İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Başlığa çıxardığım "Orda həyat necədirsə, mən də onu elə göstərməliyəm" sözləri mərhum yazıçı Çingiz Ələkbərzadəyə məxsusdur. “Orda” deyəndə o, həbsxananı nəzərdə tutur. Çünki həyatgında məhbəs dönəmi də olub...
Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olub. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirib. ADU-nun filologiya fakültəsində təhsil alıb. Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunub. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlayıb.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləyib. İsmayıllı rayonundakı İvanovka kəndində müəllim, Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri, İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri, Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir olub.
Əsərləri
1. Yarpaqlar töküləndə
2. Güllələr dənizdə sönür
3. Qızıl yəhərli at
4. Çılpaqlı (roman)
5. Vulkan (povest və hekayələr)
6. Öndən
7. Qumarbaz.
Filmoqrafiya
1. Günlərin bir günü...
2. Vulkana doğru
Musiqini, mahnı ifa etməyi çox sevirmiş, gözəl səsi olub. Kulis.az saytı yazır ki, o, ailəsində qurduğu məclislərin hamısında şeir və musiqilər ifa etməyi xoşlayıb. “Leyli və Məcnun” poemasını əzbər söyləyərmiş. Musa Yaqubun “Bəlkə də borcundan çıxmadım, Vətən” şeirini çox sevib.
O, 49 yaşında şərlənərək həbs olunub. Yazıçıya on iki il iş kəsilsə də, sonradan günahsız olduğu məlum olur və o iki ildən sonra azadlığa çıxır. Gözlədiyi bəraəti alır. Lakin, o, həbsdən sonra tamamilə dəyişir, əsəbi, qapalı insana çevrilir. Stressdən, əsəbdən səhhətində problem yaranır parkinson xəstəliyinə tutulur.
Yazıçı həbsdən çıxandan sonra “Türmə mənim ahımdır” şeirlər kitabı və həbsxana həyatından bəhs edən “Zindan” adlı roman yazır. Kitabın üz qabığı üçün şəkil çəkdirmək lazım gələndə o, ailəsinin narazılığına baxmayaraq saçlarını həbsdəki kimi dibindən qırxdırıb şəkil çəkdirir və deyir: Orda həyat necədirsə, mən də onu elə göstərməliyəm. 30 min tirajla çap olunan roman qısa zaman ərzində satılır.
Rus oliqarxlarından biri roman əsasında film çəkilməsini arzulayır. Və Çingiz Ələkbərzadəyə zəng vuraraq böyük məbləğ təklif edir. Ailənin pula böyük ehtiyacı olsa da, yazıçı biləndə ki, filmdə ancaq rus aktyorlar iştirak edəcək, təklifi rədd edərək deyir: “Bu, azərbaycanlıların həyatıdır, filmdə də azərbaycanlı aktyorlar iştirak etməlidirlər”.
Anası rəhmətə gedən zaman yazıçı həbsdə olur. Bu xəbəri ondan gizlədirlər. Ailəsi onunla görüşə gedəndə həyat yoldaşı Çingizə evdən gətirdiyi plovu verir. Çingiz dərhal ona belə deyir: “Gətirdiyin aş anamın ehsanıdır. Gecə yuxuda çoxlu çay daşlarının qəbirdaşına çevrildiyini görmüşəm. Məni aldatmayın, bilirəm ki, anam yoxdur”.
Ölümündən bir müddət əvvəl “Mən kiməm?” adlı bioqrafik roman yazmağa başlasa da, yarımçıq qalır. O kitabdan yalnız bir neçə səhifə yaza bilir. Ömrünün son günlərində yaddaşını itirir. Ölənə yaxın isə gözlərini açır, övladlarına baxıb deyir: “Qorxmayın, gedirəm. Amma hər şey yaxşı olacaq".
7 yanvar 1999-cu ildə vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.01.2026)


