İnciMəmmədzadə, “Ədəbiyyatvə incəsənət”
Mən hərb illərində son tikəsini
Yetim bir uşaqla bölən görmüşəm.
Yarıac oxuyub şən nəğməsini
Kədərli-kədərli gülən görmüşəm
Uşaqbilikportalı onun barəsində yazır: “Ömrünün sonunacan Əliağa Kürçaylı işıq içində, poeziya işığının içində üzdü. Çağdaş Azərbaycan poeziyasında nə o bir kimsəyə bənzədi, nə bir kimsə ona bənzədi.
Bu gün Əliağa Kürçaylının anım günüdür.
Şair Əliağa Vəliyev 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulub. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olub, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilib.
Bu dövrdə onda poeziyaya güclü maraq oyanıb. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olub, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış edib. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak edib. "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri işləyib.
Moskvada ali ədəbiyyat kursunun dinləyicisi, "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləyib, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olub, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş, "Yazıçı" nəşriyyatında baş redaktor olub.
O dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərdi:
“Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”
Rayon partiya komitəsinin katibinə göndərilən bu məktub Əliağa Kürçaylının həyat və sənət yolunu qəti müəyyənləşdirdi. O, arzularının dalınca böyük şəhərə üz tutdu.
Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı:
“Səməd Vurğun gənc yazıçılara söz verir.
Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım ya şeir oxuyum?
-Şeir oxu, natiqimiz onsuz da az deyil.
“İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:
Yadımdadır, güllələr şığıyıb keçən zaman
Səni qanlı otların üzərindən dərdiyim.
O incə tellərini mərmilər deşən zaman
Xatirə dəftərimin arasına sərdiyim...
Səməd Vurğun - “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” - deyir.
“Günlərin bir günü hökmən ən yaxşı şeirimi yazacağam”. Əliağa Kürçaylı bu sözləri deyəndə 40 yaşı vardı. O kifayət qədər tanınır və sevilirdi. Təbiət, məhəbbət lirikası, incə, səmimi hisslər Kürçaylı yaradıcılığı üçün səciyyəvi idi. Onun şeirlərini lirik miniatürlər də adlandırırlar.
Dramaturq kimi Əliağa Kürçaylının yaradıcılığı əsasən musiqili komediya teatrının repertuarı ilə bağlıdır. “İstədiyimi şeirlə ifadə edə bilməyəndə, komediya, yaxud pyes yazıram”, - deyən Əliağa Kürçaylının “Ləpələr”, “Nənəmin şahlıq quşu”, “Boşanaq, evlənərik” və başqa pyesləri indi də teatrlarımızın səhnəsində uğurla tamaşaya qoyulur.
Əliağa təpədən dırnağacan şair idi və şair ömrü də yaşadı. O, sənətdə, poeziyada şəxsiyyət idi. Onun şəxsiyyəti ilə sənəti arasında heç bir ziddiyyət, təzad yox idi.
“Seçilmiş əsərlər”inə müqəddimədə Əliağa Kürçaylı yazırdı:
“Yaşasın poeziya!”
Şair, əsl şair kimi Əliağa Kürçaylı bilirdi ki, əsl poeziya ölmür. Əsl poeziya ölmürsə, demək o da yaşayacaq.
Kitabları
1. Vallah Arifin bağçası.
2. Salam, gələcək illər.
3. Səfərə çıxıram.
4. Cavabsız məktublar.
5. Nargindən əsən külək.
6. Şeirlər.
7. Gözəllik.
8. Əsmər və Zəfər.
9. Durnalar cənuba uçur.
10. Ülkər.
O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dramaturq və tərcüməçidir. 1980-ci il fevralın 11-də ömrünün 51-ci səhifəsində həyata gözlərini yumub. Və çoxunuz da bilirsiniz, onu dünyalar qədər sevən qızı Ülkər atasının ölümünə dözməyərək intihar edib.
Allah hər ikisinə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.02.2026)


