“Biri ikisində” Nəvai Metinin məqaləsi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə tanınmış rəssam Nəvai Metinin sənət barədə məqaləsi təqdim edilir.                      

 

DÜNYA BİR EV KİMİDİR...

 

Döşəməsi torpaq, tavanı səma. İnsanlar bunu belə qəbul eləmirsə, bu artıq bəşəriyyətin faciəsidir. Dünyanı ev, özünü o evin sakini bilən insan – kamil insandır. O heç vaxt evinin dağılmasını istəməz. Əksinə, o evin abadlaşması üçün əlindən gələni edər. Bu baxımdan düşünürəm ki, mədəniyyət adamları daha aktiv, daha fədakar olmalıdır.

Sənət bir qızıl yatağı kimidir – axtaran çox olar, amma az adam tapar. Bəli, cəmiyyətdə çox zaman görünməyən incəlikləri, dəyərləri tapan, onları üzə çıxarıb insanlara sevdirən məhz mədəniyyət adamlarıdır. Mədəniyyətin içində isə rəssamlar xüsusilə seçilməlidir – çünki onlar həm görünəni, həm də görünməyəni göstərmək gücünə malikdir.

Bugünkü qarışıq, təlatümlü dünyamızda əmin-amanlıq üçün yeni yollar, yeni yanaşmalar axtarılmaqdadır. Siyasi masalardan qalxıb daha çox mənəvi zənginlikləri özündə cəmləşdirən mədəniyyəti və incəsənəti inkişaf etdirməyin zamanıdır. Çünki sənətin dili ümumbəşəridir – onun sərhədi, dini, irqi yoxdur. Bu səbəbdən hansısa ölkənin vətəndaşı yox, dünya vətəndaşı olmaq yolunda addımlar atmalıyıq. Bu artıq bir zərurətə çevrilib. İnsanlıq bu fikrə köklənsə, daha sağlam cəmiyyətlər formalaşar, qarşıdurmalar əvəzinə əməkdaşlıq önə çıxar.

Bu səbəbdən də dünya mədəniyyət və incəsənət adamlarının birliyini bərpa etmək zəruridir. Bir zamanlar bu birliyin canlı şahidi olmuşuq. Deməli, istəsək, yenidən buna nail ola bilərik. Azərbaycan sənət adamlarının dünyanın fərqli ölkələrində sərgilər, konsertlər keçirməsi və eyni zamanda dünya sənətçilərinin Azərbaycana dəvət olunaraq öz sənətlərini burada nümayiş etdirməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Bu kimi təşəbbüslər dünyada sülh və həmrəyliyin bərpasına xidmət edir.

Təbii ki, belə cəhdlərin uğurla nəticələnməsi üçün bütün tərəflər şəxsi ambisiyalarını bir kənara qoymalı, məqsədi – dünya mədəniyyətinin inkişafı olan böyük ideyalar ətrafında birləşməlidir.

Bir zamanlar “Dünya proletarları, birləşin!” deyərək yeni bir cəmiyyət yaratmağa çalışdılar. Bu gün isə bizim devizimiz “Dünya rəssamları, birləşin!” olmalıdır.

Bu günlərdə yaradılan birliyin adı Aktivist Rəssamlar Assosiasiyasıdır.

Devizimiz: “Dünyanı sənət xilas edəcək!”

Bəli, “aktivist” – təşviqatçı deməkdir. Biz assosiasiya olaraq inanırıq ki, dünyanı sənət xilas edə bilər və məhz bu inamla yola çıxmışıq. İnanıram ki, bu yolda çoxsaylı sənət adamları bizə qoşulacaq və hər biri bu müqəddəs missiyaya öz töhfəsini verəcək. İncəsənət yalnız böyük ideyalara söykənəndə daha təsirli olur.

Gəlin bütün mənfiliklərə qalib gələrək böyük ideyalar uğrunda birləşək! Gəlin dünyanın nicatının sənət vasitəsilə mümkün olduğuna inanaq və əlimizdən gələni edək! Əks halda, dünya məhvə, vəhşiliyə doğru gedir. Bu gün bu addımı ataq – sabah gec ola bilər.

Təmsilçisi olduğum Uluslararası Aktivist Sənətçilər Birliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərin əsas məqsədi – dünyadakı bütün sənət adamlarının, təkcə rəssamların yox, bütövlükdə sənətçilərin birliyini yaratmaq və onları bir araya gətirməkdir. Buna çox hallarda nail oluruq, bəzən olmasa da, ən azı ona cəhd göstəririk.

Heç vaxt yadımdan çıxmaz – tədbirlərin birində İsraildən gəlmiş bir sənətçi ilə Fələstindən gəlmiş digər sənətçinin bir-birinə sarılması… Sözsüz ki, bu səhnə illərlə unudulmayacaq və onu mümkün edən qurucu başqan Ümit Yaşar Işıkhan yalnız alqışlanmalıdır.

Bəli, yetər artıq! Yetər bu qədər savaş, qırğın, soyqırımı, torpaq hərisliyi! İnsanlar bir az ayılsın artıq, faciəvi tamaşanın oyunçusu olmaqdan qurtulsunlar.

Birliyimiz tərəfindən keçirilən tədbirlərdə insanların öz ambisiyalarından əl çəkdiyinə, bir araya gəldiyinə dəfələrlə şahid olmuşuq. Və bu, inamımızı daha da gücləndirir.

Ərsəyə gətirdiyimiz kitab-kataloqun da əsas məqsədi bəllidir:

Rəssamlar cəmiyyətin seçilən insanları olduqları üçün digərlərinə nümunə olmalıdırlar. İnsanların bir-birini sevmələri, qarşılıqlı sevgi və hörmət göstərmələri bəzən yalnız sənət vasitəsilə mümkün olur. Elə isə gəlin bu nümunəni birgə göstərək!

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.