Bir şair, bir şeir – Nail Zeyniyev, “Bilmir” Featured

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Çağdaş poeziyamızda giley-güzar mövzusu bldur. Bu, həmişə belə olub. Həmişə şairləri ilahi kədər sövq edib yazmağa. Amma bugünlər bu mövzu daha şaxəlidir, qollu-budaqlıdır. Niyə? Bəlkə havanın soyuqluğuna görə? Bəlkə insanların soyuq münasibəti səbəbindən? Bəlkə də dünyamızdan doğan hədsiz narahatçılıqdan.

 

Ürəyimdə neçə söz var,

Ancaq dilə gələ bilmir.

Ocaq sönüb, hələ köz var,

Yanıb, indi sönə bilmir.

 

Sönüb bu sevginin şamı,

Uçubdur evimin damı.

Yığılıb başıma hamı,

Niyə məni görə bilmir?

 

Başıma dərd ələyir qış,

Nə heç qar var, nə də yağış.

Xoşbəxtliyə qovuşmamış,

Üzüm hələ gülə bilmir.

 

Kömək əli uzadan yox,

Uduzan var, qazanan yox.

Qəlbi satsam heç alan yox,

O heç kəsi sevə bilmir.

 

Dözməliyəm hara kimi?

Həsrət yaman yara kimi.

Geriyə tək çara kimi,

Ölüm qalsa ölə bilmir.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.