Unudulmuşlardan daha biri - Miryusif Mirnəsiroğlu Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dünyaya gəlmədin boş həvəs üçün,

Tanrı ömür yazıb hər bir kəs üçün.

Bilməzsən bu andan sonrakı anı,

Sən şükr et çəkdiyin hər nəfəs üçün.

 

Dünənki tumurcuq budaqdı indi,

Dünənki budaqlar ocaqdı indi.

Həsrətlə baxdığın nazlı gözəllər,

Ayağın altında torpaqdı indi.

 

Idrakın gücüylə mən duya bildim,

Göydə ulduzları sanıya bildim.

Hər gülün, çiçəyin ləçəklərində

Tanrının adını oxuya bildim.

 

Bu gün unudulmuş yazıçı və şair Miryusif Mirnəsiroğlunun anım günüdür

O, 1938-ci il mart ayının 5-də Sabirabad rayonu Qarasu kəndində (indi Hacıqabul rayonu ərazisindədir) məşhur dindar, islamın təbliği yolunda əzab-əziyyətlərlə üzləşən Mirnəsirullah Ağanın ailəsində dünyaya gəlib. Miryusif Mirnəsiroğlunun ilk eşitdiyi La-İlahə-İlləallah kəlməsi olub. O, ibtidai sinfi Qarasuda, səkkiz illiyi Hacıqabulda, orta təhsilini isə Bakının 132 saylı orta məktəbində başa vurub.

 

Hələ orta məktəbdə oxuyarkən bədii qiraətçi kimi Azərbaycan Gənclərinin ilk festivalinın laureatı adını alıb. Teatr sənətinin tilsiminə düşən Miryusif Mirnəsiroğlu poeziya ailəmindən ayrılmadan Sankt-Peterburq Ali Həmkarlar Akademiyasının Mədəni-maarif fakütəsinə daxil olub. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

O, bir müddət Quba Dövlət Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında işləyib. Sonra Hacıqabul rayonu Qarasu orta məktəbində müəllim, direktor, Şirvan Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, Musiqi məktəbinin direktoru, Pedaqoji məktəbinin dil-ədəbiyyat müəllimi kimi çalışıb.

Çoxsaylı teatr tamaşalarına səhnə həyatı verib, özü bir aktyor olaraq Vaqif ("Vaqif"), Aydın ("Aydın"), Bəhram ("Solğun çiçəklər"), Aqşin ("Oqtay Eloğlu"), Əmiraslan ağa ("Laçın yuvası"), Qatır Məmməd ("Dağlar oğlu"), Q. Qəmbəroviç ("Dövlət və məhəbbət dəlisi"), Hacı Murad ("Tamahkar"), İbrahimxəlil ("Kimyagər"), Zeynalabdin Şirvani ("Əlvida, Hindistan"), Fərhad ("Bəxtsiz cavan") və onlarla belə obrazlar yaradıb

Onun yazdığı "Qatil", "Qürbət diyarda", "Dövlət və məhəbbət dəlisi", "Ataxanın xanlığı", "Dirilərkən ölmüşlər", "Süsən-sünbül", "Meşədə məhkəmə", "Tülkü tələsi", "İsgəndərin buynuzu", "Dördüncü təcavüz olmayacaq", "Müasir toy" pyesləri Azərbaycanın müxtəlif teatr səhnələrində tamaşaya qoyulub.

Miryusif Mirnəsiroğlun sözlərinə bəstəkarlardan Cavanşir Quliyevin, Bəhram Nəsibovun, Vaqif Münyatovun, Natiq Şuşalının və Xanım İsmayılqızının bəstələdiyi mahnılar müğənnilərimizin repertuarındadır. Onu Cavanşir Quliyev və Natiq Şuşalı ilə birgə yaratdıqları mahnılardan ibarət xüsusi kompakt-kasset, disk buraxılıb. Milli ruhda yazdığı "Vətən Balladası" şeirinə klip çəkilib. Həmçinin "Qal sənə qurban" mahnısının sözləri şairə aiddir.

 

Kitabları

- "Süsən-sünbül"

- "Qürbət diyarda"

- "Bir əba qoynunda beş müqəddəsim"

- "Ya Məhəmməd, Xocalıda görüşərik"

- "Sənə güvəndiyim dağlar"

- "Pəhpəhnamə"

- "Dördüncü təcavüz olmayacaq"

- "Mən Allaha yaxınam Könül nəğmələrim"

- "Bir ömürdən səhifələr"

- "Hacıqabuldan çıxan yollar" (2 hissə)

- "Dünyadan böyük eşqim"

 

Şair-dramaturq Miryusif Mirnəsiroğlu 2012-ci il yanvar ayının 29-da Hacıqabul rayonunda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.