Onun təbliğata ehtiyacı yox idi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Nə toxa bel bağla, nə aca söykən,

Nə şaha arxalan, nə taca söykən,

Özün basdırdığın ağaca söykən,

Bağbandan min dəfə bağ vəfalıymış.

 

Zəlimxan dilində min dürlü dastan,

Gah toydan söz açır, gah da ki, yasdan.

Bahalı köynəkdən, əlvan libasdan

Kəfən etibarlı, ağ vəfalıymış.

 

Yüzü yüz söz desin çöldə-bayırda,

Bu evin zəhməti sənə düşəcək.

Qayğının böyüyü, yükün ağırı,

İşin əziyyəti sənə düşəcək.

 

"Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur" – bunu Xəlil Rza Ulutürk deyib. Bu gün onun vəfatının ildönümüdür.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində “Şota Rustaveli” adlı ilk şeiri ilə başlayıb. Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib

 

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb

1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib. 1983-cü ildən AYB-nın üzvü olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

Rəsmi nümayəndə heyətinin tərkibində 1995–2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞ-də, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub. Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

 

Mükafatları

Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H. Z. Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilib. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.

5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib.

Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur.

Zəlimxan Yaqubun görkəmli dövlət xadimi Heydər Əliyevə ithaf etdiyi "Əbədiyyət dastanı" poeması haqqında şair-publisist Əli Rza Xələfli "Ölməzlik nəğməsi" ("Vətən" nəşriyyatı, 2013) adlı kitab yazıb və nəfis tərtibatda çap etdirib. 2016-cı ildə Xalq şairi Xəlil Rza Ulutürkün "Əbədi Prometey" adlı kitabı nəşr olunub. Kitabı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu nəşrə hazırlayıb və "Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla çap olunub.

 Kitabda, Zəlimxan Yaqubu "Əbədi Prometey, əbədi Səməndər quşu" adlandıran, onu "şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı" hesab edən, hələ 30 il bundan əvvəl "Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur", — deyən X. R. Ulutürkün Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi məqalələri, vaxtilə gündəliyində onunla bağlı etdiyi qeydlər toplanıb

 

Kitabları

- Şair harayı

- Vətən yaralaSizi qınamıram

- Ziyarətin qəbul olsun

- Od aldığım ocaqlar

- Mən sənin qəlbinə necə yol tapım

- Böyük ömrün dastanı

- Qayıdaq əvvəlki xatirələrə

- Gözlərimin nurudu doğulduğum bu torpaq

- Mən bir dağ çayıyam

 

Filmoqrafiya

- Tikdim ki, izim qala (film, 1997)

- Böyük ömrün davamı (film, 2007)

- Mən Hüseyn Arifəm… (film, 2010)

- Atalar yolu (film, 2010)

 

2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib. 2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilib. Zəlimxan Yaqubun həyat və yaradıcılığından bəhs edən Zəlimxan dastanı adlı sənədli bioqrafik film həsr olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.