“Ədəbiyyat və incəsənət” portalı dünən və bu gün sizlərə Təranə Dəmirin yeni şeirlərini təqdim etməkdədir.
BAĞIŞLA MƏNİ, DEKABR
Dekabr,
Şəhər küçə-küçə,
Ağaclar külək-külək üşüyür.
Mən də üşüyürəm,
Saçlarım dən-dən,
Əllərim çiçək-çiçək üşüyür.
Bir "Salam" kəlməsinə qaçır baxışlarım,
Gülümsəyirəm--
İnsanlara, ağaclara, quşlara, küləyə, yağışa.
Bir ilıq təbəssümdə gizlədirəm kədərimi doğrusu,
Otuz il əvvəlki kimidi,
Məni uzaqdan vurur dənizin qoxusu.
İstəyirəm tələsəm,
Ayaqqabılarımın səsi başıma düşür,
O da ayaqlarım kimi yorulub deyəsən.
Birdən kimsə adımı çağırır,
Düşürəm bu səsin sehrinə,
Ürəyim uçunur adıma sarı.
Dönüb bir fəsil geri qayıdıram üstündə yeridiyim zamanı,
Hardayam?
Hardadı?
Hanı?
Bir oğlan bir qızın saçlarını baxışlarıyla sığallayır,
Qız nazlanır,
O nazlandıqca mənim bir sığallıq təbəssümə tamarzı yanaqlarım islanır.
Çatlaq dodaqlarım göz yaşını başına çəkir,
Nəfəsi üstünə gəlir dodaqlarımın.
Sonra təzədən qayıdıram bu saata, bu yerə, bu günə,
Sakitcə keçib gedirəm yanlarından yağış-yağış,
Gözüm qıza sataşır
"Bu qız mənə oxşamır axı"
Sahil boyu göyərçinlər didib dağıdır torpağı,
Onlar dən,mənsə xatirə axtarıram.
Dekabr,
Səni bu gün də addım-addım arxada qoyuram-
Dizimdə yel,gözümdə eynək, çiynimdə dopdolu aldanış.
İstəyirəm dənizə daş atım,
Ürəyim sözümə baxmır.
Mən səndə doğuldum, mən səndə böyüdüm,
mən səndə sevdim, mən səndə aldandım,
Bağışla məni, dekabr!
ÇIXMAYA
Böyük dərddi ümidini
Kəsəsən qanın çıxmaya.
Alışasan diri-diri,
Öləsən, canın çıxmaya.
Danışmağa qoymayalar,
Susasan, səbrin darala.
Özünə qəbir qazasan,
Girəsən, qəbrin darala.
Bir balaca yuvan ola,
Çalın, çəpərin olmaya.
Yatasan fil qulağında,
Filin xəbəri olmaya.
Qollarından asılasan,
Ayağın yerdən üzülə.
Qaçasan ruhuna sarı,
Qaçasan, ipin kəsilə.
Başına daşın tökülə,
Qalasan daşın altında.
Bir yalan başın üstündə,
Bir yalan başın altında.
ALDATDI BİZİ
Balım, şəkərim dedilər,
Noğullar aldatdı bizi.
Göydən üç alma düşmədi,
Nağıllar aldatdı bizi.
Düşdük fələyin dalınca,
Suyun, çörəyin dalınca,
Ac qaldıq, çapdıq qılınca,
Cığırlar aldatdı bizi.
Dərədən, təpədən keçdik,
Dənizdən, ləpədən keçdik,
Neçə cür zirvədən keçdik,
Çuxurlar aldatdı bizi.
Yalanlara arxalandıq,
Bar verdikcə uralandıq,
Medal-medal qaralandıq,
Uğurlar aldatdı bizi.
Ürək qaldı, gözə qaçdıq,
Sükut qaldı,səsə qaçdıq,
Sevgidən həvəsə qaçdıq,
Sığallar aldatdı bizi.
İLAHİ!
Bir yuxudan asılmışam, qorxulu,
Çin-şeytanlı, əjdahalı, oğrulu,
Burda hər yan qaranlıqda boğulur,
Bu yuxunun günü yoxdu, İlahi.
Çalışıram, yönün tapa bilmirəm,
Dolaşıram, önün tapa bilmirəm,
Axtarıram, hanı, tapa bilmirəm,
Bu yuxunun çəmi yoxdu, İlahi.
Bir yol gedir əyri-üyrü, dolanbac,
Sınıq-salxaq, uçuq-sökük, yalavac,
Bu yuxunun xəyalları acdı, ac,
Bu yuxunun dəni yoxdu, İlahi.
Vurnuxuram bu qorxunun içində,
Bu iblisin, bu oğrunun içində,
Kim çıxacaq bu yuxunun içindən?
Bu yuxunun sonu yoxdu, İlahi.
UZANIR
Bu çəkdiyim nədi belə,
Çəkdikcə yolum uzanır.
Üstümə qaranlıq çökür,
Çökdükcə yolum uzanır.
Gücüm çatmır ki,yükümə,
Həm özümə, həm yükümə,
İllərin belin bükürəm,
Büktükcə yolum uzanır.
Başımdan xəzan tökülür,
Dilimdən üsyan tökülür,
Nə yazıram qan tökülür,
Tökdükcə yolum uzanır.
Çöldə payız havasıdı,
Yarpaq, xəzəl davasıdı,
Ürəyim quş yuvasıdı,
Səkdikcə yolum uzanır.
“Ədəbiyyat və incəsənət”
(19.02.2026)


