(Nəsir Xankişiyevin poetik dünyası)
Elşən Təhməzov, “Ədəbiyyat və incəsənət” üçün
Söz — insanın içindən doğan işıqdır. Ruhun ən səmimi, ən gizli pıçıldısıdır. Bu pıçıltı bəzən ah-naləyə dönür, bəzən sevgiyə, bəzən fəlsəfəyə, bəzən də bir millətin tarix boyu topladığı hikmətə çevrilir. Azərbaycan poeziyası bu işığın sahibi olan neçə-neçə şair yetişdirib. Bu şairlərdən biri də sözün əsl mahiyyətini duyan, misralarıyla həm insanı, həm cəmiyyəti, həm də dünya ilə insan arasındakı münasibəti anlamağa çalışan Nəsir Xankişiyevdir.
Onun şeirləri bir tərəfdən Azərbaycan ruhunun sehrini, torpağın nəfəsini, xalqın təbiətini daşıyır, digər tərəfdən isə insanı öz vicdanı ilə üz-üzə qoyan dərin fəlsəfə, irfan və hikmət qatlarına malik olur. İstedadlı şair nəinki gözəlliyi, həm də ağrını, nəinki dünyanı, həm də dünyanın içində azmış insanı danışdırır. Şairin söz dünyası həm şəffaf bulaq kimidir, baxdıqca dərin görünür, həm də kəskin qayalıq kimidir, çırpıldıqca adamı silkələyir.
Haqq axtarışında olan insan və dünyanın əyri düzəninə etiraz edən görkəmli ədəbiyyat xadiminin poeziyasında insan daim sual altındadır. Bu sual nə qəzəb dolu bir ittihamdır, nə də ümidsiz bir fəryad. Daha çox, ədalətə üz tutan bir qəlbin “niyə belə oldu?” soruşmasıdır. Yazar insanın dünyaya günahsız gəldiyini, ancaq dünyanın özünün insanı ləkələdiyini deyir.
Günahsız gəlsək də dünya üzünə,
Halalı harama qatıb yeyirik.
Bu misraların arxasında sadəcə şikayət deyil, ümumi bir mənzərənin təsviri dayanır: bu gün insan haqqı gözardı edir, kitabı kənara qoyur, “haqqın sözünə baxmır”, “yalanı gözə soxur”. Şair bununla insanın əxlaqi böhranını göstərir. Cəmiyyət öz mənəvi sütunlarını itirdikcə nəslin də dayağı dağılır:
Nəfs ilə tamahda guya toxmuşuq,
Haqqı yox, yalanı gözə soxmuşuq,
Elə bil dünyada dünən yoxmuşuq,
Nəsil-nəcabəti danıb gedirik.
Bu misralar yalnız bir nəsil üçün deyil, bütün zamanlar üçün səslənmiş xəbərdarlıqdır. Nəsir Xankişiyev dünya ilə insan arasındakı ziddiyyəti çox sərt, amma bir o qədər də poetik dildə göstərir:
Dünya insanı ovlayır, insan dünyanı
Anlayıb-anlamadan yaşayıb gedir.
Onun poeziyasında çox vaxt “gedirik”, “sınıb gedirik”, “sanıb gedirik” kimi feil təkrarı var. Bu, həm həyatın keçiciliyini, həm də insanın mənasız tələsikliyini vurğulayır. Şair sanki deyir: “Hara gedirsiniz? Niyə bu tələsikliyiniz?” Lakin cavab yoxdur. Çünki insan öz yolu ilə getmir, dünya onu sürükləyir.
Fərq etməz kimliyi kişi qadından,
Sorular, əməllər sanıb gedirik.
Dünyanı ziddiyyətlərlə dolu səhnəyə bənzədən Nəsir Xankişiyevin başqa bir şeirində dünya bir tamaşa səhnəsi kimi canlanır. Bu səhnədə hamı bir rol oynayır: kimsə zülm edir, kimsə dözür, biri doğruluq axtarır, digəri yalan toxuyur. Şair “Dünya belə dünyadır” şeirində həyatın müxtəlif üzlərini bir tablo kimi göstərir.
Kiminin qələmi şər-böhtan yazır,
Kimsinin yuxusun şeytanlar yozur…
Bu obrazlar həm real, həm də alleqorikdir. Dünya nə qədər müxtəlifdirsə, insan da o qədər növbənöv xislətlidir. Ən təsirli misralardan biri isə məhz insanın ikiüzlülüyünü göstərən fikirdir.
Kimi yıxılana qorxma dur deyir,
Kimisi yazığı durma vur deyir.
Bu misralar Azərbaycanın folklor və klassik poeziya ənənəsindəki “dünya fanidir”, “dünya əzab yeridir” düşüncəsi ilə səsləşir. Lakin Nəsir Xankişiyev dünyanı sadəcə pisləmir. O, ziddiyyətləri ortaya qoyur, gerçəyi göstərir. Dünyanın tək üzlü olmadığını, minüzlü, “çox sifətli” olduğunu deyir:
Minüzlü dünyadır bu dünya, qağa,
Bu dünya ziddiyyət, bu dünya təzad.
Bu təzad həm insanın daxilindədir, həm də dünyanın özündədir.
İrfan və haqqa doğru yolu, həmçinin sözün müqəddəsliyini uca tutan incəsənət xadiminin yaradıcılığında ən güclü xəttlərdən biri irfani düşüncədir. O, sözün mahiyyətinə dair misralarında adi poeziya deyil, bir növ “sözün ilahi mahiyyəti”ni dərinliklə göstərir.
Mənim sözüm dürdanədir,
Haqq yolunda bir ayədir…
Burada şair sözə müqəddəs əmanət kimi baxır. Ona görə söz həm qüdrətdir, həm məsuliyyət, həm də bir cəmiyyətin aynası. Misralarında söz bir bələkdir, ruhu sarar, insanı yola çəkər.
Şeirim fikir bələyidir,
Kağız, qələm nə karədir.
Bununla şair demək istəyir ki, şeir yalnız yazılı formada deyil, ali nəfəsin insanda yaratdığı bir haldır. Bu, yüksək mənəvi düşüncədən gələn poetik yanaşmadır. Nəsir Xankişiyev bəzən dərviş səmimiyyəti, bəzən aşıq yanğısı, bəzən də sufi fəlsəfi dərinliyi ilə yazır. Onun şeirlərində “haqq”, “varlıq”, “əfsanə”, “ayə”, “divanə” kimi sözlərin yer alması təsadüfi deyil. Hər misrada bir ruh sarsıntısı, bir düşüncə çağırışı var.
Sevgini insanın ən yaralı yerinə bənzədən xarizmatik şəxsiyyətin lirikasına xüsusi rəng verən məhəbbət mövzusu həm incə, həm də nisgilli təqdim olunur. Nəsir Xankişiyev sevgini ucaldan, amma eyni zamanda insanı aciz qoyan bir hiss kimi göstərir. “Leyli, Leyli-deyə qaldım” şeiri onun sevgi lirikasının nümunəvi misallarındandır:
Hamı sevdi, sevildi də,
Mən sevsəm də, sevilmədim…
Burada sevgi qismətin əlində oyuncaq kimi görünür. Şairin səsində bir ümidsizlik, bir qaçılmazlıq var.
Bu sevgi nə qazanılmışdır, nə də unudulmuş, sadəcə içdə bitməyən ağrıdır:
Söyləsəm də bilməmişəm,
Leyli, Leyli-deyə qaldım
Bu misralar həm klassik eşq poeziyasının təsirini daşıyır, həm də müasir insanın “niyə belə oldu?” sualını. Şair sevdiyini itirib, amma sevgidən vaz keçməyib. Eşq onun üçün məğlubiyyət deyil, dərin bir yaşantıdır.
Təbiətə baxışı dünya gözəlliyinin yenidən kəşfi adlandıran müəllif təbiətə yalnız bir mənzərə kimi baxmır. Təbiət onun üçün həm hikmət, həm də sığınacaqdır. “Dünya gözlərimə gözəl göründü” şeirində şair ətraf aləmin rənglərini, ruhunu yenidən kəşf edir. Burada sanki bir oyanış var, insanın ən ali hissə qovuşması, içinin saflaşması. Onun fikrincə təbiət həm sığınacaqdır, həm də müəllim. Onun ədaləti, ahəngi, rəngləri şairin sözünə çevrilir.
Uşaqlığın, keçmişin həsrətini qəlbində duyan şairin yaradıcılığında nostalji motivləri də önəmli yer tutur. “İtmiş xatirələr axtarışında” şeiri onun keçmişə sarsıdıcı bir həsrətini göstərir:
Ehey! Uşaqlığım, gənclik çağlarım,
Mən sizi indi bəs, harda axtarım?
Burada keçmişə dönüş mümkün deyil, zamanın sərtliyi insanı geri buraxmır. Şair uşaqlığın saf dünyasını itirir, onun yerinə dağıntılar, boşluqlar, xatirə boşluqları qalır:
Sevinci, kədəri birgə bölərdik,
Elə bil olmayıb ötən çağlarım.
Bu misralar həm şəxsi ağrıdır, həm də bir xalqın keçdiyi çətin dövrlərin ümumiləşdirilmiş mənzərəsi.
Nəsir Xankişiyevin poeziyası həm dil, həm duyğu, həm də düşüncə baxımından dolğun və əhatəlidir. Onun şeirlərində vətənin nəfəsi, insanın iç dünyası, haqqa yönəliş, cəmiyyətin tənqidi, məhəbbətin ucalığı, təbiətin dili, keçmişin ağrısı bir-birinə qarışaraq böyük bir poetik panoram yaradır.
O, sözün gücünə inanan şairdir. Söz onun üçün nurdur. Həm düşündürən, həm oyadan, həm də insana özünü göstərən bir aynadır. Onun şeirlərində yalnız şairin taleyi deyil, insanın taleyi yazılıb.
Bəlkə də bu səbəbdəndir ki, görkəmli ədəbiyyat xadiminin poeziyasında oxucunun qəlbini təkcə oxumuruq.
Bu söz dünyasında həm ağrı var, həm gözəllik. Həm dünya var, həm də dünyanın fövqündə duran bir hikmət və şairin özü də misralarının birində dediyi kimi:
Belə vazdım, yazacağam,
Qoy desinlər divanədir.
Bəlkə də elə şair olmaq da elə bir az divanəlikdir.
Amma sözün divanəliyi də dünyanı gözəlləşdirən ən uca duyğudur.
“Ədəbiyyat və incəsənət”
(16.01.2026)


