İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəzən bir yazıçıya məşhurluğu, tarixdə qalması üçün cəmi bir əsər kifayət edir. Ənvər Məmmədxanlıya “Buz heykəl” kifayət etdiyi kimi.
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil alıb. Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib. Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb.
Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934–1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941–1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilib.
1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olub. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasıda xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub.
Əsərləri
- Burulğan
- Bakı gecələri (hekayələr)
- Ayna (kinossenari)
- Analar və yollar
- Dirilik çeşməsi
- Buz heykəl
- Qərbə atəş
Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olub. İki dəfə "Şərəf nişanı" (1946–1949), "Qırmızı Əmək bayrağı" (1980–1983) və "İkinci dünya müharibəsi" (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunub. 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı... XX əsr Azərbaycan nəsrində lirik-romantik üslubun yaradıcılarından olan bu yazıçı istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoyub. Daha çox "Buz heykəl", "Od içində", "Ananın ölümü", "Silahlı dağlar", "Qanlı möhür" pyesləri ilə geniş oxucu kütləsi qazanıb
Yazıçı xalq şairi Rəsul Rza ilə həm xalaoğlu, həm əmioğlu olub. Ənvər Məmmədxanlı "Babək" romanını qələmə alsa da, romanı tamamlaya bilməyib. Yazıçının ölümündən sonra Anar həmin romanı və "Babək" kinossenarisini birləşdirib "Azərbaycan" jurnalında çap etdirib.
"Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasında yazılıb ki, deyilənə görə, Ənvər Məmmədxanlı Hüseyn Cavidin qızı Turan xanımla bir-birini seviblər, amma qovuşa bilməyiblər. Bəzi mənbələrdəki məlumata görə, hətta nişanlanıbmışlar.
Lakin H.Cavidin sürgün edilməsi Ə.Məmmədxanlını qorxudub və o, nişanlısından uzaqlaşıb. İllər Sonra H.Cavid bəraət aldıqdan sonra Ə.Məmmədxanlı Turan xanıma yenidən evlilik təklif etsə də, o belə cavab verib: "Mən qorxaq Ənvəri sevməmişdim, sevdiyim Ənvər cəsur biri idi". Buna görə özünü bağışlaya bilməyən yazıçı həyatı boyu ailə qurmayıb.
Turan xanım da bunu bildiyi üçün ərə getməyib və ömrünün sonuna kimi Ənvər Məmmədxanlının bacısı Həbibə xanımla rəfiqəlik edib.Yazıçının ən yaxın dostlarından biri Əvəz Sadıq olub. Mehdi Hüseynlə isə heç yola getməyiblər. Gah dalaşıb, gah da barışan yazıçılara bir gün Mircəfər Bağırov neftçilər mövzusunda birlikdə ssenari yazmağı tapşırıb, hər ikisi işləməkdən imtina etsələr də, bir neçə il sonra "Fətəli xan" filminin ssenarisini bir yerdə yazıblar.
Münasibətləri soyuq olsa da Ənvər Məmmədxanlı ilk dəfə Mehdi Hüseyndən Turan Cavidə görə xahiş edib ki, onu işə götürsün. Mehdi Hüseyn də xanımı işə götürüb. Çox qürurlu və romantik insan olan Ənvər Məmmədxanlının qəribə və özünəməxsus dünyası olub. Təbiət qoynunda təkliyə çəkilib saatlarla xəyal etməyi xoşlayırmış.
Bəzən xoş məclisdə, ya şirin bir söhbət əsnasında o birdən-birə öz iç dünyasına qapılar, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: "Nə olub sənə?" dalğın-dalğın cavab verərdi: "Həyatım ağrıyır".
Risk etməyi çox sevən yazıçının heç nədən qorxusu olmayıb. Cəfər Xəndanın dediyinə görə, bir dəfə Stalinqradda, döyüş xəttinin lap yaxınlığında olarkən qəflətən həyəcan siqnalı eşidilibmiş. Hamı təbii ki, qaçıb gizlənib, bircə Ənvərdən başqa. O, həyətdə o baş-bu başa gedərək heç nə olmamış kimi gəzib.
Ömrünün son illərində mədəsi onu çox incidib. Tək yaşamaq, nə gəldi bişirib yemək, kimsəni əziyyətə salmamaq xatirinə öz-özünə qulluq eləmək, xəstəliyinin əsas səbəblərindən olub. 76 yaşında qəfil xəstəxanaya yerləşdirilən yazıçı orada cəmi dörd gün yatıb. Axırıncı gecə sabaha yemək yox, qəzet gətirilməsini istəyib. Səhərisi isə həyatla əbədi vidalaşıb...
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.02.2026)


