Oğuzun şair təbiətli ilk elmlər doktoru Featured

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Qoy sizləri intizarda saxlamayaq. Oğuzun ilk elmlər doktorunun adını deyək. Bu şəxs İsmayılov İsrafil Zakir oğludur.

O, 17 aprel 1919-cu ildə o vaxtkı Nuxa qəzasının Vartaşen nahiyyəsinin (indiki Oğuz rayonunun) Bayan kəndində doğulub. Həmin kənddəki məktəbdə təhsil almışdır. 1937-ci ildə Nuxa müəllimlər seminariyasından məzun olub.

1937-1938-ci illərdə rayonun Qumlaq kənd natamam orta məktəbində müəllim, sonrakı ildə isə direktor olmuşdur. 1939-cu ilin sentyab-oktyabr aylarında RXMŞ-də təlimatçı işləmiş, sonra hərbi xidmətə yola düşmüşdür.

1941-ci ilin aprelində hərbi xidmətdə olarkən verdiyi səmərələşdirici təklifə görə ordu generlı Tülenov tərəfindən üstündə adı yazılmış saatla təltif olunmuşdur.

1941-ci ildə müharibə başladığına görə İ.İsmayılov əlavə olaraq 4 il də hərbi xidmətdə qalmışdır.

Moskvanın alman təyyarələrindən müdafiə olunmasındakı şücaətinə görə şəxsən Stalinin təşəkkürnaməsini almışdır. O, həm də “Hərbi xidmətlərə görə” və “Moskvanın müdafiəsinə görə” medalları ilə təltif olunmuşdur. 1945-ci ilin iyunun sonunda hərbi xidmətdən tərxis olunmuşdur.

Bundan sonra Vartaşen RPK-də hərbi şöbənin müdiri işləmişdir. Daha sonra ikiillik partiya məktəbinə təhsil almağa göndərilmişdir. Oranı bitirdikdən sonra Q.İsmayılov (indiki Goranboy) rayonuna RPK-də II katib vəzifəsinə işə göndərilmişdir. Üç il orada işlədikdən sonra Moskva İçtimai Elmlər akademiyasına daha yüksək siyasi təhsil almağa göndərilmişdir.

Akademiyanı uğurla başa vuran və tarix elmləri namizədi olan İisrafil müəllim 7 il Bakı Ali Partiya Məktəbinin direktoru olmuş, AR Ali Sovetnə deputat və XXII partiya qurultayına nümayəndə seçilmiş, orada mərkəzi təftiş komissiyasının sədri (4 il) olmuşdur.

1964-cü ildən sonra indiki Neft Akademiyasında kafedra müdiri vəzifəsinə seçilmiş, dissertasiya müdafiə edərək tarix elmləri doktoru adına layiq görülmüşdür.

Xidmətlərinə və səmərəli əmək fəaliyyinə görə o, 3 orden və 20 medal ilə təltif olunmuşdur.

İ.İsmayılov 48 kitabın və 200-dən çox məqalənin müəllifidir. Onun bir kitabı və 14 məqaləsi ingilis, fransız, alman, ispan, türk və ərəb dillərində də çap olunmuşdur. İsrafil müəllimin 10 kitabı və 100-dən çox məqaləsi Azərbaycan tarixinin XX əsrinə aid edilmişdir.

ABŞ Beynəlxalq Bioqrafiya İnstitutu İ.İsyayılovun fəaliyyətini nəzərə  alaraq onun adını “2000-ci ilin adamı” (“Hallmark-2000”) kitabına daxil etmiş və 2002-ci ildə ona “Amerikan medal of Honor” qızıl medalını təqdim etmişdir.

İsrafil müəllim Oğuza həsr olunmuş iki kitabçanın və bir neçə məqalənin müəllifidir. Həmin kitablar 1981-ci ildə çap olunan “15 milləti təmsil edən rayon” və 2000-ci ildə çap olunan “Oğuz rayonunun şəhidləri və veteranları” kitablarıdır.

İ.İsmayılov ölkənin iştimai və elmi həyatında fəal iştirakına görə “Azərbaycanın Əmkdar təbliğatçısı” fəxri adına layiq görülüb və 2 dəfə ölkə Ali Sovetinin fəxri-fərmanı ilə təltif olunmuşdir.

 Oğuzun ilk elmlər (tarix elmləri) doktoru İsrafil Zakir oğlu İsmayılov həm də şair təbiətli insan imiş. 45 ildə 48 kitabın və 200-dən çox məqalənin müəllifi olan  İsrafil İsmayılov həm də şeir yaradıcılığı ilə məşğul olmuşdur.
Onun “Azərbaycan xalqının siyasi mədəniyyəti” (“Zaman” nəşriyyatı, Bakı-2002) kitabından seçdiyimiz iki şeiri  oxucularımızın diqqətinə təqdim edirik.

OĞUZ RAYONU HAQQINDA MAHNI

Sağında Qəbələ, solunda Şəki,
Durmusan ortada qəhrəman təki.
Qafqaz dağlarının ətəyi səki,
Səkidə yerləşən Oğuzdur, Oğuz.

Oğuz bir diyardır, suları sərin,
Meyvələri şirin, havası sərin.
Bağları bəhrəli, dağları sərin,
Bu diyarın adı Oğuzdur, Oğuz.

Kəndləri abaddır, insanları şən,
Meşələri göm-göy, tarlası düzən.
Bu xoş mənzərəni görər hər gəzən,
Bu diyarın adı Oğuzdur, Oğuz.

Baharı gözəldir, payızı gözəl,
Çəmənliyi şehli, bulağı gözəl.
Qırqovul, kəkliyi, təkəsi gözəl,
Bu diyarın adı Oğuzdur, Oğuz.

Üstündə Şah dağı, çəmənində gül,
Tarlası taxıllı, doludur sünbül.
Geniş baxçalarda şığıyır bülbül,
Bu diyarın adı Oğuzdur, Oğuz.

HƏYATIN MƏNASI

İnsanlar həyatın yolçularıdır,
Bu yol həm yoxuşlu, həm də enişkən
Bir də ki, müdrik alalar demişkən,
Yolun oraya ki, haraya niyyət.

İlahi, adi bir bəndən olan mən,
Nə qədər ağrılı yollar keçmişəm.
Bu yolların hökmün verən sən.
Əzabın, fərəhin suyun içən mən.

Ömrün də dərd fəsli olurmuş, inan,
Onun yollarında uğur və tikan.
Gənclik ömrümüzün şən baharıdır,
Qocalıqsa onun xəzan çağıdır.

Ömrün bu yolunu mən də keçmişəm,
Özümdən kamilə qibtə etmişəm.
Kimsəsiz zəifə kömək etmişəm,
Şöhrət düşgününə nifrət etmişəm.

Halallıq arzusu bəşərtək qədimi,
Müdrik sözlər deyib dahi Nizami:
“Dəmiri ayna tək parladan insan,
Pası silməlidir öz vicdanından”.

Nə qədər bədbəxtir paxıl insanlar,
Şöhrət dilənçisi ac göz insanlar.
Halallıq bilməyən namərd insanlar,
Saçı ağarsa da bədbəxt insanlar.

Hər ağsaç qocaya ağsaqqal demə,
Ağsaqqal üzündə nurluluq gərək.
Səbəbini dürüst bilməsək də biz,
Nurani şəxslərə az rast gəlirik.

Həyatın mənası halallıqdadır,
Hörmət və təmiz ad qazanmaqdadır.
Namusu, şərəfi qorumaqdadır,
Özündən sonraya iz qoymaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.