Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Bestsellerin ədəbiyyat, yoxsa biznes olması sualı müasir ədəbiyyatşünaslığın ən mübahisəli mövzularından biridir və cavabı iki qütbə bölünür. Bir tərəfdə elit tənqidçilər bestselleri "yüngül oxu", "kütləvi mədəniyyət", "ədəbi dəyəri olmayan məhsul" kimi görürlər. Digər tərəfdə isə müdafiəçilər deyirlər ki, əgər milyon oxucu oxuyursa, deməli bu əsər önəmli nəsə deyir.
Əslində, cavab sadə deyil və "ya-ya da" məntiqinə sığmır. Bestseller statusu satış göstəricisidir, bədii keyfiyyətin göstəricisi deyil. Amma bu o demək deyil ki, populyar əsər mütləq zəif olmalıdır. Tarixə nəzər salaq. Şekspir öz dövründə ən populyar dramaturqlardan biri idi. Onun tamaşalarına kütlə axışırdı. Dickens romanlarını jurnallarda davamlı çap edəndə oxucular növbəti nömrəni səbirsizliklə gözləyirdi. Dostoyevski, Tolstoy öz dövrlərində bestseller müəllifləri idilər. Deməli, populyarlıq və keyfiyyət ziddiyyət təşkil etmir. Məsələ başqadır ki, müasir nəşriyyat sənayesi bestseller yaratmaq üçün marketinq texnologiyalarından istifadə edir. Kitab sadəcə mətn deyil, kommersiya məhsulu kimi qablaşdırılır, reklam kampaniyası aparılır. Bəzən oxucu öz seçimini etmir, ona seçim diqtə olunur.
Dan Brown, Stephenie Meyer onların kitabları rekordsayda satılıb, amma ədəbi tənqid onları ciddi götürmür. Çünki bu əsərlər klişe süjetlərə, səthi xarakterizasiyaya, sadə dilə əsaslanır. Onlar oxucuya intellektual çətinlik yaratmır, əksinə, rahat istehlak təklif edir.
Amma bu pis deyil! Ədəbiyyat yalnız elit, mürəkkəb, ağır oxu ola bilməz. İnsanların əyləncə, rahatlıq, emosional boşalma üçün oxuduqları kitablara da ehtiyac var. Məsələ bu kitabları yeganə, əsl ədəbiyyat kimi təqdim etməkdədir.
Azərbaycanda vəziyyət fərqlidir. Bizdə bestseller fenomeni qərbi mənada yoxdur. Kitab bazarı o qədər də böyük deyil, tiraj rəqəmləri aşağıdır. "Bestseller" çox vaxt nəşriyyatın öz reklam strategiyasıdır, real satış statistikasına əsaslanmır. Və təəssüf ki, bəzi keyfiyyətli əsərlər az oxunur, bəzi zəif mətnlər isə "bestseller" etiketini alır. Bu, oxucu mədəniyyətinin, ədəbi tənqidin, bazar mexanizmlərinin problemlərindən xəbər verir.
Məncə, bestseller və ədəbiyyat ziddiyyət deyil, fərqli kateqoriyalardır. Bestseller satış göstəricisi, ədəbiyyat estetik keyfiyyətdir. Bəzi əsərlər hər ikisinə malikdir, bəziləri yalnız birinə. Və bu normaldır. Vacib olan oxucunun seçim azadlığı və tənqidi təfəkkür bacarığıdır.
“Ədəbiyyat və incəsənət”
(16.01.2026)


