Bir də o sabahlar geri dönərmi… – ŞEİR SAATI Featured

 

“Ədəbiyyat və incəsənət” portalı bu gün və sabah sizlərə Təranə Dəmirin yeni şeirlərini təqdim edəcək.

 

 

BİR DƏ

 

Bir də o sabahlar geri dönərmi,

Bir də açılarmı səhər eləcə?

Bir də yağış-yağış sığallanarmı,

Bir də sevilərmi şəhər eləcə?

 

Üzündən, gözündən nur tökülərmi,

Günəş üzümüzə gülərmi görən?

O dəli sevdalar, dolu sevdalar

Bir də başımıza gələrmi görən?

 

Bir də qayıdarmı o bəxtəvərlik,

Xəyallar quş olub uçarmı bir də?

Sevənlər dənizlə pıçıldaşarmı,

Könlünü sulara açarmı bir də?

 

İpək saçlarımız küləyə dönüb

Gələnə, gedənə naz eləyərmi?

Küskün qəlbimizi ovutmaq üçün

Bir sığal təbəssüm bəs eləyərmi?

 

Dincini alarmı yorğun küçələr,

Bir də sevinərmi daşlar, divarlar.

Təzədən baharı müjdələyərmi

Bu payız adamlar, bu qış adamlar?

 

Bir də o sabahlar geri dönərmi,

Bir açılarmı səhər eləcə?

Bir də yağış-yağış sığallanarmı,

Bir də sevilərmi şəhər eləcə?

 

 

BU QIŞ

 

Yenə töküb qaş-qabağın,

Qaramat yağır üzündən.

Göy geyib, qara bağlayıb,

Hava nə çıxıb özündən.

 

Dilindən də baş açmırıq,

Bir dərdini bilək bunun?

Əlimizdən nə gəlir ki,

Yağış bunun, külək bunun.

 

Küçələr, yollar üşüyür,

Dərə, təpə, dağ darıxır.

Dəniz ləpə-ləpə küsüb,

Ağaclar yarpaq ağlayır.

 

Hərarəti bir dadımlıq,

Günəşi də bir aldanış.

Baxışından buz tökülür

Nə yaman sərt gəlib bu qış.

 

 

MEDAL-MEDAL

 

Medal-medal oynayırıq haçandı,

Sinəmizdə dingildəyir medallar.

Gündə yüz yol əyilirik, qalxırıq,

Əyildikcə cingildəyir medallar.

 

Sürünürük dərə belə, dağ belə,

Medal-medal yolumuzu azırıq.

Həqiqətin nəfəsini kəsirlər,

Biz də durub medal-medal susuruq.

 

Güc tapmırıq keçib gedək bu səddi,

Bizi qoymur göz açmağa medallar.

Medal-medal aldadırlar adamı,

Başımızı medal-medal qatırlar.

 

Alqış-alqış qıfıllanır dilimiz,

Medal-medal əriyirik beləcə.

Kökümüzə balta çalır medallar,

Medal-medal çürüyürük beləcə.

 

Medal-medal yayılırıq kürsüyə,

Sən bizdəki azara bax, azara.

Alan da biz, satan biz, İlahi,

Medal-medal bazara bax, bazara.

 

Medal-medal oynayırıq haçandı,

Sinəmizdə dingildəyir medallar.

Medal-medal əyilirik,qalxırıq,

Əyildikcə cingildəyir medallar.

 

 

BİR ADƏM ÇIXMADI

 

Bir Adəm çıxmadı, Allah

Bu qədər adam içindən.

Dünyanı hərraca qoyan,

Bu alan, satan içindən.

 

Hərə bir hədyan danışdı,

Sən yatdın, şeytan çalışdı,

Toz qopdu, aləm qarışdı,

Töküldü bu dam, içindən.

 

İynəyə, sapa gəlmədik,

Bizdən Biz yapa bilmədik,

Bir həyat tapa bilmədik

Bu qan-qadanın içindən.

 

Səbrimizə hörükləndik,

Yerdən -yerə sürükləndik,

Yavaş-yavaş çilikləndik,

Qırıldı bu cam içindən.

 

Bir Adəm çıxmadı, Allah,

Bu qədər adam içindən.

Dünyanı hərraca qoyan,

Bu alan, satan içindən.

 

 

VAXTIDI

 

Ha döyünür, ürək dilə çatanmır,

Günlər aya, aylar ilə çatanmır,

Min ildi ki, Günəş yerə çatanmır,

"Ulduz"ların parıldayan vaxtıdı.

 

Ümid köhnə, nağıl təzə,söz təzə,

Sevgi təzə, baxış təzə,biz təzə,

Qulaq batır, hamı verib səs-səsə,

Qarğalaraın qarıldayan vaxtıdı.

 

Yola gəlmir düz yolunu azanlar,

Qanun pozur qanunları yazanlar,

Yaman artıb dost quyusun qazanlar,

Yalanların guruıdayan vaxtıdı.

 

Ömrə-günə balta çalır borc, xərac,

Basabasdı,qovhaqovdu, qaçaqaç,

Meşələrin aslanları acdı, ac,

Tülkülərin nərildəyən vaxtıdı.

 

 

UZANDI

 

Həmişə qaçdım özümdən,

Qaçdıqca yolum uzandı.

Əlimi səmaya açdım,

Açdıqca qolum uzandı.

 

Günahdan günaha batdım,

Batdıqca batdım günaha.

Özümə gücüm çatmadı,

Çatdıqca çatdım günaha.

 

Aldandım Ol yiyəsinə,

Öldüm, ölümdən qayıtdım.

Ocaq çatdım ürəyimdə,

Yandım, külümdən qayıtdım.

 

Heç kimə deyə bilmədim,

İçimdə sözüm qaraldı.

Baxdım ömrümün dalınca,

Baxdıqca gözüm qaraldı.

 

Hər şey özümdə başladı,

Tükəndim,bitdim özümdə.

Əlim heç nəyə yatmadı,

Əl atdım, tutdum özümdən.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.