İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Tənhayam, yalnızam, təkəm
Güzgüdən boylanıb baxır,
Gözümdə qəmnən üzləşir.
Göz yaşım çölümdən axır,
İçimi yuyur mürdəşir.
Acı özünə dən gəzir,
Toxu çarığa gön gəzir.
Əlisi-Vəlisi gen gəzir,
Dəlisi mənnən öcəşir.
Tənha, yalqız bir ulu yurd,
Bir mən qaldım, bir quru yurd…
İçimdə boz qurd uluyur,
Çölündə quzu mələşir
Divani
Uca könlümün sultanı, alçaq könülüm mənim,
Bir öyrən gör necə keçir ömrüm-günüm mənim.
Dərviş-libas Şah Abbasdı gendən görünüşüm mənim,
Yaxın gəlsən, görəcəksən, göz-göz olan yaram var.
Səbirnən haqqa varan var, beyqafil haqdan dönən,
Çırağı haqdan yanan var, ocağı haqdan sönən.
Sənin ki ağlar balan var, ruzusu haqdan gələn.
Sən niyə haqdan qorxursan, halalında haram var?
O ucuyla taraz gəlmir, bax bu ucu dünyanın,
Bilinmir ağdı-qaradı üzü suçlu dünyanın.
Əvvəli toy-düyünlü, sonu puçdu dünyanın,
Ya dərviş ol, ya Şah Abbas, bizi bir yaradan var.
Ruhum amanatı, dağlar…
Yağış yağar, divar dibi quzular,
Kürd qızının əli dağdan üzülər…
El atlanar, karvan yola düzülər,
Can ay dağlar… caan… can…
Obamızın dalı axar suyuydu,
Sənə deyim, göz yaşından duruydu.
Gün dönəndə qoyun-quzu yuyurduq,
Can ay dağlar… caan… can…
Əyricənin gədiyində qurd ular,
Qara qoyun ağ sürüdən ayrılar.
Ağca quzum anasına dərd olar,
Can ay dağlar… caan… can…
Ömrüm-günüm sac üstündə yuxadı,
Dindirməynən məni, qəlbim yuxadı.
Eləmi, gözünüz yenə yoldadı?
Can ay dağlar… caan… can…
Qabaq-qənşər ucu şiş-şiş qayalar,
Kölgəsində yatar nərlər, mayalar…
Dəli könlüm «dağlar» deyib haraylar,
Can ay dağlar… caan… can…
Dərviş Cavanşir 1954-cü il yanvarın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olub. Ailədə dörd nəfər olublar — atası Musa, anası Səbayel və balaca qardaşı Şirxan. (Bir neçə şeirlərində valideynləri və qardaşının adı da çəkilir).
Burada kənd məktəbində ibtidai, Naxçıvan şəhərinin 1 saylı məktəbində orta təhsil alıb. Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlayıb.
Ordu sıralarında xidmət edib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib.
Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor, kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor, "Yazıçı" nəşriyyatında redaktor, Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin, "Aydınlıq" qəzetində şöbə müdiri, "Xalq qəzeti"ndə baş müxbir vəzifələrində çalışıb. "Ulus" qəzetinin əməkdaşı olub.
Bədii yaradıcılığa XX əsrin 60-cı illərindən başlayıb. İlk mətbu şeiri "Şərq qapısı" qəzetində dərc olunub. Dövri mətbuatda şeirləri, hekayələri və publisist yazıları vaxtaşırı işıq üzü görüb. İlk dövrlərdə ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu imzası ilə, 1992-ci ildən isə Dərviş Cavanşir imzası ilə çap olunub.
1960–1970-ci illərdə kənd məktəbində ibtidai, Naxçıvan şəhər Ü. Hacıbəyov adına 1 saylı orta məktəbində isə orta təhsilini alıb. Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlayıb. 1989-cu ildə "Ömrümüzdə yanan ocaq"adlı ikinci kitabı işıq üzü görüb.
1990-cı ildən Azərbaycan Yazıçılar birliyinin, 1996-cı ildən isə Azərbaycan Jurnalistlər birliyinin üzvü seçilib. 1996-cı ildə "Mən qəribin qardaşıyam" adlı 3-cü kitabı çapdan çıxıb. Sonrakı illərdə"İki sahil","Ulus" qəzetləri ilə əməkdaşlıq edib.
Ədəbi-publisistik əsərlərinin yer aldığı "Durnalar qərib olmur"adlı kitabı 2000-ci ildə işıq üzü görüb. "Haqdan yanan bir çırağam","Hörün məni divarlara"adlı şeirlər kitabından sonra, 2013-cü ildə ilk nəşr kitabı "Qiblə yeli "adı ilə nəşr olunub.
Dərviş Cavanşirin 2014-cü ildə İran islam Respublikasında fars əlifbası ilə çap olunan "Hörün məni divarlara" adlı kitabı, cənublu soydaşlarımız tərəfindən maraqla qarşılanıb və bu gün də sevə-sevə oxunur. Dərviş Cavanşir 2014-cü il dekabrın 14-də ürək çatışmazlığından vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.01.2026)


