İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Məncə, şöhrət naminə vətəndən, onun dərd-sərindən üz döndərmək, yazmamaq elə vicdanın səsini eşitməmək kimi bir şeydir...” – belə deyib Zeydulla Ağayev. O kəs ki, Azərbaycanın tərcümə əıdəbiyyatının ən ünlü şəxslərindən biri kimi adını ədəbiyyatımız tarixinə yazdıra bilib.
Zeydulla Ağayev 2 mart 1945-ci ildə Masallı rayonunda anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Əmək fəaliyyətinə həmin institutda başlayıb, ali məktəbin "Bilik" qəzetinin redaktoru olub. Zeydulla Ağayev həm öz orijinal nəsr əsərləri, həm də ingilis dilindən etdiyi tərcümələri ilə tanınıb.
Azərbaycan oxucusu onun tərcüməsində Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey, Ayra Levin və başqalarının roman, povest və hekayələri ilə tanış olub. Zeydulla Ağayevin 1990-cı ildə nəşr etdirdiyi müasir Amerika yazıçısı Artur Heylinin "Aeroport" romanı milli ədəbiyyatımız tarixində birbaşa ingilis dilindən tərcümə edilən ilk romandır.
Zeydulla Ağayev "Müasir Azərbaycan nəsri"ni ingiliscəyə çevirmiş ilk bədii tərcümə sənətkarlarından biri idi. İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının bir sıra hekayələrini ingilis dilinə tərcümə etmişdir. O, İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının bir sıra hekayələrini ingilis dilinə çevirib və çap etdirib.
O, Azərbaycan — ABŞ əlaqələrinin ardıcıl tədqiqatçılarından olub. Bu sahədə xidmətlərinə görə ABŞ-nin Luiziana ştatının Fəxri vətəndaşı adına layiq görülüb. Dəfələrlə ABŞ-də elmi ezamiyyitlərdə olan alim iki il ərzində Vaşinqton və Kaliforniya Universitetlərində çalışaraq elmi araşdırmalar aparmışdı. Los-Anceles Universitetində dərs deyib.
Zeydulla müəllim Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi məşhur yazıçılarla məktublaşıb, hətta A. Əzimovun sağlığında Nyu-York şəhərindəki evində qonağı olub. Bədii ədəbiyyat tərcüməsində kamil sənətkar zirvəsinə yüksələn Zeydulla müəllim Azərbaycan yazıçılarının hekayə və pyeslərini ingilis dilinə tərcümə edib.
Onun rəhbərliyi və təşəbbüsü ilə Səmyel Uimzin "Ermənistan — terrorçu "xristian" ölkəsinin gizlinləri" (Bakı, Azərnəşr, 2004)ingiliscədən tərcümə olunaraq rus dilində böyük tirajla çap edilib, MDB məkanında olan ölkələrdə yayılıb. Yeri gəlmişkən qeyd edək ki, bu kitabda erməni millətçiliyinin iç üzü tutarlı faktlarla ifşa olunur. 2005-ci ildə Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin "Qisas" povesti əsasında yazdığı "Haray" faciəsinin Azərbaycan Dövlət Gənclər Teatrında tamaşası göstərilib.
Yeni səhnə əsəri tamaşaçılar və teatr mütəxəssisləri tərəfindən çox rəğbətlə qarşılanıb. Zeydulla Ağayev Azərbaycan Dövlət Dillər Universitetində elmi işlər üzrə prorektor, ədəbiyyat tarixi kafedrasının müdiri vəzifələrində çalışıb. 1980-ci ildə namizədlik, 1997-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib, bir monoqrafiya, 70-ə yaxın elmi, yüzdən çox publisistik məqalənin müəllifi olub. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. 17 fevral 2014-cü ildə Bakı şəhərində vəfat edib.
Kitabları
- Məhəbbət nəğməsi
- Beş günün intizarı
- Dünyanın düz vaxtı
- Yenilməzlik
Azərbaycan görkəmli ədəbiyyatşünası, folklorşünas - professor Qəzənfər Paşayev “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi “Tələbəm haqqında vida sözü” məqaləsində yazırdı:
“Mən namizədlik dissertasiyası müdafiə edəndə çox cavan olsa da, yaradıcılığımı ilk işıqlandıran unudulmaz tələbəm Zeydulla oldu. Məqaləyə qeyri-adi ad qoymuşdu: “Yolun pambıq olsun”. Fani dünya keşməkeşlidir. Nə edəsən ki, “həyat daimidir, insan amanat”... Ədəbi əlaqələr sahəsində danılmaz xidmətləri olan tanınmış alim, yazıçı və tərcüməçi, qürur duyduğum sevimli tələbəm aramızdan tez getdi. Təsəllini onda tapırıq ki, o, fundamental elmi əsərləri, tərcümələri və bədii əsərləri ilə bizimlədir.”
Onun yaradıcılığını tədqiq edənlərdən biri də yazıçı-publisistNurəddin Ədiloğlu olub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.03.2026)


