Ramiz Göyüş,
yazıçı-publisist. “Ədəbiyyat və incəsənət” üçün
Səməd Vurğun həm yaradıcılığı, həm şəzsiyyəti, həm vətənpərvərliyi, həm də milliliyi, milli olduğu qədər də beynəlmiləlçiliyi və digər saya gəlməyən yüksək insani və yaradıcılıq keyfiyyətləri ilə hələ sağlığnda xalq arasında rəmzləşmiş şəxsiyyət idi. Səməd Vurğun aşiqi olan, onu özünün sənət müəllimi hesab edən, şəxsiyyətinə, yaradıcılığına qeyri-adi bir varlıq kimi baxan Hüseyn Arif, özunu onun ədəbi varisi hesab edir, həm davranışında, həm yaradıcılığında, həm də fəaliyyətində, onu yaşatmağa çalışırdı.
Və təsədüfi deyil ki, ilk olaraq yaradıcılığında Səməd Vurğunun bədii obrazını yaratmaq ideyası və qisməti Hüseyn Arifə məxsusdur. Məlumdur ki, Səməd Vurğun özünun ustadı, mənəvi sələfi hesab etdiyi Molla Pənah Vaqifi yaşadığı dövrün nəslinə daha yaxşı və yaxından tanıtmaq üçün ədəbiyyatımızın qızıl xəzinəsinə daxil olan, böyük ustalıqla və poetik qüdrətlə qələmə alınmış, dillər əzbəri olan “Vaqif” dramını yaratdı. Düşünürəm ki, Hüseyn Arif də öz ustadı Səməd Vurğunun sadəliyi qədər böyüklüyünü, dahilyini, fitri istedadını, təbiət, Vətən, dil, xalq , millət, dövlət sevgisini gələcək nəsillərə çatdırmaq üçün ustadının yolu ilə gedərək onun həyat və yaradıcılığına, fəaliyyətinə həsr olunan məşhur “Yolda” poemasını və həmin poema əsasında “Yolda” pyesini yaratdı.
Hüseyn Arif poemanı Səməd Vurğunun vəfatından dərhal sonra -1956-cı ildə yazmağa başlayıb. Belə bir dövrdə, şairin, xalqın yaddaşında artıq formalaşmış obrazını yaratmaq, xalq şairi Məmməd Araz demiş, müəllifdən “hünər istəyirdi”. Hüseyn Arifin özü də bu mövzuya müraciət etməyə tərəddüd edirdi. Və bu tərəddüdü qovmaq, bu hünərə sahibi olmaq üçün o, ilk növbədə Səməd Vurğunun ustadı Molla Pənah Vaqifdən xeyir-dua almaq istəyirdi. Vaqifin heykəli qarşısında dayanaraq, onunla xəyalən söhbət edir, Vaqif onu sorğu-suala tutur:
Canlı insan kimi danışdı heykəl,
Qaçma qabağından sual-sorğunun
Vaqif xəbər aldı hər şeydən əvvəl
Bəs hanı dastanı, hanı Vurğunun?
Dedim:-çox uşağam bu meydanda mən
Hələ əlim əsir, dilim dolaşır.
Dedi:- Tanıyıram sən Hüseynsən,
Vurğunun dastanı sənə yaraşır.
Poemanın dili son dərəcə sadə, rəvan və yüyrəkdir. Əsərdə əks olunan hadisələr o qədər maraqlı və cəlbedicidir ki, sanki bir dastan oxuyursan. Şairin özü də Vaqifin dili ilə “Vurğunun dastanı sənə yaraşır” deməklə bu əsəri dastan adlandırır.
Yaradıcılığının ən qaynar illərini Səməd Vurğun dastanının yaradılmsına həsr edən müəllifin iç dünyasında bu obraz hələ o, məktəbdə oxuduğu illərdə yaranmışdı. Səməd Vurğunun bütün yaradıcılığına dərindən bələd olan, onun ömür yolu ilə yaxşı tanış olan, həyatını izləyən, gəzdiyi yerləri qarış-qarış gəzərək, ustadının görüşdüyü insanlarla görüşən, xatirələrini dinləyən Hüseyn Arif bu dastanın yaradılmasına ömrünün beş ilini həsr etmişdi:
Tez başa gəlmədi yazdığım əsər,
Kənddə gecələdim, şəhərdə qaldım.
“Yolda deyə-deyə hər axşam-səhər,
Ömürdən düz beş il mən yola saldım.
Müəllifin əsəri “Yolda” adlandırmasının da rəmzi mənası var. O, ustadını həmişə həyatda hesab edirdi. Yolda dedikdə o, qəhrəmanını hərəkətdə, səfərdə, yol üstündə, yolda təsəvvür edirdi. Düşünürəm elə bu səbəbdən də o, dastanını “Yolda” adlandırıb. Poemanın “Vurğun bizimlədir” hissəsində müəllif yazır:
Gedir ön cərgəmizdə,
Gedir hər zamankı tək.
Yenə də sinəsində
Vurur alovlu ürək.
Yox, bitməyib səfəri,
Gözü sağda, soldadır,
O, hələ də yoldadır
O, hələ də yoldadır.
Epiloq qarışıq 22 hissədən, 100 səhfədən ibarət, bir kitab həcmli bu poemanın hər bir hissəsi bir məkanda və bir ovqatda yazılıb. Bu hissələrin hər birində böyük şairin və müəllifin səyyah ömrünün bir anı əksini tapıb. Əsərin “Görüş” hissəsində Şair Qazaxda, ilk təhsilini aldığı Seminariyada-Pedməktəbdə rayonun sakinləri ilə görüşü təsvir olunur:
Vurğun Qazaxdadır... Bu xəbər, bu səs,
Hər kəndə yayıldı, hər evə çatdı;...
Şadlıq paltarını geydi qız, gəlin
Kəsəmən yeridi, Salahlı axdı...
Açıldı qabağı gedib gələnin;
Şəhər birdən-birə ayağa qalxdı.
Poemada təsvir olunan bu görüşlə müəllif, əslində Səməd Vurğunun Vətənimizin müxtəlif guşələrində keçirdiyi çoxsaylı görüşlərin ümumiləşdirilmiş bir epizodunu yaradıb. Və şairin bütün ölkəmizi əhatə edən belə görüşlərinin sayı-hesabı yoxdur. Bu görüşlər sonradan Böyük şair haqqında insanların qəlbindən heç vaxt silinməyən, həm də kitablara köçən xatirələrə çevrilib.
Təbii ki, kiçik bir yazıda dastanın bütün məziyyətləri barədə yazmaq və fikir yürütmək imkanı məhduddur. Bununla belə əsərin ayrı ayrı məqamları var ki, onlardan yan keçmək mümkün deyildir. Poemanın “Vaqif” dramına həsr olunmuş “Dostlar” bölməsində əsərin yazılması zamanını və bununla əlaqədar şairin dostu görkəmli tənqidçi və yazıçı Mehdi Hüseynlə diloqunu poemada çox canlı və parlaq şəkildə təsvir edir. Müəllifin, şairlə, dostu Mehdi Hüseynin dialoqun qurmaqda məqsədi məhz, onlar məşhur əsərlərini, məşum otuz yeddinci illərdə zamanın dəhşətli təhlükələrinin təzyiqi altında yazıldığı aydın şəkildə sezilir. Eyni zamanda, müəllifin məqsədi həm də bu iki böyük sənətkarın zehninin və ədəbi qudrətinin məhsulu olan “Vaqif”dramı ilə ”Tərlan” romanının yazılma şəraiti və bu şəraitdə hər iki ustadın ədəbi kamilliyinin möhtəşəmliyini oxucuya və gələcək nəsillərə çatdırmaqdan ibarətdir: ”Otuz yeddinci ildir... Mehdi masa dalında, o, evində “Tərlan”ı bitirməyə tələsir. Tələsir, tələsməmək, bəzən mümkün deyildir, üfüqdə dan sökülür. Yarımçıq qoymaq olmaz. Otuz yeddinci ildir. O qədər çəkməyir ki, birdən qapı döyülür. Dillənir-kimsən! –deyə. Aç, ay Mehdi, mənəm, mən. Səs dostunun səsidir, Səməd girir içəri. Yenə qıpqırmızıdır, onun qaynar gözləri. –Ay Mehdi! - Səməd buyur!- “Vaqif”dən oxuyacam. Bir azca yaxın otur”:
Sonadək oxuyub bükür dəftəri
Duyulur qəlbinin döyüntüləri...
Hə Mehdi, necədir, açdımı səni?
Səməd lap yerimdən oynatdı məni.
Elə vuruldum ki, Vaqifə düzü
Dolaşdı fikrimdə “Tərlan”ın sözü.
Yox, yox “Tərlan”ı da çıxartma yaddan.
Vaqif Vaqif olsun, Tərlan da Tərlan.
1950-ci illərin əvvəllərində, 37-ci illər Səməd Vurğun üçün yenidən təkrarlanırdı. Onun xalq arasında olan böyük nüfuzundan, ona olan intəhasız xalq məhəbbətindən qorxuya düşən vəzifə sahibləri və onların əlaltıları Şairi tənqid atəşinə tutmuşdular. Həmin illərdə şair özünün məşhur “Aygün” poemasını yazırdı. Belə bədxahların feilləri Hüseyn Arifin də diqqətində yayınmamışdı və o, poemada bu dədxahlara “Nihilist” başlığı ilə xüsusi bölmə ayırmışdır. Müəllif bu bölmədə şairə böhtan atan, onun əsərlərinə əsassız hücum edən, ağır ittihamlar irəli sürən fürsətçiləri - “Xəyanət cildini dəyişdirərək, yırtıcılar kimi pusquda duranları”, “canavar döşündən süd əmib, niyyəti, fikri didib dağıtmaq olanları”, “xayalı zülmət, eşqi cəhənnəm olanları”, “şöhrət düşkünü, vicdan oğrusu, nacins öküz kimi yana çəkənləri” ifşa edir, öz qüdrətli qələmi ilə onların cavabını verir:
Nihilist yatmayıb əli varaqda,
Nələr uydururdu, nələr deyirdi,
Lakin öz qadını başqa otaqda
“Aygün”dən parçalar əzbərləyirdi
Poemanı oxuduqca müəllifin ifadəsində Səməd Vurğunun ömür və həyat yolu bir kino lenti kimi xəyalından keçir. Onu gah Muğanda ovçular arasında, gah Mingəçevirdə “Muğan” dastanını yaradan inşaatçılar arasında, gah Mil düzündə pambıqçılar arasında görürsən. Gah səsi Talıstandan, gah Göygöldən, gah da Şuşadan gəlir. Gah görürsən ki, ali xitabət kürsülərində mühazirə oxuyur, gah da Sülh Konqresində onun gur səsi eşidilir:
Danışır köksünü verib irəli,
Qalib bir ölkənin nümayəndəsi.
Yayılır dünyanın hər tərəfinə,
Vurğunun-Sülh- deyə gurlayan səsi.
Dastanın son boyları kədərli notlarla, göynərti hisslərlə qələmə alınıb. Xüsusilə əsərin “Yataqda”, “Yubiley gecəsi” və “Son ayrılıq”hissələrini həyacansız oxumaq mümkün deyil: “On iki may, saat səkkiz, Salon dolu, səhnə dolu; Fikir, xəyal içində biz, Seyr edirik sağı solu...
Kürsüdəki qardaşıdır,
Yanağında o görünən
Ləkə deyil, göz yaşıdır...
Və bu da əsərin epiloqu. Müəllif oxucuya müraciət edərək, böyük sevgi və məsuliyyət hissi ilə başa gətirdiyi bu dastanın qəhrəmanının ömrünün bütöv xəritəsini çəkməyin asan olmadığını və onun sonunun bitmədiyini bildirir:
Sonu görünməyir şair ömrünün,
Hər vaxt seyr edəcək doğma diyarı,
Mənim demədiyim nə varsa, o gün,
Deyəcək sabahın öz sənətkarı.
Hüseyn Arifin qənaəti düz çıxdı. Səməd Vurğun haqqında yüzlərlə xatirələr, öçerklər, elmi-tənqidi məqalələr yazıldı. Osman Sarıvəlli, Süleyman Rəhimov, Mehdi Hüseyn, Məmməd Araz kimi sənət korifeyləri Səməd Vurğuna böyük məhəbbətin təzahürü kimi ədəbi yaradıcılıqlarında baş qəhrəmanı Səməd Vurğunun olan bir-birindən gözəl əsərlər yaratdılar. Ədəbiyyatçünaslıq elmimizin yeni bir qolu “Vurğunşünaslıq” yarandı. Səməd Vurğun yaradıcılığının müxtəlif sahələrinə dair 19 namizədlik, 3 doktorluq disertasiyası müdafi edildi. Bu il anadan olmasını 120 illik yubileyini keçirəcəyimiz Xalq şairi Səməd Vurğunun vəfatından 70 il keçməsinə baxmayaraq, biz hər gün ona mənən daha da yaxınlaşırıq. Böyük istedad, böyük duyğular, böyük arzular və ideallar şairi olan, bu arzu və idealları öz əsərlərində tərənnüm edən və ölməz əsərlər yaradan poeziya qartalımız Xalq şairi Səməd Vurğun, bu gün də bizimlədir, bizimlə birgə addımlayır, sabah da bizimlə olacaq və onun haqqında ən gözəl əsərlər indən belə yaranacaqdır. Xalq şairi Hüseyn Arif dastanın finalında dediyi kimi:
Çoxdur açılmamış incə nöqtələr,
Xalq şair oğlunu hey anacaqdır.
Vurğunun haqqında ən böyük əsər,
Hələ indən belə yaranacaqdır.
“Ədəbiyyat və incəsənət”
(11.02.2026)


