Varis, “Ədəbiyyat və incəsənət”
Bu gün Vaqif Səmədoğlunun anım günüdür. 11 il öncə - 2015-ci ilin 28 yanvarında o, bu dünyaya əlvida deyərək getdi. Gedəndə əşyalarını Nüşabə xanıma, şeirlərini isə oxucularına hədiyyə etdi…
Onun barəsində rəsmi mənbələr belə məlumat verir: Vaqif Səməd oğlu Vəkilov; 1939-cu ilin 5 iyununda Bakıda, Səməd Vurğunun ailəsində dünyaya gəlib. Şair, dramaturq, publisist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Milli Məclisin deputatı (2000, 2005). Milli azadlıq hərəkatının liderlərindən biri olub. “İstiqlal” və “Şərəf” ordenləri kavaleridir, Humay və Nəsimi mükafatları laureatıdır.
Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindən, məşhur Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Dövlət Konservatoriyasında təhsil alib. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962–1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963–1971), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971), Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri (1982–1985) vəzifələrində işləyib, "Oğuz eli" və “Cumhuriyyət” qəzetlərinin baş redaktoru (1992–1994) olub.
Poeziya, musiqi, teatr və kino sahəsinə yaddaşlarda qalan, dəyərli töhfələr verib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. İlk kitabı – “Yoldan məktublar” 1968-ci ildə işıq üzü görüb. Yüz minlərlə insanın pərəstiş etdiyi şeirlərin, “Bəxt üzüyü” kimi filmin, “Bir axşam taksidən”, “Sən uzaq yaşıl ada” kimi mahnıların, “Yaşıl eynəkli adam” kimi tamaşanın müəllifidir.
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də uzun sürən ağır xəstəlikdən sonra Bakıda dünyasını dəyişib, Birinci Fəxri Xiyabanda dəfn olunub. 2019-cu ilin iyununda Qazax rayonunun "Fəxri qazaxlılar" parkında büstü açılıb.
Rəsmi məlumat bu qədərdir. Amma, məncə, burda heç nə yoxdur. Vaqif Səmədoğlu bu məlumatlara əsla sığmaz.
O, sanki bu dünyanın adamı deyildi. Onun dilini küləklər bilirdi, buludlar, yağışlar, Günəş, Ay bilirdi, insanlar isə ya bilmirdi, ya da bilməkdə çətinlik çəkirdilər.
Qohumluq əlaqəmiz olsa da Vaqif əmiylə çox az-az görüşürdük, onun üçün darıxanda şeirlərini oxuyurdum. O şeirlər bizim qalaktikadan kənarda yaranıb göndərilirdilər bizim ixtiyarımıza.
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi...
Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir...
Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...
Bunu yalnız Vaqif Səmədoğlu bu cür yaza bilərdi. Başqa heç kim.
Eləcə də bunu:
Bu payız da başlandı,
Bu yağış da...
Ölülərim,
Dirilərim dolanır içimdə,
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək
Yanır
sönür
ötür ömrüm...
ekspreslər dayanmayan
kiçik stansiyalar tək.
Çox təəssüf ki, insan ömrü həqiqətən böyük vağzallara deyil, kiçik stansiyalara sığışır yalnız. Və ən böyük həsrət, ən böyük nisgil kiçik stansiyaların dayanmadan, sürətlə ötüb keçən ekspress qatarlara olan həsrətidir.
Meydan hərəkatında o da, qardaşı Yusif Səmədoğlu da öncüllərdən idilər. İmperiya buxovlarının qırılıb tullanması barədə çağırışlar edir, hayqırırdılar. Onda bizim tələbəlik illərimiz idi. Qürurla onların ardlarınca gedirdik…
Sonra müstəqillik əldə edildi, bir dəfə “Azərbaycan” nəşriyyatına onu görməyə getdim. Onu “Cumhuriyyət” qəzetinin baş redaktoru təyin etmişdilər. Əlbəttə ki, bu, əyninə çox dar gələn bir libas idi. O burada darıxırdı, çox darıxırdı. Hətta, qəribsəmişdi, doluxsunmuşdu, sanki qəfəsə salınmışdı. Bax mən ilk dəfə onda dahi şəxsiyyətlərin darıxmasının adi insanlarınkından fərqli olduğunu duydum. Dahilər sadəcə, ölümünə darıxırlar. Və heç kəs və heç nə ovuda bilmir, təsəlli ola bilmir onlara.
Bir dəfə məndən hansı şeirini daha çox sevdiyimi də soruşmuşdu. Mən də həmin o yuxarıda qeyd etdiyim şeiri söyləmişdim:
Nə barım var, nə barxanam,
Ömür yükü bağlamağaş
Allah məni yarı öldür,
Yarı saxla ağlamağa.
Niyə məhz bu şeiri? Çünki insan təkliyinin yalquzaq səsi ən çox bu şeirdə duyulur və bir də, insanın insanlığın qədirbilməzliyindən sığortalanmaq istəyi burada böyük fəlsəfi təlimlərdən, cild-cild kitablardan daha dərin verilibdir. İnsanı öləndə onun özü kimi heç kəs ürəkdən, yanğı ilə ağlaya bilməzmiş sən demə…
Ruhun şad olsun, Vaqif əmi.
Görəsən, o dünyada şeir yazanda yenə də qəmlənir, kədərlənirsənmi? Bir bilsəydin, son 11 ildə yazdığın şeirləri necə oxumaq istərdim…
“Ədəbiyyat və incəsənət”
(28.01.2026)


