"Duymağı bacarsan, daş da gözəldir" - Zəlimxan Yaqubun anım gününə Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Payız kövrəldəndi, bahar coşduran,

Məni sərt eləyən qış da gözəldir.

Ürəyin daşdımı, demə, ay insan,

Duymağı bacarsan, daş da gözəldir.

 

Bir gözəl çıxanda çəmənə, düzə,

Fikir ver yanağa, nəzər sal üzə.

Gözəllik baxarmı əyriyə, düzə,

Demə ki, əyridi, qaş da gözəldir.

 

Zəlimxan, olmasın nə ah, nə aman,

Ağrıdan ağlamaq yamandır, yaman.

Sevincin qəlbini dolduran zaman,

Yanaqdan süzülən yaş da gözəldir!

 

Yazılı və şifahi ədəbiyyatın vəhdətindən yaranan bənzərsiz bir poeziya dünyası.

Bu gün çağdaş Azərbaycan poeziyasının seçilən simalarından biri, xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun anım günüdür.

Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra şair Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb.

1973-1978-ci illərdə "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-1985-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-1994-cü illlərdə "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub, 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

Zəlimxan Yaqub ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” adlı Bolinisi rayon qəzetində dərc olunan “Şota Rustaveli” adlı şeiri ilə başlayıb.

Müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.

Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib və Bakıda - Birinci Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.