“Biri ikisində” Şəbnəm Məmmədovanın essesi ilə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şəbnəm Məmmədovanın atası, bütün həyatını ədəbi-nəzəri məsələlərə həsr etmiş elm fədaisi olan Nizami Tağısoyun 75 illik ömür yolu barədə yazdığı essesi təqdim edilir.

                            

TRİBUNA

Şəbnəm MƏMMƏDOVA

dosent

 

ÖMRÜNÜ ELMƏ VƏ NƏZƏRİ

TƏNQİDƏ HƏSR ETMİŞ ATAM

 

Həyatda əsl səadət qələm sahibinin xalqına, millətinə xidmət etməsidir. Bu sözlər təkcə böyük bir həqiqəti ifadə etmir, həm də həyatını, elmi-nəzəri, ədəbi-publisistik yaradıcılığını uzun onilliklər boyunca gənc nəslin inkişafına, etnik-milli düşüncənin formalaşmasına həsr etmiş, türk dünyasının ədəbi-mədəni irsini bütün coğrafiyalara yorulmadan yayan filologiya elmləri doktoru, professor Nizami Tağısoyun fəlsəfi, estetik, etik, psixoloji və mənəvi-mədəni mövqeyini səciyyələndirir. Bu gün bütün həyatını ədəbi-nəzəri məsələlərə həsr etmiş elm fədaisi olan atam Nizami Tağısoyun 75 illik ömür yolu, sadəcə, rəqəmlərin arxasında duran əzab-əziyyətli illərlə deyil, həm də dəyərlərlə, sözünün və elmi yaradıcılığının gücü ilə ölçülür. 75 illik bir ömür heç də yalnız hər hansı bir yaşın tamamı deyil, milli məfkurə və türkçülüyü həyat amalı seçən bir ziyalının, elm və düşüncə insanının uzun illərə söykənən göz nurunun, zəhmət yolunun, parlaq mənəviyyatının və ədəbi-estetik baxışlarının əlamətdar bayramıdır. Zamanın axarında elə insanlar olur ki, bu, yalnız onların yaşadıqları ömürlə ölçülür. Lakin elələri də olur ki, bu, onların  heç də öz ömür illəri ilə ölçülmür. Onların yaşadığı, yaratdığı, düşündüyü, yazdığı hər şey xalqının və millətinin yaddaşında daşlaşır. Elmin sərt məntiqi ilə bədii təfəkkürün incəliyini və itiliyini özündə birləşdirən atamın həyat yolu ibrətamizdir. Nizami Tağısoy  yüksək mənəviyyat sahibi, səmimi və sadə insan kimi tanınır, parlaq intellekti ilə fərqlənir. Atamın həm ailə, həm də ömrünün çox hissəsini keçirdiyi ali məktəb auditoriyalarında və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda qazandığı nüfuz, nəsillər arasında qurduğu körpü onun əsl ziyalı obrazını tamamlayan cizgilərdəndir.

Uşaq yaddaşımda atam. Atamın gənc yaşlarından başlayan elmi və yaradıcılıq fəaliyyəti illər keçdikcə onu türk xalqları ədəbiyyatının tədqiqatçıları arasında tanınmış simalardan birinə çevirdi. Amma mənim üçün o, öncə evimizdəki sükutun içində kitab vərəqləyən, ağ vərəqlər üzərinə fikirlər səpən, qələmə sonsuz ehtiram göstərən bir ata olaraq yaşayır. Sözün əsl mənasında, mən atamı yazı masası arxasında daha yaxından tanıdım. Hər səhəri əlində qələmlə oyanması, gecələri kitabxanası ilə baş-başa qalması sübut edir ki, alimlik peşə deyil, həm də hər şeydən öncə, zəngin erudisiyalıların həyat və yaşam tərzidir.

Mən hər zaman fəxr etmişəm ki, atam ən ali adın – müəllim adının daşıyıcısı, professordur. Amma o, sadəcə, müəllim deyil, elmdə doğru yol göstərən, elmi sözə böyük dəyər verən, düşünməyi öyrədən, məntiqli təfəkkürə yol açan, zamanı bütün tərəfləri ilə anlamlı edən bir yol bələdçisidir. Atamın tələbələri bu gün ölkənin müxtəlif yerlərində, müxtəlif vəzifələrdə çalışır. Onun ömür yolu elmi düşüncənin sonsuz gücünə söykənən çoxşaxəli elmi fəaliyyəti ilə bərabər, həm ailəsinə, həm cəmiyyətə, həm də türk dünyasına xidmət edən bir insanın ömür yoludur.

Elmin və sözün cəfakeşi. Atam 40 ildən çoxdur ki, Bakı Slavyan Universitetində çalışır. Bu müddət ərzində o, yüzlərlə, minlərlə gəncə, sözün həqiqi mənasında, elmin sirlərini açmış, onlarla magistr və doktorantın elmi rəhbəri olmuş, həm pedaqoji, həm də elmi fəaliyyətində nəzərəçarpacaq ardıcıl uğurlar əldə etmişdir. O, tələbələrinə yalnız nəzəri biliklər deyil, həm də şəxsiyyət, türkçü, millətçi və beynəlmiləlçi olaraq formalaşmağı öyrədir. Elə buna görə də onun elmi fəaliyyəti həm milli, həm də türkoloji ədəbiyyatın, ədəbiyyatşünaslığın inkişafında silinməz izlər qoymuşdur. O, türkoloji ədəbi fikrin dinamikasında, ədəbiyyat nəzəriyyəsi, tənqid tarixi, klassik və müasir ədəbiyyat, bədii mətnlərin fəlsəfi-estetik təhlili istiqamətində dəyərli və nəzərəçarpacaq rol oynamışdır. Onun əsərlərində yalnız faktların sadalanması deyil, həm də fikrin analitik dərki, ideyanın kökündə dayanan mənəvi qatların açılması dayanır.

Əsərlərində dil və üslub məsələlərinə xüsusi həssaslıqla yanaşma, şair və yazıçıların fərdi üslubunu sistemli və konseptual şəkildə təhlil etmə qabiliyyəti atamın təqdir olunacaq tədqiqatçı obrazını və özünəməxsus dəst-xəttini formalaşdırmışdır. Onun qələmindən çıxmış monoqrafik araşdırmalar, dərs vəsaitləri, elmi məqalə və materiallar onu təkcə Azərbaycan ədəbiyyatşünaslığı üçün deyil, türkoloji ədəbiyyatşünaslıq məkanında, tərcümə nəzəriyyəsi sahəsində çalışan mütəxəssislər üçün də dəyərli  tədqiqatçılar sırasına qoymuşdur.

Elm və sənəti özündə birləşdirən ömür. Müasir Azərbaycan  ədəbiyyatı məkanında öz dəst-xətti, dərin elmi yanaşmaları və yaradıcı enerjisi ilə seçilən ədəbiyyatşünas-alim, professor Nizami Tağısoy zəngin elmi və bədii irsi ilə türkoloji ədəbiyyatşünaslıq tariximizdə də mühüm yer tutur. Onun çoxşaxəli fəaliyyəti Azərbaycan ədəbiyyatşünaslığının inkişafına, eləcə də türk dünyasının ədəbi-mədəni irsinin tədqiqinə dəyərli töhfələr vermişdir. Atamın qələmindən çıxmış əsərlər həm elmi-nəzəri, həm də bədii-estetik baxımdan diqqətəlayiqliyi və tədqiqat yönümlülüyü ilə seçilir, poetik tərcümə nəzəriyyəsi, türk xalqları folkloru və ədəbiyyatı, ədəbi şəxsiyyətlərin yaradıcılığı, müasir ədəbiyyatımızın, həmçinin  türkoloji ədəbiyyatşünaslığın aktual problemləri onun elmi maraq dairəsində daha öncül mövqedə dayanmaqdadır.

Atamın bədii yaradıcılığı ilə poetik duyum tərzində poetikadakı lirizmlə fəlsəfi düşüncə ustalıqla birləşdirilir. Bu baxımdan onun qələmə aldığı “Axtaracaqsan məni” (2000), “Bəlkə, dünya öz yolunu çaşıbdı” (2004), “Moy Azerbaydjan” (2018) kimi lirik-nostalji ovqatlı əsərlərində oxucunun mənəvi dünyasına nüfuz etməni hədəfləyib onları düşündürən məqamlar daha maraqlı təqdim olunur. Onun təfəkküründən süzülüb gələn şeirlər yalnız lirizm ilə deyil, həm də müəllifin ictimai mövqeyini əks etdirən fəlsəfi baxışlarla zəngindir.

Etnopoetika və etnik mədəniyyət məsələlərinə həsr etdiyi “Etnos və epos: keçmişdən bu günə” (2010) və “Şilyan özü, sözü – çeşmənin gözü” (2009) kimi əsərlərində müəllif folklorun dərin qatlarına nüfuz edərək xalqın etnomədəni keçmişini canlandırıb.

Nizami Tağısoyun oçerk janrında qələmə aldığı “Səftər Həsənzadə. Vətən həsrətli, barıt qoxulu sətirlər” (2009) kitabıyla Böyük Vətən müharibəsində iştirak edib yaralanmış doğma dayısının əsərlərini ilk dəfə olaraq ədəbiyyat tariximizin yaddaşına ötürməsi də gərəkli ədəbi-estetik hadisədir. Kitabda Səftər Həsənzadənin yurd, vətən sevgisi ilə süslənmiş humanist poetik düşüncəsinin və həssas duyğularının oxuculara üzgün notlarla çatdırması da insan hisslərinə təsir edən keyfiyyət kimi diqqətçəkəndir.  

Atamın ədəbiyyat nəzəriyyəsi və tərcüməşünaslıq sahəsində “Poetik tərcümə” (2001), “Nəsrin axarı: zaman və məkan konteksti” (2008), “Meyxanənin poetikası” (2011), “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” (2017), “Nəsimi dini-fəlsəfi təlimində Haqqın və insanın dərki” (2020) və s. kimi analitik üslublu və nəzəri-estetik səciyyəli əsərləri müasir ədəbiyyatşünaslığımızda yeni yanaşmalara rəvac vermək missiyasını daşıya biləcək mühüm tədqiqatlardandır. Bu əsərlərdə müəllif yalnız tarixi hadisə və faktları sadalamaqla kifayətlənmir, həm də ədəbi-tarixi hərəkətin və dinamikanın dərinliklərinə enməklə öz nəzəri baxışlarını konseptual təhlillər müstəvisinə çıxır.

         Atamın tədqiqatçı-alim kimi fərdi keyfiyyətlərindən bəhs etdikdə onun türkoloji ədəbiyyatşünaslıq və ədəbiyyat tarixçiliyi sahəsindəki araşdırmalarından da yan keçmək mümkün deyildir. Onun “Qaraqalpaq xalq nağılları” (2006), “Qaraqalpaq ədəbiyyatı” (2007 – rus dilində, 2015 – Azərbaycan dilində), “Qaraçay ədəbiyyatı” (2016), “Qazax xalq qəhrəmanlıq dastanı “Koblandı-batır” (2017), “Alaş-Orda: qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” (2018), “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” (2019) və başqa bu kimi tədqiqatları türkoloji elmə bəxş etdiyi əzəmətli örnəklərdir. Bizim onunla birlikdə hazırlayıb təqdim etdiyimiz qaraqalpaq ədəbiyyatının klassiki “Hacıniyaz. Şeirlər” (2020) adlı kitabda şairin poeziyasından təqdim etdiyimiz tərcümələr orijinal mətndən çevrilmiş ovxarlı və naxışlı poetik mətnlərə kamil mütərcim və nəzəriyyəçi-praktik kimi yanaşmanı sübut etməkdədir.

2022-ci ildə öz təşəbbüsümlə tərtib etdiyim atamın elmi irsinin sistemləşdirilmiş güzgüsü “Biobiblioqrafik göstərici” (2022) kitabında professor Nizami Tağısoyun zəngin çoxcəhətli elmi və yaradıcılıq irsinin mənzərəsi təqdim edilmişdir. Göstəricidə atamın çoxillik elmi-pedaqoji fəaliyyəti, elmi rəhbərlik etdiyi dissertasiya işləri, opponentliyi, müəllifi olduğu monoqrafiyalar, məqalələr, iştirak etdiyi beynəlxalq və respublika miqyaslı konfrans, simpozium və tədbirlər, aldığı mükafatlar, fəxri adlar ardıcıllıqla təqdim edilmişdir. Bu göstərici yalnız bir alimin elmi irsinin mənzərəsi yox, həm də yaradıcılığının monumentallığını və əhatəliliyini  nümayiş etdirməkdədir.

Böyük məsuliyyətlə deyə bilərəm ki, professor Nizami Tağısoyun yaradıcılığı nəinki Azərbaycan elminin və mədəniyyətinin, həm də türk xalqları folkloru, eposu və ədəbiyyatının zəngin mənəvi xəzinəsidir. Onun qələmindən süzülən hər bir əsər elmi dəyər ilə yanaşı, həm də əvəzsiz estetik və ictimai mahiyyət daşıyır. Elmi-nəzəri irsi gənc tədqiqatçılar üçün yol göstəricisi, istiqamətverici mənbədir. Bu zəngin irsə nəzər saldıqda görürük ki, Nizami Tağısoy müəllim və alim olmaqla Azərbaycan elminin və türkoloji ədəbiyyat tarixçiliyinin şərəfli salnaməsinə adını böyük hərəflərlə yazdırmış şəxsiyyətdir.

Atamın daxili aləmi və ziyalı kimliyi. Nədənsə mən daim düşünürəm ki, atamın mənəvi-estetik xarakteri ilə onun söylədiyi fikirlər və yazdığı əsərlər arasında maraqlı bir harmoniya var. O, düşüncəsində olduğu qədər davranışında da aydın, sözündə olduğu qədər həyatında da məsuliyyətlidir. Onun sadəliyi, saflığı, dürüstlüyü, emosionallığı, həqiqətə söykənməsi, bütövlüyü ilə danışığı həmişə bir-birini tamamlayıb. Bu, onun düşüncəsinə hopmuş mənəviyyatının  təzahürüdür. O, insanlara təkcə öz elmi ilə deyil, həm də haqqa-ədalətə söykənməsi ilə örnək olmaqdadır. Ailədə qayğıkeş, sevən bir həyat yoldaşı, sadiq bir dost, etibarlı həmkarlığı ilə seçiləndir. O, elmin ziqzaqlı zirvəsinə yetərincə yüksəlsə də, heç bir halda insanlara yaxın olmaqdan, onlarla ünsiyyətdən kənarda qalmamışdır.

         Bütün pedaqoji və elmi həyatını Bakı Slavyan Universitetində xərcləsə də, o, həm də  Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. Burada apardığı araşdırmalar klassik, eləcə də müasir ədəbiyyatın elmi-nəzəri əsaslarının öyrənilməsi, müasir ədəbi prosesin təhlili və ədəbi tənqid problemlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Çünki o, bütün elmi fəaliyyəti ilə instituta nüfuz gətirən tədqiqat əsərləri yazmış ədəbi-nəzəri fikir tariximizdə özünəməxsus yer tuta biləcək fərdi təfəkkür sahiblərindəndir.

Atam Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, Əməkar müəllim və digər çoxsaylı mükafatlara layiq görülməsi ilə yanaşı, həm də çoxcəhətli publisistik fəaliyyəti ilə tanınır. Onun qələmindən çıxmış yazılar dövri mətbuatda, ədəbi jurnal və qəzetlərdə ardıcıl olaraq işıq üzü görür. Qələm sahibi kimi milli-mənəvi dəyərlərə, ictimai-sosial problemlərə həssaslıqla yanaşması, dərin müşahidə və özəl yanaşma qabiliyyəti ona geniş oxucu auditoriyası qazandırmışdır. 

Ailəmizdəki professor. Əksər insanlar alimləri uzaq, bir qədər soyuq, ciddi insanlar kimi təsəvvür edirlər. Atam ailəsinə və milli-mənəvi ənənələrə sadiq bir insandır. Onun ailəsindəki münasibətlər, övladlarına verdiyi tərbiyə və insani keyfiyyətlər də həyat yolunun, şəxsiyyətinin ayrılmaz bir hissəsidir. O həm bir ata, həm bir müəllim, həm də bir vətəndaş kimi hər zaman ətrafındakılara nümunə olmuşdur. Atamın zarafatları, incə müşahidələri ailəmizin sükutuna hər zaman sevinc və xoşbəxtlik qatmışdır. Mən onun səsi ilə sakitləşmiş, sözü ilə yön tapmış, varlığı ilə özümü hər zaman təhlükəsiz və qürurlu hiss etmişəm. Atam bizim evin ən səssiz, amma ən möhtəşəm səsidir…

Atamın yazı masası mənim üçün, sadəcə, mebel deyil, orada doğulan fikirlər, səssiz gecələrin sabaha açılan ümidləri, bəhrəsi olan cümlələr bizim evin ruhuna çevrilib. Bəzən onun masasının üstündəki qeydlərə baxanda sanki bir ömrün ədəbiyyat və ədəbiyyatşünaslıq istiqamətində xərclənən izlərini görürəm. O izlərdə zəhmət, sədaqət, əzmkarlıq, əlbəttə ki, elmə sonsuz sevgi  görünməkdədir. Onun ömrünün təqvimi çap etdirdiyi məqalələrlə, oxuduğu  mühazirələrlə, yazmış olduğu elmi əsərlərdə formalaşıb. Odur ki, mən atama uzun və sağlam ömür, könül rahatlığı və həmişə olduğu kimi, nəzəri-fəlsəfi düşüncələrini ifadə etmək üçün ləyaqətli və parlaq, könlümüzü xoş edən urvatlı ömür arzu edirəm. Ata, sənin düşüncən, dərin təfəkkürün, ədəbi-fəlsəfi sözün, fikrin, müdrikliyin, aliliyin səni layiqincə dərk edən insanlara daim ziya bəxş edəcək! Yubileyin mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.