“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Mina Rəşidin uşaq miniatürləri təqdim edilir.
BİZ QALİB GƏLƏCƏYİK!
Bu gün avtobusda tanınmış, sevimli yazıçımız Sevinc Nuruqızının bir hekayəsini oxudum və elə təsirləndim ki, təəssüratımı sizinlə paylaşmaq istədim.
Deməli, bacı-qardaş yemək süfrəsi arxasında müharibədən danışırlar, yemək yadlarından çıxıb. Çünki onların atası Vətən müharibəsində döyüşür, anası əsgərlərə xidmət edir. Onların qarşısında iki qaynanmış yumurta və iki kartof var.
Uşaqlar yeməklərini dəsmala büküb anasındanxəlvət tez yola düşürlər. Onlar öz paylarını maşınla yoldan keçənəsgərlərə verməyə aparırlar. Həmin gün də çox soyuq, yağışlı hava olur. Əsgər maşınlarının heç biri onların yanında saxlamır. Nəhayət, maşınların ən sonuncusu gəlir. Maşında olan zabitlərdən biri uşaqların paltarlarından düzəltdikləri bayrağı görür, onların həyəcanını hiss edir və maşını saxlatdırır. Uşaqlar sevincək tez ona tərəf qaçır və əllərindəki balaca hədiyyəni həyəcanla zabitə uzadırlar. Kişi bu mənzərə qarşısında quruyub qalır, gözləri dolur. Təbəssümlə uşaqların əlindən hədiyyəni alır və öz-özünə deyir: BİZ QALİB GƏLƏCƏYİK!
Bax əsl yazıçı sözünün gücü budu, başqa nə demək olar, əsər özü hər şeyi deyir. Ona görə mən Sevinci dünya şöhrətli hesab edirəm, elə kifayət qədər uğurları da bunu deyir... Nə yaxşı varsan, Sevinc Nuruqızı!
LALƏNİN NAĞILI
İlıq yaz günündə qaratikan kolunun yanında bir lalə bitdi. O böyüdü, incə, düyməli boynunu günəşə sarı çevirdi. Günəş laləni salamladı. Lalə yanağında qara xalları olan gözəl bir çiçək açdı və ətrafına gülümsədi.
Onu görən bütün quşlar, böcəklər, çiçəklər sevindilər... Təkcə qaratikan kolu təkəbbüründən tikanlarını çeynədi. Laləyə nifrətlə baxdı... Lalə bunu hiss etsə də, özünü bilməzliyə vurdu. Axı o, qaratikan kolunu da sevirdi...
Düşünürdü ki, bu qısa ömründə ancaq yaxşı işlər görsün, heç kəsə, heç nəyə zərər verməsin. Qaratikan isə bütün günü onu fikirləşirdi. Görəsən, hansı yolla laləni məhv eləsin?..
Bir gün o, tikanlarından ox düzəltdi. Amma külək onun hiyləsindən xəbər tutdu, laləni düşmən oxundan xilas elədi. Qaratikan yeni bir plan qurmağa başlayarkən lalə öz qısa, mənalı ömrünün sona yaxınlaşdığını hiss edirdi. Amma o bundan heç də kədərlənmirdi. Düşünürdü ki, bu, Yaradanın hökmüdü. Bir çiçək açır, o biri solur...
Lalə gözlərini təbəssümlə yumdu. Onun ləçəkləri son dəfə küləyin nəğməsi ilə havada oynadı və sonsuzluğa qovuşdu. Bir azdan yeni, balaca düymədən qəşəng bir çiçək açıldı və günəşə gülümsədi...
Bəs qaratikan kolu necə oldu? Qaratikan uzun və xeyirsiz bir ömür yaşadı. Amma hər kəsin bir sonu da var axı. Bir gün insanlar ətrafı təmizləyərkən ona od vurub yandırdılar. Qaratikanın acı tüstüsü başından çıxdı...
XƏYAL GÜCÜ
Selcan adlı balaca bir qız anasıyla kasıb bir daxmada yaşayırdı. O, xəyallar qurmağı çox sevərdi. Məsələn, hərdən uçuq-sökük daxmalarını xəyalında yaraşıqlı bir evlə əvəz edirdi. Ətrafında hər şeyi dəyişərək özünə gözəl bir dünya qurmağı bacarırdı. Buna görə də heç bir ehtiyac onun məsum çöhrəsindəki işıqlı təbəssümə kölgə sala bilmirdi.
Bir gün Selcan yenə xəyal dünyasında harasa çıxıb getmişdi. Gözlərini açanda qarşısında gözəl, yaraşıqlı bir ev gördü. Qız çaş-baş qaldı. Axı bu evi o, xəyalında görmüşdü. Elə bu vaxt evdən bir səs eşidildi: Kömək edin, kömək edin... Selcan evə yaxınlaşdı, qapını açıb içəri keçdi. Evin küncündə yıxılıb qalmış qoca qarı onu görəndə sevindi: Əlini mənə ver, qalxım, gözəl balam. Nə yaxşı gəldin, səni Allah yetirdi... Qız nənənin ayağa qalxmasına kömək etdi, ona su gətirdi. Nənə ona təşəkkür edib kim olduğunu soruşdu. Selcan hər şeyi danışdı. Təkcə kasıb olduqlarını söyləmədi. Qadın ona şirin kökələr, dadlı meyvələr verib yola saldı.
Selcan sevinə-sevinə evlərinə gəldi və olanları anasına danışdı. Anası kimsəsiz nənəyə hər gün baş çəkməyi qərara aldı. Ana-bala hər gün gedib ona yardım edirdilər. Bir gün qarı öyrəndi ki, onlar uçuq daxmada yaşayırlar. O, bir vəsiyyətnamə yazdırdı. Bir neçə gündən sonra qarı dünyasını dəyişdi. Məlum oldu ki, nənə Selcanın xəyalında gəzdirdiyi o yaraşıqlı evi və bütün varidatını ona bağışlayıb...
Hə, balaca dostum, deyirlər, nəyi ürəkdən istəsən və ona can atsan, bir gün o arzuna çatarsan...
XEYİRXAH RƏNGLƏR
Rənglər yan-yana düzülmüşdü. Qara rəng yenə ağ rəngə söz atmağa başladı:
– Sən ağappaq turp kimisən. Rəngin elə ağarıb ki, elə bil kimdənsə bərk qorxmusan. Sənə bir ləkə düşsə, çətin təmizlənərsən, ha, ha, ha...
Ağ rəng bu dəfə ona cavab vermək istəmədi. Düşündü ki, onsuz da ona cavab verməyin mənası yoxdur. Qara yenə öz bildiyini edəcək. Ona qoşulduqca daha da həddini aşacaq. Qara isə söz ehtiyatı bitənə qədər danışdı. Axırda gördü ki, ona baş qoşan yoxdur. Pərt oldu...
Bir azdan rənglər əl-ələ verib bir uşaq evciyini rəngləməyə yollandılar.
Heç kəs qara rəngin əlindən tutmadı. “Kobud, qoy tək qalsın” – deyə, dostları ondan uzaq durdular...
Rənglər göyçək bir qızcığazın evciyini elə gözəl bəzədilər ki, uşaq sevincindən atılıb-düşdü. Sonra üzünü rənglərə tutub dedi:
– Sağ olun, mənim əziz, mehriban dostlarım. İndi mən qonaq çağıra bilərəm. Gör nə qəşəng evim oldu!
Rənglər yorulmuşdular. Onlar bir ağacın kölgəsində oturub dincəlməyə başladılar. Çəhrayı rəng dostlarına dedi:
– Biz gərək həmişə xeyirxah işlər görək. Gördünüz, balaca qız necə sevindi. Yoxsa qara rəng kimi, ona-buna söz atır. Elə bil başqa işi-gücü yoxdur. Səhər də ağ rəngi incitdi...
Bütün rənglər Çəhrayının dediklərinə şərik oldular. Qara isə boynu bükük, tək qalmışdı. Rəngi də lap qaralmışdı. Deyəsən, səhvini başa düşmüşdü. Başını qaldırıb bir kəlmə belə söyləmirdi...
JALƏNİN ƏLLƏRİ
Biri vardı, biri yoxdu, Jalə adında qəşəng bir qız var idi. Jalə həmişə əllərini əzizləyərdi. Ona su verən, çörək kəsən, oyun oynayan, rəqs edən əllərinə bir möcüzə kimi baxardı. Bir gün o, həmişə mehriban olan, birgə çalışan əllərinin mübahisəsini eşitdi. Jalə buna çox təəccübləndi.
Düşündü ki, yəqin, kimsə onları yoldan çıxarıb. Yoxsa əllər heç vaxt mübahisə etməzdilər.
Sağ əl sol ələ deyirdi:
– Sən çox zəifsən. Mənsiz bir işin öhdəsindən gələ bilməzsən. Mən səndən güclüyəm, güclü...
Sol əl incimiş halda ona cavab verdi:
– Sən də mənsiz bir işə yaramazsan. İstəyirsən, Jalədən soruş...
Jalə o anda dilləndi:
– Mənim əziz əllərim, gözəl əllərim, deyin görüm, sizə nə olub ki, mübahisə edirsiniz?
Sol əl dilləndi:
– O, məni bəyənmir, zəif olduğumu söyləyir...
– Sən ona inandın?
– İnanmasam da, incidim, axı mən onu çox sevirdim.
– Sağ əl qızardı, o an özünü tənha hiss etdi və barmaqlarını aşağı saldı.
Jalə iki əlini birləşdirdi və onlara sığal çəkdi.
Əllər kövrəldi və bir-birinə möhkəm sarıldılar.
Jalə artıq söz deyib sağ əli incitmək istəmədi, onsuz da o, səhvinianlamışdı. İndi bu atalar sözünü ona xatırlatmaq qalırdı:
– Dostlar, bilin ki, tək əldən səs çıxmaz. Siz birlikdə daha güclüsünüz!
MƏKTƏBƏ GEDƏN KUKLA
Kuklam danışmır, mənə cavab vermir, amma çox ağıllıdı. Hirsli, kobud adamlardan kukla yaxşıdı, düşünürəm. Hələ altı yaşım olmamış atam dedi ki, sən böyümüsən, bir torba oyuncağımı kəndə, uşaqlara apardı.
Atamdan xəlvət toplanı götürüb gizlətdim. Nə yaxşı, elə eləmişəm. Mənim toplanım çox qəşəngdi. Oyuncaqlarımı başqasına verəndən sonar darıxdım. Bilmədim, nə edim, birdən ağlıma gəldi ki, özümə kuklalar tikim. İndi çoxlu kuklam var. Sizə kuklam haqqında maraqlı əhvalat danışmaq istəyirəm. Mən hazırlığa gedəndə çantamda ağıllı kuklamı da özümlə aparmışdım. Anam bunu sonra gördü və gülümsədi. Anamın da oyuncaqlardan, kukladan xoşu gəlir. Deyir ki, oyuncaqlarla oynayan uşaqlar daha mehriban, daha ağıllı olurlar. Onların kiçik yaşlarından gözəl bir dünyası olur. Əksinə, oyuncaqla oynamayan uşaqlar hirsli olur, başqalarını sevmirlər. Bir dəfə də birinci sinifdə oxuyanda kuklamı məktəbə aparmışdım. Kuklama təzə don tikmişdim, onu müəllimə göstərdim.
Kuklam müəllimin xoşuna gəldi.
Məncə, kuklam da məktəbə getdiyi üçün o gün çox sevinmişdi...
MƏNİM GÖZƏL DİNİM
Hazırlığa gedəndə müəllimdən soruşdum:
– Müəllim, “Bismillah” demisən?
Müəllim güldü və soruşdu:
– O nə deməkdi?
– Allahın adıyla! – tez ona cavab verdim.
– Allahın adıyla! – tez ona cavab verdim.
Evdə bunu eşidəndə hamı güldü. Çünki heç kim müəllimə belə sual verməzmiş. Amma indi bir az da böyümüşəm və həmin suala görə heç peşman deyiləm. Çünki mən dinimizi – İslamı çox sevirəm. Dinimiz bizə yaxşı oxumağı, tərbiyəli olmağı, doğru danışmağı, bir-birimizə kömək etməyi öyrədir. İslam dininin peyğəmbərinin kim olduğunu blirsiniz?
Muhəmməd (s) İslamın sonuncu peyğəmbəridir. O, çox mehriban, qayğıkeş insan olub. Uşaqları çox sevib və böyükləri onlara qarşı ədalətli olmağa çağırıb.
VASVASI, PİNTİ VƏ VİRUSUN NAĞILI
Dünyanın dərdi azmış kimi, bu yandan da virus – Covid-19 adlı bəla gəlib onu bürüdü. İndi sizə kimdən deyim, dünyanın dərdini daha da artıran, aləmi bir-birinə vuran iki tip eybəcərdən. Onlardan birinin adı Vasvası, o biri isə tayı-bərabəri olmayan Pintidi.
Bu virusun gəlişi ilə ən çox əl-ayağa düşən Vasvası oldu. O nələr elədi,
nələr… Az qala evinin damını-daşını yuyub-üfləyib yenidən yerinə qoysun. Evdə uşaqlar nəzarətə alındılar, tərpənmək icazəli oldu. Arvad isə, onun işi hamıdan çətin oldu, karantində üzünə bütün qapıların bağlandığı vaxtda dərddən az qaldı havalanıb göyə uçsun. Belə çətin anlarda bir görün necə dəhşətli hadisə baş verdi. Belə ki, Vasvasının evinə Pinti qonaq gəldi. Pinti sanki bir yel kimi bircə göz qırpımında evə daxil oldu. Vasvası gördü, iş işdən keçib artıq. Qışqırıq saldı, ay haray, qoymayın, indi ürəyim partlayacaq!
Pinti düz bir aydı onlardan qaçıb gedib. Vasvası hələ də evi təmizləməkdə davam edir, amma ürəyi rahat olmur ki, olmur. Bütün bunları izləyən Covid-19 həddini aşan Vasvasıya baxaraq öz-özünə dedi:
–Ay yazıq, vallah, sən məndən betər virussan. Sənin o qara, kif basmış ürəyini əlli litr bahalı şampunla da yusan, təmizlənməz...
Sonra da Pintiyə nəzər saldı. Gördü Pinti də həddini aşıb. Yerdən, ayaq altından şirnini götürüb körpə uşağa verir. Virus yenə özündən çıxdı və öz-özünə deyinməyə başladı:
– Ay bədbəxt, özün cəhənnəm, o körpəni niyə zəhərləyirsən? Məndən qorxmursanmı gəlib yapışam boğazından, gözün kəllənə çıxa? Maskan hanı, ay başıboş? Dərin beş qəpiyə dəyməz, yüz manatı haradan alıb cərimə ödəyəcəksən? Sənə bu geniş dünya yaraşmır, deyəsən, heç kimi saymırsan. Di öl, sənə belə yaxşıdı. Qoy həyat onun qədrini bilənlərin olsun...
Virus sonra dönüb Vasvasının yanına gəldi. O baxıb nə görsə, yaxşıdı?
Evdə hamı – uşaqlar da, anaları da qan ağlayır, əllərini göyə açıb yalvarırlar ki, ey uca Yaradan, Sən özün bizi bu zalımdan qurtar.
Virus:
– Bu da sənin payın, canını heç nəylə məndən qurtara bilməyəcəksən. Virus elə virusa yaraşır, – dedi.
Beləcə Covid-19 həm də xeyirxahlığı ilə yadda qaldı. Onun sayəsində
bir külfətin canı beləcə əziyyətdən qurtardı...
Bütün bu olanlara tamaşa edən qoca Dünya öz-özünə pıçıldadı:
– Bax gördünüzmü mənim bir günahımın olmadığını! Üstümə şər atmaqdan qurtarın artıq, yoxsa Covid-19 kimi başınıza çox bəlalar gələcək.
“Ədəbiyyat və incəsənət”
(07.01.2026)


