Əzizə Cəfərzadənin vəfatından sonra da onun kitablarının nəşri davam etdirilib Featured

 

 

Turan İbrahimli, Xalq yazıçısı Əzizə Çəfərzadənin oğlu. “Ədəbiyyat və incəsənətə

 

Hörmətli redaksiya. Anam Əzizə Cəfərzadənin doğum gününün 104-cü ildönümü tamam oldu. Çox sağ olun. Var olun ki, bu barədə yazı dərc etdiniz. Heyif ki, bu yazıda, ümumən, ölkə mediasında gedən yazılarda yalnız azizajafarzade.com saytında qızımın 2004-cü ildə yazdığı məlumatlardan istifadə edilir, sonrakı 21 il ərzindəki yeniliklərdən, 100-dən çox dərc olunmuş kitabdan bir söz belə yazılmayıbdır.

 

Əzizə Cəfərzadənin vəfatından sonra da onu kitablarının nəşri davam etdirilmiş, demək olar ki, bütün bədii əsərləri latın qrafikasına çevrilərək yenidən 70 kitab şəklində ölkəmizdə və xaricdə müxtəlif dillərdə nəşr edilmişdir. Bunlar içərisində Ev Arxivndən saxlanan materiallar əsasında xeyli yeni kitab da işıq üzü görmüşdür; yazıçının “Səyahətnamələri” (2 cild), “Pyesləri” (2 cild), Televiziya-radio verilişləri və kinofilm ssenariləri, “Folklor araşdırmaları”, “Aşıq yaradıcılığının tədqiqi”, “Nəcəf bəy Vəzirovun dramaturgiyasının xüsusiyyətləri”, “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı gənc surətləri”, “XIX əsrdə Molla Pənah Vaqif ədəbi məktəbi”, “Məmməd Səid Ordubadi arxivinin izahlı təsviri”, 40 hekayəsi, 8 povest, 1 romanı və s. yer alır.  Əzizə xanımın tərtib etdiyi 4 kitab da yenidən nəşr edilmişdir. Onun 7 kitabı səsli kitab  formasında da təqdim olunmuşdur.

Əzizə Cəfərzadə haqqında Azərbaycanda və xarici ölkələrdə bir neçə dissertasiya işi də yazılmışdır və onun haqqında müxtəlif müəlliflərin 12 kitabı nəşr edilmişdir

Əzizə Cəfərzadə vəfatından sonra ilk nəşr edilən kitablar  Prezident fərmanı ilə “Aləmdə səsim var mənim”, “Eldən-elə” (2006) romanları və “Azərbaycan qadın şairləri antologiyası” (2005) olmuşdur.

Mənim təşəbbüsüm ilə 2021-ci ildən nəşrinə başlanan 17 cild “Seçilmiş əsərləri”, 2025-ci ildən nəşrinə başlanan “Elmi əsərləri”nin 3 cildi çap edilmişdir. 2016-ci ildən “XAN”nəşriyyatı 6 kitabını nəşr edir və bəzi kitabların artıq 4-cü nəşri çap olunub. MİMTA Yayılmları da 2020-ci ildən başlayaraq Xalq yazıçısının 8 kitabını nəşr etmişdir. Ölkəmizdəki digər  nəşriyyatlar da Əzizə Cəfərzadəni  kitablarını nəşr edirlər. Yazıçının kitabları Türkiyə, İran, Özbəkistan, İsveç, İngiltərədə də nəşr edilmişdir.

Azərbaycan Milli kitabxanası 2022-ci ildə yazıçının geniş biblioqrafiyasını hazırlamış və dərc etmişdir.

Qızım, yazçının nəvəsi Nəsrin İbrahimova tərəfindən yaradılmış 3 dilli “azizajafarzade.com” saytı  da 2004-cü ildən fəaliyyətdədir.

Qeyd etdim, dünən Əzizə Cəfərzadənin anadan olmasının 104-cü ildönümü idi. Adətən bu ildönümlərində mən özüm-özümə illik hesabat verməyə çalışıram. Bu il Əzizə ananın hansı əsərləri dərc edilib, yeni ilə hansı işlər və əsərlərin nəşri planlaşdırılıb? Özüm nələr etmişəm?

Bu il prof. Pərvanə Bayram, dos. Tacir Səmimi ilə birgə Əzizə Cəfərzadənin “Elmi əsərləri”nin nəşrinə başlamışıq. Bu 12-15 cild həcmində olacaq bir topludur. Bu il 3 cildi nəşr etməyə müvəffəq olmuşuq:

I cild “Aşıq yaradıcılığının tədqiqi” (496 səh.)

II cild “Nəcəf bəy Vəzirovun dramaturgiyasının xüsusiyyətləri” və “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı gənc surətləri” (272 səh.)

III cild “XIX əsrdə Molla Pənah Vaqif ədəbi məktəbi” (654 səh).

Daha 4-5 cild hazırdır və ikinci dəfə redaktə mərhələsindədir. Bu cildlər “Klassik ədəbiyyatın tədqiqinə dair məqalələr”, “Folklorşünaslıq axtarışları”, “Xəlqiyyat dəftərləri”dir. Bu əsərlər ilk dəfə kitab şəklində nəşr edildiyindən, əlbəttə ki, çapa hazırlanması daha çox vaxt alır.

MİMTA yayımları Əzizə Cəfərzadənin “Vətənə qayıt” romanını da bu il tam  (senzura kəsdiklərini geri qaytararaq) və nəfis şəkildə nəşr edib. Bununla bu nəşriyyatda çap olunmuş kitabların sayı 8-ə çatıb. 9-cü kitab “Yad et məni” də yaxın vaxtlarda çap ediləcək. “Səyyah” romanının da ilk nəşri satılıb bitdiyindən onun da ikinci nəşri planlaşdırılır.

Təqdimatı bu il keçirilən, lakin keçən ilin sonunda BP şirkətinin sponsorluğu ilə çap edilmiş “Məhəmməd Füzuli” 2 cildlik topluya Əzizə ananın son romanı “Eşq sultanı” daxil edilmişdir. Qeyd edim ki, bu romanı MİMTA yayımları 2023-cü ildə nəşr edib və bu nəşrləri yaxın 3 ildə də davam etdirmək niyyətindədir.

Bu günlərdə İsveçdə həmyerlimiz Səadət Kəriminin tərcüməsi və fədakarlığı ilə “Bakı 1501” kitabı çapdan çıxıb.

Dünən "Rübabə sultanım" yarı bioqrafik romanı əski əlifba ilə Azərbaycan türkcəsində Təbrizdə "Toğrul"-"Dənizçin" nəşriyyatlarında nəşr edilmişdir. Onu qeyd edim ki, nəşriyyat bundan öncə Əzizə Cəfərzadənin "Bakı-1501", "Eşq Sultanı", "Anamın nağılları", "Bir səsin faciəsi", "Qızımın hekayələri" kitablarını da nəşr etmişdir. Bir neçə il öncə İranda başqa bir nəşriyyat da "Bakı-1501", "Eşq Sultanı" və “Aləmdə səsim var mənim” romanlarını çap etmişdir. Yeni ildə də İran nəşriyyatları ilə olan əməkdaşlığımız davam ediləcək və artıq çapa hazırlanmış bir neçə kitabda, inşallah, nəşr ediləcək.

“Kritika” nəşriyyatı ilə imzaladığımız müqaviləyə əsasən Əzizə ananın 2 və dayılarımın hərəsinin 1 kitabı da yeni ildə işıq üzü görəcək.

Əzizə ananın yaradıcılığına, şəxsiyyətinə hələ də xalqımızın və digər ölkə oxucularının bu marağı məni çox sevindirir və yeni-yeni kitablarını nəşr etməyə sövq edir.

Bu il özümün də tərtib etdiyim iki böyük kitab nəşr edilib:

“Muğam kimi ömür” (Gülhüseyn Kazımlı -75) (400 səh. +96 səh. rəngli şəkil). Rəhmətlik Gülhüseyn müəllimin 75 lillik yubileyində 4 fevralda Beynəlxalq Muğam mərkəzində bu kitabın təqdimatını etdik.

“Azərbaycan muğamının Zabiti” (Zabit Nəbizadə -60) (384 səh. + 96 səh. rəngli şəkil). Xalq artisti, xanəndə Zabit Nəbizadə haqqında bu kitabı Zabit bəyin doğum günündə təqdim etdik.

“Babamın papağı, nənəmin kəlağayısı” (tərtib edəni Güllü Tomarlı) kitabında “Əzizə Cəfərzadənin əsərlərində papaq – kişilik və qeyrət rəmzi kimi” məqaləm çap olundu. Məqalədə göstərildi ki, Əzizə ana bədii əsərlərində 313 dəfə papaq haqqında yazıb, 42 müxtəlif papaq növündən bəhs edib.

15 yaşlı Nəvəm Tuncay Əkbərlinin ingilis dilində yazdığı “The Codira Programming language” / (by Tunjay Akbarli, Maryna Rybalko) (608 səh.) kitabına da ön sözü yazıb, naşiri olmuşam.

Professor Pərvanə Bayramla səmərəli əməkdaşlığımız davam edib və onun Seyid Mir Həmzə Nigari haqqında yazdığı monoqrafiya və məqalələri “Eşqindəndir, ey Nigari, hər nə var” (448 səh.) adlı kitabı nəşr edilib.

Folklorçu alim, dosent Tacir Səmimi ilə əməkdaşlığımız davam edib və nəticədə bir neçə kitab ərsəyə gəlib və mən onları nəşr etdirmişəm:

“Şirəkli Həsən” (96 səh +16 şəkil) Dayım Əhməd Cəfərzadənin arxivindən tapılmış bu kitabda XVIII əsr Qərbi Azərbaycanın görkəmli şairlərindən olan, Ağbabanın el sənətkarı Şirəkli Həsənini şeirləri, onun haqqında məqalələr daxil edilmişdir.

Tacir Səmiminin “Aşıq İsgəndər Ağbabalı” (126 səh.) və “Yurdum, yuvam – Ağbabam” (678 səh. +16 səh. rəngli şəkil), Ağbabanın Seyidliləri” (136 səh.+24 səh. rəngli şəkil)  kitabları nəşr edilib.

Əzizə ananın keçmiş aspirantı, Əlyazmalar institutununda şöbə müdiri, professor, filologiya elmləri doktoru Raqub Kərimovun tərtib etdiyi Qasım bəy Zakir “Əsərləri” (648 səh.) və Baba bəy Şakir “Əsərləri”nə də naşirlik etmək mənə nəsib olub.

İki gənc şairini də ilk kitablarını nəşrə hazırlayıb, nəşr etdirmək mənə nəsib olub:

Nofəl Arazi “Sevgimiz bir cümlədir...” (96 səh) kitabının redaktoru və ön söz müəllifi Türkiyəli dosent Ömər Bayramdır.

Aygül Cəfərzadə “Ürəyimin qəm notları...” (148 səh.) kitabının redaktoru və ön söz müəllifi Türkiyədə yaşayan və çalışan həmyerlimiz professor Pərvanə Bayramdır.

Əlbəttə ki, bu işlərlə yanaşı ölkəmizin gələcək neft-qaz potensialını yüksəltməyə hədəflənmiş bir çox kəşfiyyat layihələrində də öz verdiyim hasilat proqnozları ilə yer almışam. SPE (Neftçi alimlər çəmiyyəti) çərivəsində unverisitet tələbələrinə neft-qaz yataqlarının işlənilməsi haqqında 6 mühazirə oxumuşam. 17-28 noyabr 2025-ci il tarixləri arasında Vyetnamda Vunq Tau şəhərində “Qabaqcıl rezervuar və neft mühəndisliyi metod və təcrübələri” mövzusunda məşğələlər aparmışam.

Üzeyir  Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” simpoziumuda  professor Abbasqulu Nəcəfzadə ilə “Ü.Hacıbəylinin 100 il öncə tədris üçün tərtib etdiyi ilk muğam proqramı (nəzəri və təcrübi kontekstdə)” adlı çıxışımız olub. Yenə Abbasqulu müəllimlə birgə  Naxçıvan Dövlət Universitetində keçirilən “İnnovasiya və davamlı inkişaf yeni ideyalar və həllər” adlı I Beynəlxalq elmi konfransında “Erqoloq İxtiyar Seyidovun Səfiəddin Urməvinin icad etdiyi müğni alətinin bərpası (nəzəri və təcrübi araşdırma)” adlı məruzə etmişik.

Qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni təqvim iliniz mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.