Tələbə yaradıcılığı – Sevgi Zülfüqarovanın hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında sizə axçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə I kurs tələbəsi, TEC Yazarlar klubunun və Gənc Yazarlar klubunun üzvü Sevgi Zülfüqarovanın “Sükutun səsi” hekayəsi təqdim edilir.

 

Payızın soyuq və yağışlı günlərindən biri idi.

Uşaqlıqdan bəri müstəntiq olmaq arzusu ilə yaşayan Rafiq Səfərov artıq 35 yaşına çatmış, tanınmış bir müstəntiq olmuşdu. Otağında isti qəhvəsini içərkən köməkçisi Sevil Əhmədova otağa tələsik girdi, nəfəsi kəsilirdi.

– Rafiq bəy... qarşı binada bir hadisə olub... qəribə bir hadisə...

Rafiq başını qaldırdı, gözlərini qıydı.

– Nə hadisə?

– Bir qız itkin düşüb. Və bir kağız tapılıb.

– Kağızda nə yazılıb?

– “Süküt da bəzən qışqırır.”

Rafiq dərin bir baxışla ayağa qalxdı:

— Tələs, Sevil. Gedək baxaq.

Hadisə yerinə çatanda qızın — Ayselin — isti qəhvəsi hələ masanın üstündə idi, amma özü yox idi. Ətraf jurnalistlərlə dolu idi. Onlardan biri, gənc və cəsarətli bir qadın Rafiqə yaxınlaşdı.

— Salam, siz tanınmış müstəntiq Rafiq Səfərovsuz, elə deyilmi? Mən Aytaç Kərimova, “Şəhər Xəbəri”ndənəm.

Rafiq gərginliklə başını sallayaraq təsdiqlədi.

— Aytaç xanım, bu mətbuatlıq məsələ deyil. Burada qəribə bir iz var, – dedi Rafiq.

Aytaç gülümsədi, amma baxışlarında narahatlıq vardı.

— Məncə də qəribədir. Bu, son beş ayda itkin düşən üçüncü qızdır.

Rafiqin baxışları dondu. Sükut otağa yayıldı. Çöldə yağan yağışın səsi, otağın zəif işığı, qəhvənin buxarı, Aytaçın baxışları...

Ertəsi səhər Rafiq hadisə yerinə tək qayıtdı. Otaqda dərin bir səssizlik hökm sürürdü. Masanın üstündə Ayselə məxsus gündəlik vardı. O, ilk səhifəni açdı:

“Sükutun arxasında kiminsə nəfəsi var. Mən onu hər gecə hiss edirəm.”

Rafiq diksindi. Bu, sadəcə qorxu deyildi — xəbərdarlıq idi. Gündəliyin arxasında isə bir neçə ad yazılmışdı: Ləman, Aysun, Nərgiz...

Hər adın yanında bir tarix, sonuncusu isə həmin gecəyə aid idi.

Rafiq çox təəccüblənmişdi.

Üç itkin qız... Eyni mesaj... Eyni yazı tərzi...

Müstəntiq iş yerinə qayıdan zaman artıq Aytaç çoxdan orada idi. Əlində sənədlərlə Rafiqi gözləyirdi. Onlar görüşdülər. Aytaç qızlar haqqında danışmağa başladı.

— Hər üçü eyni universitetin eyni fakültəsində oxuyub, – dedi Aytaç.

Rafiq qaşlarını çatdı.

— Deməli, bu təsadüf deyil. Onlar kiminsə məqsədli seçimi olub.

— Həm də hamısına gələn son mesaj eyni olub: “Sükut da bəzən qışqırır.”

— Bu mesaj hansı nömrədən gəlib, araşdırdın?

— Nömrə qeydiyyatsızdır. Hətta… sizə də iki həftə əvvəl həmin nömrədən zəng gəlib.

Rafiq donub qaldı.

— Bu… ola bilməz...

Otağına keçdi. Masasında bir qutu vardı. Qutunun içindən bir şəkil çıxdı — itkin düşən qızın şəkli.

Şəkildə qız onun arxasında dayanmışdı. Şəklin arxasında bir cümlə yazılmışdı:

“Sükutun səsini dinlə, Rafiq. O, səni tapacaq.”

Rafiq bu cümləni beynində təkrar etdikcə nəfəsi daralırdı.

Birdən telefonu titrədi — yenə həmin nömrə.

Mesajda yazılmışdı:

“O, səni unutmamışdı. Sadəcə sən susdun.”

O an Rafiqin beynində 12 il əvvəlki hadisə canlandı — Sara adlı bir qızın ölümü. Onun işi “intihar” kimi bağlanmışdı, amma Rafiqin içində daim bir şübhə vardı.

İndi anlayırdı: itkin düşən qızlar Saranın dostları idi.

O, dərhal işə getdi. Aytaç onu gözləyirdi.

— Rafiq bəy, bu, universitetin kamera görüntüləridir. İtkin qız son dəfə kimləsə görüşüb. Amma kamera o anda sönüb.

Rafiq acı-acı gülümsədi:

— Peşəkar hərəkət. Təsadüf deyil.

— Sizə o nömrədən mesaj gəlib, elə deyilmi? – Aytaç soruşdu.

— Sakit ol, Aytaç. Heç kim bilməməlidir. Mən artıq hədəfdəyəm.

— Niyə siz?

— Çünki illər əvvəl birinin ədalətini qoruya bilmədim…

Həmin axşam Rafiqə poçtla bir məktub gəldi. İçindən qara bir USB çıxdı.

USB-ni taxdıqda ekranda qaranlıq bir otaq göründü.

Soyuqqanlı bir səs danışmağa başladı:

“Hər kəsin bir sükutu var, Rafiq. Amma sən sükutun içindəki səsi eşitmədin.”

Kamera masaya çevrildi — orada üç qızın şəkli və Rafiqin fotosu vardı.

Sonra ekran qaraldı. Ekranda bir cümlə peyda oldu:

“Növbəti səssizlik sənin olacaq.”

Rafiq dərin nəfəs aldı. Artıq başa düşdü: bu sadəcə araşdırma deyildi, keçmişdən gələn bir qisasın siması idi.

“Sükut” — bir ad deyildi. O, Rafiqin illər əvvəl susduğu ədalətin səsi idi.

Yağış gecə boyu kəsilmirdi.

Rafiq videonu dəfələrlə izlədi. Hər dəfə eyni səs, eyni nəfəs...

— Bu səs… mənə çox tanış gəlir, – dedi.

— Kimə bənzədirsiniz? – Aytaç soruşdu.

— Elşada. 12 il əvvəl burada işləyirdi. O, Saranın işi zamanı şahidləri gizlətmişdi. Mən onu qorumaq üçün susmuşdum…

— Yəni bilirdiniz?

— Bəli. O, Saranın sevdiyi idi. Mən o işi bağladım. O isə işdən qovuldu. Deməli, “Sükut” o imiş…

Rafiqlə Aytaç Elşadı tapmaq üçün Elşadın  illər əvvəl yaşadığı evinə baxmaq üçün yola düşdülər.

Rafiqlə Aytaç Elşadın köhnə evinə gəlib çatdılar. Qapının əlcəyi paslanmışdı, amma içəridən səs gəlirdi.

— Polis! Qapını açın! — Rafiq qışqırdı.

Qapı aralandı… amma içəridə heç kim yox idi.

Masanın üstündə bir kağız vardı:

“Sən gec qaldın, Rafiq. Mən artıq yoxam. Amma sükut yaşayır. İndi onun yerinə başqası danışacaq.”

Birdən pəncərədən şüşə səsi eşidildi.

— Rafiq, diqqət et! – Aytaç qışqırdı.

Güllə divara dəyib keçdi. Rafiq Aytaçı qorumaq üçün üstünə atıldı.

Qaranlıqdan bir kölgə qaçdı. Yerdə bir şəkil vardı — Aytaçın şəkli.

Arxasında yazılmışdı: “Sükut səni seçdi.”

— Aytaç… sükut səni seçib…

— Qoy seçsin, – Aytaç cəsarətlə dedi. – Amma bu dəfə tələsini biz quraq. Qoy bu dəfə sükut deyil, biz danışaq.

Eyni gecə Rafiqin telefonuna mesaj gəldi:

“Sükut sənin evindədir.”

Rafiq diksindi. Evindən addım səsləri gəlirdi.

Rafiq silahını götürüb, asta addımlarla irəlilədi. Otağın qapısından işıq sızırdı. İçəri girdi — ekranda canlı yayım açılmışdı.

Aytaç əl-qolu bağlı halda idi.

Soyuq, sərt bir səs eşidildi:

“Xoş gəldin, Rafiq. Sən susanda başqaları öldü. İndi dinləməyin vaxtıdır.”

Rafiq dişlərini sıxdı:

— Aytaça toxunma, Elşad!

Kölgə önə çıxdı — bu, Elşad idi. Amma onun baxışlarında əvvəlki insan yox idi.

— Sən Saranı qorumalı idin, – dedi Elşad. – Amma qorxdun. Mən səni sükutla cəzalandırdım.

— O qızların günahı nə idi, Elşad?!

— Onlar günahsız deyildilər! Onlar Saranı uçuruma itələyənlər idi. Sosial mediada Saranı... Nəysə... Artıq bir mənası yoxdur. Sara öldü. Sən də bunun cəzasını çəkəcəksən!

Rafiq irəli addımladı.

— Bəs indi? Növbəti sükut kimindir?

Elşad qəribə təbəssümlə dilləndi:

— Sıra səndədir, Rafiq. Amma sən səssiz ölməyəcəksən.

Elşad silahı qaldırdı, lakin Aytaç cəld hərəkət edib stulu aşırdı. Güllə dönüb Elşadın sinəsinə dəydi.

Rafiq dərhal qaçıb Aytaçın iplərini açdı.

— Yaxşısan?

— Bəli, amma bu bitdi demək deyil… Eləmi?

---Düşünmə bunları, gəl.

Rafiq yerdə yatan Elşada yaxınlaşdı. Elşad asta səslə dedi:

— Sükut heç vaxt bitmir, Rafiq. O sadəcə adını dəyişir...

Elşadın səsi kəsildi. Rafiq və Aytaç qayıtdılar...

 

***

Artıq hadisədən bir həftə keçmişdi.

Rafiq yenə otağında isti qəhvəsini içirdi. Hər şey bitmiş kimi görünürdü.

Amma telefonu titrədi. Tanımadığı nömrədən yeni mesaj gəldi:

“Sükut hələ də qışqırır.”

Rafiq dərin düşüncələrə daldı.

Sükut — hələ də yaşayırdı.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.