, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Osman Sarıvəlli və başqa şairlər Cənub mövzusuna müraciət etdilər. Bu faktın özü çox önəmlidir: Quzeydə ideologiya mərkəzdən idarə olunsa da, yazıçıların daxili duyğuları onlara Cənub faciəsini yazdırırdı.

1946-cı ildə Milli Hökumətin süqutu və Pişəvərinin faciəli sonluğu Cənub ədəbiyyatında yeni bir mərhələ açdı. Minlərlə ziyalı, yazıçı və şair Quzeyə – Sovet Azərbaycanına mühacirət etdi. Bu mühacirət sadəcə siyasi yox, həm də ədəbi mühitin taleyini dəyişən hadisə idi.

Balaş Azəroğlu, Seyid Cəfər Pişəvəri, Əli Tudə, Mədinə Gülgün, Söhrab Tahir, Məhəmməd Bi­ri­ya, QəhrəmanQəhrəmanzadə, Hökumə Billuri, İsmayıl Cəfərpur, Abbas Pənahi Makulu, Həmid Məmmədzadə, Qulamhüseyn Beqdeli, Həmzə Fəthi Xoşginabi, Qasım Cahani, Əbülfəz Hüseyni, Qafar Kəndli, Mirəli Mənafi, Aşıq Hüseyn Cavan və başqaları artıq Azərbaycan SSR-də ədəbi mühitin ayrılmaz hissəsinə çevrildilər. Onların poeziyası milli həsrətin, qürbətin, parçalanmanın və eyni zamanda ümidin poeziyası idi. Güneyli şairlər öz şeirlərində Cənub mövzusunu daim gündəmdə saxladı, onu Quzey oxucusunun milli yaddaşına çevirdi.

Bu mərhələdə Quzey ədəbiyyatı ikili məna qazandı: bir tərəfdən sosialist realizminin çərçivəsində formalaşdı, digər tərəfdən mühacir şairlərin gətirdiyi həsrət, azadlıq və qovuşma motivləri ilə yeni nəfəs aldı. Bu, ədəbiyyatı həm daha emosional, həm də daha milli etdi.

1941-46-cı illərdə Demokratik ədəbiyyat mərhələsi gəldi. Bu dövrdə senzurasız söz, sosial mövzular, fəhlə və kəndli həyatının bədii obrazları, ana dilli nəşrlər ön plana çıxdı. İlk dəfə aşıq ədəbiyyatı da siyasi çalar aldı. Bu, Güney ədəbiyyatında azadlıq nəfəsinin qısa, amma dərin iz buraxdığı bir mərhələ idi.

 Pəhləvi dönəmində hüzn, məhrumiyyət, qorxu, yadlaşma ədəbi üslubun aparıcı xüsusiyyətlərinə çevrildi. Ancaq məhz bu kədərli ədəbiyyat Şəhriyar, Sahir, Səhənd, Haşım, Savalan, Haşım Tərlan, Məhəmməd Bi­ri­ya, Əli Fit­rət, Mir Mehdi Etimad, həmçinin yüzlərlə adı az tanınan şairin yaradıcılığında gələcək azadlıq arzularının toxumlarını qorudu.

Onlar öz poeziyasında xalqın ikiyə bölünmüş taleyini ifadə edirdilər və yaradıcılıqlarında “yarım qalan vətən”, “itirilmiş torpaq”, “əsir dil” kimi obrazlar dəfələrlə təkrarlanırdı.

Güney ədəbiyyatının ən mühüm xüsusiyyətlərindən biri – mədəni müqavimət ədəbiyyatı olmasıdır. Şairlər üçün yazmaq sadəcə estetik akt yox, həm də milli varlığı qoruma vasitəsi idi.

 

Hər iki məkanda Azərbaycan dili ədəbiyyatın mərkəzi elementinə çevrildi. Quzeydə artıq rus dilinin təsiri hiss olunurdu, amma Güneydən gələn şairlər milli dili qoruyaraq tarixi və etnoqrafik çalarları əsərlərində təqdim edirdilər. Bu həm dil, həm də milli kimlik üçün möhkəm bünövrə yaratdı.

 

Şimal-Cənub ədəbiyyatının təmasına gəldikdə Süleyman Rüstəmin “Cənub şeirləri”ndə nostalji, həsrət və qardaşlıq motivləri ön plandadır. Səməd Vurğunun poeziyasında Cənub məsələsi daha çox romantik bir amal kimi qaldırılırdı. Rəsul Rza isə mövzunu bir qədər simvolik və fəlsəfi üslubda işləyirdi.

Tənqidi baxımından burada bir həqiqət görünür: müxtəlif üslub fərqlərinə baxmayaraq, Şimal şairləri milli duyğunu öz poeziyasına gətirməklə Şimal-Cənub arasında ruhani bir körpü yaradırdılar.

 

Bu körpü siyasi baxımdan yarımçıq idi, amma ədəbiyyat müstəvisində bütöv bir “milli mənzərə” formalaşdırdı. Güneydə üsyan və həsrətdən  yazılırdısa, Quzeydə həmrəyliyin poetik sədası eşidilirdi.

 

 Viktor Hüqonun dediyi kimi, hər siyasi inqilabın arxasında mədəni inqilab dayanır. Azərbaycan xalqının siyasi tarixi bəzən məğlubiyyətlərlə, yarımçıq qalan hərəkatlarla yaddaşımıza yazılsa da, mədəni inqilab – yəni ədəbiyyat – xalqın ruhunu qorudu. Bu gün də Güney və Quzey ədəbiyyatı bir-birini tamamlayan iki qanad kimi bütöv milli mədəniyyətin uçuşunu təmin edir.

Professor Yaşar Qarayevin haqlı olaraq qeyd etdiyi kimi, bu milləti bu günə qədər siyasi şüarlar deyil, poeziya birləşdirib. Araz çayı torpaqları ayırsa da, poeziya ürəklərin arasındakı Araza çevrilmədi. Bir xalqın iflici məhz bu ədəbi damarların kəsilməsi ilə baş verə bilərdi. Lakin o damarlar yaşadı.

Ümid edirik ki, Güneyimizlə bağlı silsilə yazılar oxucularımızın da ürəyincə olacaq. Çünki hər bir xalqın milli-mənəvi sərvəti ilk növbədə öz övladlarına çatdırılmalıdır. Bu sərvət xalqın mənsubiyyətini, kimliyini, gələcəyini müəyyənləşdirir. İnanırıq ki, Güney Azərbaycan ədəbiyyatının dərgimizin səhifələrində geniş ictimaiyyətə tanıdılması bütövlükdə Azərbaycan mədəniyyətinin güclənməsinə xidmət edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.