Şaxta Babanın qətlində nə yerindədir, nə çatışmır? Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Ədəbi tənqid bölümündə ədəbiyyatşünas Sərvanə Dağtumasın “Müasir azərbaycan ədəbiyyatında polifonik və retrospektiv izlər:Qan Turalının “Gənc Qadının və Şaxta Babanın qətli” hekayəsində bir cinayətin mozaikası - dörd səs, dörd həqiqət” məqaləsini təqdim edir.

 

Yazıçı Qan Turalının “Gənc qadının və Şaxta Babanın qətli” hekayəsi müasir Azərbaycan ədəbiyyatında struktur baxımından fərqlənən, polifonik (çoxqatlı) həqiqət axtarışını əsas götürən, hüquqi, psixoloji, sosioloji və iqtisadi problemləri əks etdirən mozaika janrında yazılmış bədii nümunədir. Müəllif cəmiyyətdə geniş yayılmış patriarxal düşüncə tərzi, məişət zorakılığı, qadın hüquqlarının istismarı, kişilərin paranoyak qısqanclıqla “öz həqiqətini” zorla qəbul etdirməsini və bunun doğurduğu faciəvi nəticələri fərqli prizmadan işıqlandırır.

 

Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri hesab olunan Qan Turalı “Elektronik sevdalar” şeirlər kitabı, “Mustafa”, “Fələk qırmancı” romanları, “Füzulinin qayıdışı”, “Gənc qadının və Şaxta Babanın qətli” hekayələri və bir sıra bədii nümunələrin müəllifidir. Yazıçının “Gənc qadının və Şaxta Babanın qətli” hekayəsinin əsas süjet xəttini toplumun patriarxal düşüncə tərzi, insan taleyinin dekonstruksiyası, qadınların məişət zorakılığına məruz qalması, Othello sindromundan əziyyət çəkən və stereotiplərin yükü altında əzilməyə məhkum edilmiş kişilər, sənət adamlarının çətin həyat tərzi təşkil edir.

Hekayədə baş vermiş cinayət hadisəsinin təfərrüatları dörd “şahidin” dilindən verilir. “müstəntiqi” oxucudur. Törədilən qətl hadisəsinin izinə düşən “müstəntiq” dörd nəfərin gözü ilə hadisələri müşahidə edir, araşdırır, hər obrazı “dindirir”. Dörd “şahidin” verdiyi “ifadəni” analiz edərək, “protokollaşdıraraq” hadisələri müxtəlif prizmalardan dəyərləndirməyə çalışır, “doğru” ilə “yalan” arasındakı sərhədləri öz vicdanı ilə aydınlaşdırmağa başlayır. Onun məqsədi cinayət motivini müəyyən etmək və obrazları anlamağa çalışmaqdır. Hər “şahid” (obraz) daxili monoloqu ilə çıxış edir, öz “həqiqətlərini” danışır, “ifadələrini” verir.  Müəllif heç bir “şahidin” (obrazın) səsini boğmur. Hər obrazın özünəxas arqumentləri və həqiqəti “payı” var. Hekayə daha çox şəxsi qənaətlər və qəhrəmanların hiss etdiyi duyğulara əsaslanan fraqmentlərdən ibarətdir. Bu baxımdan hekayənin strukturu ədəbiyyatşünas Mixail Baxtinin polifonik mətn konsepsiyası ilə səsləşir.

Polifonizmdə qəhrəman özü ilə daxili polemikadadır, onun digərləri ilə etdiyi konflikləri, aqressiyası əslində özünə yönəlib. Müəllif bu tip mətnlərdə tək bir həqiqəti vurğulamır, hər obrazı dinləyir və oxucunu mühakimə etməyə dəvət edir, ixtiyarı onun vicdanına buraxır, müəllif düşüncəsi digər düşüncələri də özündə cəmləşdirir. Biz bütün qəhrəmanların səsini “eşidirik”. Bu barədə M.Baxtin yazır: “Polifonik romanın müəllif-yaradıcısı bu qəhrəmanların hər birində “olmaqda qalır” [11] və ya “Müəllif öz qəhrəmanı ilə mübahisə etmir və onunla heç bir razılığa gəlmir. Müəllif qəhrəmanla danışmır, onun haqqında danışır ”. [3, s.108].

Hekayə mozaika formasında yazılıb. (çoxqatlı həqiqət axtarışı)  Mozaika latınca “musalara həsr olunmuş əsər” deməkdir, təbii və ya süni materiallardan hazırlanmış, xırda detallardan ibarət sənət əsəridir. Mozaikanın özəlliyi ondan ibarətdir ki, onun elementləri möhkəm və davamlı olur, və tərkibindəki materialların yüksək keyfiyyətə malik olması maddi dəyərini artırır. Mozaika formasında yazılmış bədii mətnlərin sabit süjet xətti yoxdur,  qəhrəman, məkan, zaman və mövzu hər fəsildə fərqli ola bilər: “Detektiv hekayələrdə daha çox mozaikaya sənət obyekti kimi deyil, parçalardan tam mənzərə yaratmaq üsulu kimi rast gəlinir, çünki janrın mənası məhz bundan ibarətdir”. [10]. Bütün bunların kontekstində hekayənin süjet xəttini bir yerdə saxlayan ümumi ip və əsas kök (ağacın kökü kimi düşünə bilərik) mövcud olur. Mozaika formasında yazılmış romanlar adətən, fəsillərdən deyil, bir-birinə bağlı qısa hekayələr silsiləsidən ibarətdir. Bu janrda yazılmış əsərlərdə obrazlar çox vaxt bir-birini tanımır, bir-birilə görüşmür, ancaq hansısa səbəb onları bir araya gətirib görüşdürür.Hər kəs fərqli rakursdan çıxış edir.Mozaika janrına kino sahəsində də rast gəlinir.  (antologiya və ya omnibus filmi)

Karnaval elementlərinin (Mixail Baxtinin konsepsiyası) yer aldığı hekayədə müəllif  “ciddi və nümunəvi” ailə modelini ironik şəkildə ələ salır, ailə institutunun deformasiyaya uğradığını bədii dillə ifadə edir. “Karnavalı seyr etmirlər və ciddi şəkildə desək, hətta onu ifa da etmirlər, karnavalda yaşayırlar, onun qanunlarının qüvvədə olduğu müddətdə bu qanunlarla oturub-dururlar, yəni karnaval həyatını yaşayırlar. Karnaval həyatı isə öz adi cızığından çıxarılmış həyatdır, müəyyən dərəcədə “həyatın astar üzü”dür, “tərsinə dünya”dır”. [3, s.166]. Qan Turalının əsərində də mövcud normalar, gizli maskalar ifşa edilir, karnaval ruhu hekayədə ön plana keçir: ata qoruyucu yox, qatil olur, ana ilə uşaqlar karnavalın qurbanına çevrilir. Hekayədə bir çox karnaval elementlərinə rast gəlirik: Şaxta Baba yeni ilin simvoludur, ancaq kədərli və talesiz bir insandır;“müqəddəs ailə” anlayışı hekayədə alt-üst edilir; Elman sadəcə, ailəsini, namusunu qorumağa çalışır və günahsızdır. “Karnaval mqəddəsi naşı ilə, yüksəyi alçaqla, dəyərlini dəyərsizlə, müdriki axmaqla yaxınlaşdırır, əlaqələndirir və birləşdirir”. [3 s.167].

Müəllif  müşahidəçi qismində çıxış edir və oxucu - müstəntiq” zərərçəkmiş və qətlə yetirilən qurbanları, (viktimoloji təhqiqat) cinayətkarı (kriminoloji təhqiqat) “dindirir”. Bununla da o, obyektiv bir baxış bucağı yaradır. Cinayət niyə baş verdi və bunu edən şəxs kimdir? (kriminologiya) Cinayətkar nəyi düşünüb hərəkətə keçdi, onun psixoloji durumu necədir, ruhi sağlamlığı yerindədirmi? (məhkəmə-tibbi ekspertiza) Cinayət necə törədilib və maddi sübutlar bizə nə deyir? (kriminalistik təhqiqat)

Qan Turalının “Gənc qadının və Şaxta Babanın qətli” hekayəsinin əsas qəhrəmanları Şaxta Baba, Gülgün, Nailə və Elmandır. Uşaqlar atalarını görmək istəmir, Şaxta Baba çaşqınlıq içərisindədir, Nailə ərini günahlandırır, Elman “namusunu təmizlədiyini” düşünür. Həqiqət bütöv deyil, parçalanıb, şüşə qırıqları kimi hər yerə səpələnib, ayağını basdıqca canını “yandırır”. “Müstəntiq” (oxucu) bu hissələri, fraqmentləri dinlədiyi “izahatları”, sınıb ətrafa dağılan şüşə qırıntılarını ehtiyatla toplayıb mətnin (və özünün) daxilində birləşdirməlidir. O baş vermiş hadisəni dörd nəfərin gözü ilə anlamağa çalışmalı, dinləyib sonda nəticə çıxarmalıdır. (dörd səs və dörd həqiqət)

Bədii əsərdə hadisələr fraqmental şəkildə irəliləyir və subyektiv yaddaş prizmasından təqdim olunur. Oxucu mətni çoxqatlı istintaq obyektinə çevrilmiş hadisələr toplusu kimi dərk edir. Hər obraz ayrı-ayrılıqda “istintaqa cəlb olunur” . Gəlin şahidlərin “ifadələri” ilə  tanış olaq.

İfadə protokolu 1.

Tarix:Məsum ruhların sükutu radələrində

Məkan: Uşaqlıq yaddaşının qaranlıq otağında

İfadə verən:Gülgün - azyaşlı şahid

Müstəntiq: Oxucu

Gülgün  “izahatında” qeyd edir ki, 3 yaşı olduğu üçün çox şeyi xatırlamır, sadəcə anasının onunla bacısı Gülnuru Yeni ilə görə parka aparması, Şaxta Baba ilə şəkil çəkdirmələri, atasına məktub yazması, məktubla birgə şəkili poçtla göndərmələri, daha sonra isə atasının qəzəblə evə gəlməsi və anası ilə mübahisə etməsi, ona güldan atması və sonra onları bir də heç vaxt görməməsi yaddaşında qalıb. “Daha anamızı görmədik. Atamızı da. Anamı həkimlər apardı, atamı polislər”.  [5]. Gülgünün izahatında ailənin necə dağılmasının onun həyatında yaratdığı fəsadları görürük. Azyaşlı keçmişdə yaşadığı, şahidi olduğu hadisələri fraqmental şəkildə xatırlayır, bütün bunlar onun gələcəyinə də təsir edir. Gülgünün danışdığı hekayə ilk baxışdan bəsit görünür, ancaq bütün bunlar onun kiçik yaddaşında yer edən, uşaqlıq ruhunda dərin izlər qoyan acı xatirələrdir. Gülgün ömür boyu bu travmaların təsiri altında böyüyür. Ailənin “damı” uşaqlardır, “dam” uçulsa, evin altında qalıb əzilən ilk qurbanlar günahsız uşaqlar olacaq. Gülgün də Gülnur da ataları tərəfindən yetimə çevrilən məsum qurbanlardır. Atalarının etdiyi yanlış hərəkət bütün ailənin taleyini kökündən dəyişir. Hadisənin azyaşlı şahidi atasını günahkar bilir, onunla görüşmək istəmir, travmatik hadisənin təsiri altında böyüyüb. Birbaşa qurban seçilməsə də onun məsum ruhu zədələnib.

İfadə protokolu 2.

Tarix:Aktyorsuz səhnədən aktyorlu cinayətə uzanan vaxtradələrində

Məkan: Arzuların dar küçəsində

İfadə verən:Şaxta Baba -zərərçəkmiş şəxs (viktim) 

Müstəntiq: Oxucu

Şaxta Baba “izahatında” əvvəlcə öz həyatından danışır:İncəsənət Universitetini bitirib, akytordur, “Aydın” obrazını (Cəfər Cabbarlının “Aydın” pyesi) çox sevir, kasıb həyat tərzi var, toylara da gedə bilmir, kirayə pulunu güclə ödəyir, vaxtının çoxunu mütaliə ilə keçirir. Qarşılaşdığı haqsızlıqlardan, korrupsiyadan təngə gəlib. Həyatında davamlı uğursuzluqlar yaşayır, dramı oğurlanır, maddi ehtiyaclarını qarşılamaq üçün çabalayır. “İcra başçısının atası dramaturq idi. Ancaq onun əsərlərini qoyurdular. Polisin rəşadəti, Qarabağ, vətənpərvərlik haqda dramlar yazırdı. Mənə də elə-belə rollar verirdilər”. [5].  (onun eyhamını başa düşdüz?) Çətin həyat şərtləri onu Şaxta Baba libasını geyinməyə məcbur edir. Səhnədə bir çox rolları canlandıran aktyor Parkda oynadığı Şaxta Baba “obrazı” uğur gətirmir, qazancını artırmaq yerinə az qala canından olur. Gənc aktyor tanımadığı bir kişinin qurbanına çevrilir. “Cibindən çıxartdığı bıçağı ürəyimə soxdu. “Sən kimsən ki, əlini mənim arvadımın çiyninə qoyursan?” Eşitdiyim son söz bu oldu. Yerə yıxıldım. Xəstəxanada ayıldım. Bir ay xəstəxanada yatdım”. [5]. Şaxta Baba öz xəyalları ilə yaşayan, həyatda özünə yer tapa bilməyən bir qəhrəmandır. Yazıçı Afaq Məsud hekayə haqqında yazır:Mənə isə bu, günümüzün acı reallığını – öz nəhəng yaradıcı niyyəti və arzularıyla sosiallığın öldürücü qəzalarına uğrayan istedadlı sənət adamlarının son ucda hüquqları tapdanmış, alçaldılmış və təhqir edilmiş acıqlı Şaxta Baba taleyini xatırladır.” [1]. Maddi ehtiyaclarını qarşılamaq üçün seçdiyi yol Şaxta Babanı toplumun “təhlükəli” fərdinə çevirir. Halbuki, onun heç kəslə işi yoxdur, sənəti sevən, öz işində olan gəncdir, qəfildən təsadüfi bir hadisənin qurbanına çevrilir.

İfadə protokolu 3.

Tarix:Ailənin çat verdiyi anlar radələrində

Məkan: Cehiz xalçasında qurulan qəbir otağında

İfadə verən:Nailə - qətlə yetirilən şəxs (viktim)

Müstəntiq: Oxucu

Qətlə yetirilən şəxsin - Nailənin verdiyi “ifadəyə” görə, o, Elmanın əmisiqızı idi. Elmanla evlənmək istəmirdi, ancaq Moskvada yaşayan Elmanın onun təhsil həyatına dəstək ola biləcəyi ümidi ilə razılaşdı. Elmanla öncədən şərt kəsdi. Elman da Nailənin şərtini qəbul etdi. Nailə sırf təhsil almaq üçün bu evliliyə razı oldu. Gənc qız imtahandan uğur qazanıb Moskva Dövlət Universitetinə qəbul oldu. Dediyinə görə, onun bəxti gətirmir, başqalarının tənələri və təsirinə məruz qalan Elman onun təhsil almasına etiraz edirdi. Gənc yaşlarında çarəsiz qalıb evləndirilmiş, təhsil almaq arzusundan imtina etməyə məcbur olmuş və arzuları əlindən alınmış Nailənin tək təsəllisi uşaqları olur. O, uşaqlarını böyütmək üçün mübarizə aparır. Onun verdiyi “ifadədən” belə anlaşılır ki, sosial təzyiqin təsirilə böyümüş, duyğularını ifadə etməkdə çətinlik çəkən, azadlığı əlindən alınmış, ərinin kompleksi altında əzilib incidilən qadın olub. Elman Moskvada istədiyi kimi yaşayır, amma Nailə üçün sərhədlər qoyur, onu məhdudiyyətlər içində boğur. Nailə cəmiyyətin əsəridir. Təhsil almaq, övladlarına gözəl gələcək vermək istəyir, yoldaşının şübhəçi, obsessiv düşüncələri və paranoyak davranışları onu təngə gətirib. Sonra isə əri onu başqalarının təsirinə qapılıb qısqanclıq zəmində qətlə yetirir. Nailə ölümündən öncə susub dilə gətirə bilmədiyi düşüncələrini öldürüləndən sonra  “müstəntiqə” “ifadəsində” “etiraf edir”. “Bu qədər əziyyət çək, onlara atalıq elə, analıq elə, müəllimlik elə, ataları da gəlib səni bu vəziyyətə salsın. Axırda bezdim. Dedim, sən yaxşı kişi olsan, uşaqlarının üstündə olarsan, gedib orda rus qızlarıyla gəzməzsən. Bunu deyən kimi gözümə qaranlıq çökdü. Yerə yıxıldım. “Rədd ol get matişkə məşuqənin yanına”. Eşitdiyim sön söz bu oldu. Cehiz xalçama qan damırdı. Elə o xalçanın üstündə öldüm”. [5].Niyə məhz cehiz xalçası? (məhkəmə-trasoloji ekspertiza) Bəlkə, Nailə “məni valideynlərim öldürdü” demək istəyirdi?

 İfadə protokolu 4.

Tarix:Cəmiyyətin qınağına bükülmüş ömür radələrində

Məkan: Həbsdəki ailə bağçasının solmuş gülləri otağında

İfadə verən:Elman - qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs

Müstəntiq: Oxucu

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Elman “izahatında” verdiyi ifadəyə görə, qətlə yetirdiyi həyat yoldaşı Nailə onun əmisi qızıdır. Dediyindən belə məlum olur ki, Nailə ilə onu sevdiyi üçün yox, “gözünün qabağında böyüyən yaxşı qız” olduğu üçün evlənmişdi. Dostlarının, yaxınlarının rişxəndləri, ailəsini ələ salmaları, onun psixologiyasına ciddi şəkildə təsir edirdi. Bu səbəbdən Elmanın Othello sindromundan (patoloji qısqanclıq sindromu) əziyyət çəkən və sosial təzyiqin qurbanına çevrilmiş biri olduğu anlaşılır. Onun “ifadəsindən” belə nəticəyə gəlirik ki, xaraktercə zəifdir, tez təsirə düşür, həyat yoldaşına və ən əsası özünə güvənmir. Paranoyak və obsessiv davranışlara sahibdir, həyat yoldaşına psixoloji zorakılıq göstərir. Düz bir həftə arxasınca getdim. Bir-iki dəfə də gözünə göründüm, yalandan dedim ki, burda işim vardı. Məqsədim oydu ki, narahat olsun, bilsin ki, onu izləyirəm, ağlına başqa şey gətirməsin”. [5].Verdiyi “ifadədən” belə nəticəyə gəlmək olar ki, Elmanın narsist təbiəti var, şiddətə meyllidir, yoldaşını yox, “nəslini davam etdirmə potensialına sahib uşağı sevir”.  “2-3 ay gününü göy əskiyə bükdüm. Amma çox vurmurdum. Hamilə idi çünki. Uşağa bir şey olardı. Analıq məzuniyyətinə çıxdı. Daha qoymadım getməyə”. [5]. Elman yoldaşına seçim haqqı tanımır, onu patriarxal ənənənələrin təsirilə “sıxır”. Həyat yoldaşını hamilə olduğuna görə çox döyə bilməməsi Elmanın (cəmiyyətin) şiddəti və zorakılığı normallaşdırmasına işarədir. O, atalıq məsuliyyətini dərk etmir, sadəcə formal olaraq, cəmiyyətin gözləntilərini qarşılamağa, ailədəki “hüquqlarını” icra etməyə, toplumun təlqin etdiyi “ailə modelini” tətbiq etməyə çalışır. “Adını da Nailə qoydu: Gülnur. Ad xoşuma gəlmişdi. Ona görə də razılıq verdim”.  [5].

Elman “izahatında” qeyd edir ki, toplumun “tələbi” ilə qızını da həyat yoldaşı kimi Moskvada oxuda bilmir və ailəsini Azərbaycana göndərib Moskvadakı “fəaliyyətinə” davam edir. Həyat yoldaşı Nailə və uşaqlarının Şaxta Baba ilə çəkdirdiyi şəkili görür, daha doğrusu yoldaşı ona şəkli göndərir. Daha sonra “ifadəsində” qeyd edir ki, sosial “vəsvəsələr”in təsirinə düşüb (toplumun içindəki nifrətini təzahürü) affekt vəziyyətində həyat yoldaşını bıçaq zərbəsilə (məhkəmə-trasoloji ekspertiza) qətlə yetirir və gedib polisə təslim olur.

“Dindirmədən” yekun nəticə çıxarsaq, deyə bilərik ki, törətdiyi cinayəti etiraf edən Elman sadəcə ailəsini qorumağa çalışırdı, “günahsızdır”. Elman əslində, cəmiyyətin yaratdığı patriarxal kodları öz daxilində yaşadır, sosial qınaqdan qorxur. Elman bu hərəkətləri ilə ailəsini qoruduğu, özünü cəmiyyətə sübut etdiyini və “namusunu təmizlədiyini” qeyd edir. Elman səhvini dərk etmir, mühakimələrin absurd və ya məntiqli olmasını sorğulamır, əksinə özünü günahsız və qurban gözündə görür, qızlarının onunla görüşməməsini sanki özünə qarşı edilən haqsızlıq kimi qəbul edir. Məsuliyyətdən qaçır, yersiz bəhanələr uydurur, etdiyi əməllərinin fərqində deyil, özünə bəraət qazandırır. Bəli, hüquqi müstəvidə Elman azadlıqdan məhrum olunacaq, bəs mənəvi müstəvidə?  “Qardaşlarım pul töküb məni ömürlük həbsdən qurtardılar. 15 il iş aldım. Keçən dəfə evə zəng vurub anama dedim ki, uşaqları gətirin yanıma. Qızlarım məni görmək istəməyiblər. İndi Gülgünün 15 yaşı var, Gülnurun 18”.  [5].

Elman dərk edir ki, adam öldürmək hüquqi baxımdan ağır cinayətdir və cəzasız qalmayacaq. O bilir ki, qanundan qaça bilməz, onsuz da törətdiyi cinayətə görə azadlıqdan məhrum ediləcək. (Maddə 120.) O, qanundan çox qınaqdan qorxur, cəmiyyətdən “bəraət” gözləyir, çünki o “namusunu təmizləyib”. Ona həbs olunmaq, ailəsini dağıtmaq deyil, cəmiyyətin alnına vurduğu “qatil” damğası, qınaqla yaşamaq daha ağır gəlir. Patriarxal sistem kişiləri belə qoruya bilmir. (Elman, Şaxta Baba)

Qan Turalının “Gənc qadının və Şaxta Babanın qətli” hekayəsi özünəməxsus poetik xüsusiyyətləri ilə seçilir. Hekayə retrospektiv baxış və polifonik (çoxqatlı) süjet xətti ilə diqqət çəkir. Bədii mətndə xronoloji ardıcıllıq pozulub, bütövlük yoxdur, dörd nəfərin baxış bucağı və xatırladığı hadisələrin nəqli təsvir olunur. Hekayə modernizm cərəyanında yazılıb. Hadisələrin təsviri şüur axını formasında qələmə alınıb, məkan anlayışı, zaman axışı pozulub, nisbidir, obrazların daxili səsləri və hissləri ön plandadır. Məkan dağınıq və simvolik şəkildə işlənib, zamanla məkanın sərhədləri pozulub. (narrativ struktur) Hekayənin vahid süjet xətti var, hadisələr fərqli zamanlarda və məkanlarda cərəyan etsə də hadisələr bir-birilə əlaqəlidir. Zaman axını destruktiv, ancaq bütövdür. Zaman ardıcıllığı pozulub, fərqli zaman qatları mozaika formasında birləşib, həqiqət deformasiyaya uğrayıb. (postmodern yanaşma) Hekayədə müxtəlif zaman formaları ilə qarşılaşırıq: müəllifin təqdim etdiyi zaman, obrazların daxili zamanı, subyektiv zaman,  metafizik zaman-qətlə yetirilən qurbanın “danışması”. (postmodern element)

Cinayətə təhrik edən səbəblər nədir? Ailədə hüquq bərabərsizliyi, şayiələr və yersiz təzyiqlərin fərdin psixologiyasına təsiri, emosional sabitsizlik, impulsiv qərar vermək, kişinin özünü sübuta yetirmə ehtiyacı, stereotiplərin qurbanına çevrilmiş fərdlər. Obrazlar sadəcə hadisələrin daşıyıcısı olmaqla yanaşı, sosial və psixoloji qatları təmsil edir. Faciəvi hadisənin şahidinə çevrilən Gülgün uşaq travmalarının ailə institutunun dağılması fonunda necə yaranmasının və bundan zərbə alan uşaqların simvoludur. Şaxta Baba laqeyd sənət aləmində boğulan, bəxti səhnədə də, həyatda da gətirməyən, lakin həyatı üçün mübarizə aparmağa davam edən, sosial ədalətsizlik kontekstində təsadüfi cinayətin qurbanına çevrilən sənət adamlarının simvoludur. Nailə susmağa məhkum olunan qadın taleyinin simvoludur. Elman isə Othello sindromunun, emosional sabitsizliyinin, cəmiyyətin kişiyə yüklədiyi “mülkiyyət” hissinin, toplum tərəfindən əzilən “kişiliyinin” və zəif xarakterinin qurbanına çevrilmiş kişilərin simvoludur. Elman öz səhvlərini etiraf etməkdən qorxur, çünki zəifliyini qəbul edə bilmir, bunu özünə yaraşdırmır. Elman da, Nailə də sevməyi bacarmır, sevginin nə olduğunu bilmirlər. Qorxurlar, sevməkdən, sevilməkdən qorxurlar, ehtiyat edirlər, sevgi dilləri, sevgini göstərmə şəkilləri fərqlidir. Hər ikisi doğulduğu evdən öyrəndiklərini öz ailələrində tətbiq etməyə çalışır. Onların “sevgisi” sanki reper Orxan Zeynallının “Çox sağol” adlı ifasında səsləndirdiyi cümlələrdən birində ifadə olunur:Hisslər iynədir, Hər dəfə qucaqlaşanda batır qanıma”.

Tənqidçi, professor Tehran ƏlişanoğluMüasir Azərbaycan ədəbiyyatı oçerkləri: Qan Turalının həyat praqmatikası” adlı məqaləsində yazır:Qan Turalının ən müxtəlif janrlarda yazılarını birləşdirən xətt - yazıçının həqiqət axtarıcılığı, zamanın sürətlə dəyişən ritmini, ahəngini, qlobalizə əsrinin "tələb və təklifləri"ni milli ədəbiyyata gətirmək cəhdidir”. [4, s.34]. Qan Turalı müasir dövrün sosial və psixoloji problemlərini bədii və təsirli şəkildə təqdim edir. Məişət zorakılığı və patriarxal dəyərlərin tənqidi, sosial-iqtisadi çətinliklər, (teatrda hökm sürən korrpusiya, beş min manata hərbi bilet alıb hərbi xidmətdən boyun qaçıran gənclik) toplumun iştirak etdiyi “qətllər”, təsirə düşən, iradəsiz fərdlər, “keflənmək və evlənmək üçün qızlar” bölgüsünü aparan natamam kişilərin tənqidi müəllifin tənqid hədəfləri sırasındadır.

“Gənc qadının və Şaxta Babanın qətli”  hekayəsində bir foto bir cinayətə səbəb olur, Yeni il, ailə taleyi yaddaşlarda donur, arzuları məhv edir. Bədii nümunə həm də xəbərdarlıqdır. Burada konkret günahkar axtarılmır və konkret bir obrazı ittiham edilmir, sadəcə ümumi pəncərə açılır, hər kəsin öz doğrularının olduğu göstərilir. Qan Turalı “Kimdir müqəssir?” sualı ilə oxucuda çaşqınlıq yaradır, bu sualın cavabını  oxucunun ixtiyarına buraxır. Hekayə oxucunu düşünməyə, təhlil etməyə, mühakimə yürütməyə və özünü tapmağa dəvət edir.

 

Ədəbiyyat

1.     Afaq Məsud Qan Turalıdan yazdı. Qafqazinfo.az. https://qafqazinfo.az/news/detail/afaq-mesud-qan-turalidan-yazdi-31835 (21.12.2012)

2.     Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. E-Qanun. https://frameworks.e-qanun.az/46/f_46947.html (30.12.1999)

3.     Baxtin, M. Dostoyevski poetikasının problemləri. Bakı, “Kitab aləmi” nəşriyyat-poliqrafiya mərkəzi, 2005, 384 s.

4.     Əlişanoğlu, Tehran. Müasir Azərbaycan ədəbiyyatı oçerkləri: Qan Turalının həyat praqmatikası, //Ədəbiyyat qəzeti.-2023.- 30 sentyabr.- S.34-37.

5.     Qan Turalı. “Gənc qadının və Şaxta Babanın qətli” hekayəsi. Kulis.az. https://kulis.az/xeber/nesr/genc-qadinin-ve-saxta-babanin-qetli-qan-turalinin-hekayesi-7557 (17.07.2023)

6.     Travers.M. A Psychologist Explains The Extreme Jealousy Of ‘Othello Syndrome’. Forbes. https://www.forbes.com/sites/traversmark/2024/07/10/a-psychologist-explains-the-extreme-jealousy-of-othello-syndrome/ (10.07.2024)

7.     Ахмедшин Р.Л. Лекции по правовой психологии. Судебная психология. Yurpsy.com.http://yurpsy.com/files/ucheb/ahmed/013.htm 2019

8.     Горшенков Г. Н. Виктимологический аспектновой криминологии. Cyberleninka.ru .https://cyberleninka.ru/article/n/viktimologicheskiy-aspektnovoy-kriminologii  2015

9.     Кошемчук. Т.А. Смеховая культура, карнавал, карнавализация, Достоевский и особенности философствования Бахтина. Русская литература. http://russian-literature.com/ru/research/sankt-peterburg/ta-koshemchuk-smehovaya-kultura-karnaval-karnavalizaciya-dostoevskiy-i-osobennosti-filosofstvovaniya-bahtina

10.Ласточкина.Н. Мозаика в художественной литературе. Керамос-Арт.  http://www.keramos-art.ru/text/mozaika-literatura/

11.Макаричев.Ф.В., Макаричева. Н. А.  Полифонизм индивидуализированных контекстов как научная проблема: неизбывность концепции М. М. Бахтина. Cyberleninka.ru.https://cyberleninka.ru/article/n/polifonizm-individualizirovannyh-kontekstov-kak-nauchnaya-problema-neizbyvnost-kontseptsii-m-m-bahtina № 1 (53) 2016

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.