“Biri ikisində” Elxan Zalın essesi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Elxan Zalın essesi təqdim edilir.

                             

Elxan ZAL

SEVGİLƏR FONTANI

 

Peyğəmbərlərə vəhy gəlir, şairlərə ün. Mən ünlə yazıram.

Ün çox yerdən gələ bilər – Tanrıdağdan da, Ana Kaha – Erkeneqondan da, Xəzərin sahilində doğan günəşi salamlayan mələk xorundan da, Tovuzdakı Haça qayadan da, Nigar Rəfibəyli və Rəsul Rza küçələrinin qovuşuğu yerdən də. Bizim şair ilhamımız isə lütf edilən səsləri eşitmək bacarığıdır.

 

Ün gələndə qəfil gəlir, çatar-çatmaz könül qopuzunun simlərini titrədir və sən hərflərə çevirməyə çalışırsan bu səsi. Bu səslər daş bitiklərə həkk olunmuş əbədi kitabın sətirləridir. Onlar həmişə olub, həmişə də olacaq. Zamanı gələndə aldığın nə varsa, yazdığın nə varsa, yenə də qayıdıb əbədi kitabda qalacaq.

Tanrıya xoş olan bir gözəl anda könül anteninə qonaq gəlir ün. Mələk xorunun oxuduğu əbədi nəğmələr hər səhər mesajtək paylanır könüllər saytında. Eştuqlar eşidir, könüllər həzm edir, sağırlar yan gedir.

Ay Atam və Ay Ava xəlq olunandan bəri onlara ün eşitmək bacarığı da verildi Qızıl Almalı bağda. Əbədi kitabda ən sirli qatlardan, qanadlı atlarda muzalar busəsi gətirdi bu səsi.

Sevginin, savaşın əbədi kitabı dad verdi ruhuna xəlq olan insanın. İnsanlıq bu dadla yaşadı, sevgi də, savaş da həmişə qoşadı. Hərəkətin nizamı var olmaq üçün verilib bu savaş. Bu savaş bitəndə qiyamət gələcək.

         Biz sevdik, savaşdıq, savaşdıq və sevdik, duamız rəng verdi göylərə. Göylərdən gələn ün göylərə qayıtdı, torpaqdan gələn ün torpağa çevrildi səninlə.

Ün gəldi, biz sevdik, biz sevdik, ün gəldi. Sevdikcə savaşdıq, savaşıb yol açdıq yaranış eşqinin sirrinə. Var olmaq alın yazımızdır, Sevgi savaşımızdır, şairlik muradımız,  şeir könül yazımız.

Bu səhər, bu şəhər, bu kəhər! Xəzərin sehrində rəqs edir nəğmələr. Üfüqün köşkündə atəşdə qovrulan qan çalası. Taissanın balası səni salamlayır, Qız qalası. Vəcdinin sehrində uçuşan şairlər kitaba həkk etmək istəyir bu anı. Xan Günəş, Dan üzü və Qürub  yaşamın eşqinə axıdır bu qanı, mərhəmətini bizdən əsirgəmə, Mehri Banu.

Ün gəlir, yazırıq, yazırıq, ün gəlir, Bakıda hər səhər uyqudan oyanan bu şəhər göy kəhər eşqində ümidlər qurarkən dalğalar ritmində rəqs edir nəğmələr.

         Nəğmələr sonsuzdur, Tanrıtək, insan var olduqca bu ün də gələcək...  

                                                    

***

 

Nigar Rəfibəyli və Rəsul Rza küçələrinin qovuşduğu nöqtədə, düz “Xaqani ticarət mərkəzinin qənşərində var olan bir məkanda, buradan didərgin salınmış rəssamların özləriylə apardığı xoş bir ovqatın rənglərini düşünərkən mavi donlu, saçları kare, ləbləri püre bir muza ün gətirdi.

İndi beynimdə məmur qabiliyyətsizliyinin bu yerin aurasından sildiyi rənglərin pıçıltılarının dolaşdığı bir andı. Və gözəlim Muza qənşərimdə dayandı. Duyğular qasidi,  bir əşar busəsi – bu sözü, bu səsi O verdi, mən aldım...

Sentyabr sıcağında addım-addım gəzinmələr həvəsinə doğru irəliləyən insan selinin baxış təbəssümü çox sönük görünür. Dünyanı çulğalayan virus salğını öz hüzn möhürünü Bakı küçələrinə də vurub. Adamların yerişində əvvəlki əda yoxdur. Bakılılar az qala yankilərin sındırdığı Belqrad əhalisinə bənzəməyə başlayıb. Amma yenə də... həyat qaynayır, həyat davam edir. Adamlar ən hüznlü anda belə özlərinə bir bəxtiyarlıq hücrəsi yapmağa çalışırlar.

 İndi mənim dayandığım nöqtə bəxtiyarlıq hücrəsinə və sevgi fontanına açılan bir yolun girişidir. Bura iki şairin, muzaların busəsindən tamsınmış iki sevdalı insanın maddi dünyada yenidən  qovuşa bildiyi bir nöqtədir.

 

Sevgilər fontanına gedən yoldur.

Sevgilər fontanı sevgilərdən doğar.

 

Onlar əsl şairlər kimi sevərək yaşadılar, sevilərək getdilər, gedəndə də, demək olar ki, bir-birindən xəbərsiz də olsa, bir yerdə getdilər. Təzədən qovuşmaq üçün getdilər.

İki sevdalı insan, iki şair – Rəsul Rza və Nigar Rəfibəyli.

                                           

                                                       ***

 

Bu küçə dənizə gedən yoldur, yolun sonunda məni dəniz gözləyir. Adamların bənizləri azcana hüznlüdür. Nigar Rəfibəyli 24-də bir zaman Bakının rənglərindən doğulan saqqallı və saqqalsız rəssamların rəngarəng rəsmlərinin yaratdığı xoş əhval aurasından əsər-əlamət qalmayıb. Dollar yaşılından başqa rəng tanımayan rəngsiz məmurlar buranı da rəngsizləşdirdilər.

Yüz ilin şahidi bu dilsiz binalar gələnə-gedənə bulanıq baxırlar.

Hər tərəf dükandır, “LEDİ ŞARM, “MADAME COCO, Bakını basdırmış əcnəbi adlar, təzə səslər sorağında radar qoşmuş qulaqlara həkk olunan soyadlar.

Önümdəki parkın girişində tənha palma dayanıb, bəlkə də, dimdik durub desəm, daha doğru olar. Bir vaxtlar mən ona “qılaflı palma deyirdim, çünki qışda qılafa salırdılar, üşüməsin deyə. Ayını əhliləşdirən insan palmanı da əhliləşdirər. Bu palma da qılafa girə-girə əhliləşdi, amma öz bədəvi görkəmini itirdi. Başında bir-iki yarpaq qalıb, lap çılpaq zənci repçilərinə bənzəyir. Yəqin, belə düşünürlər ki, “LEDİ ŞARM, “MADAME COCO “Torqovı”ya Paris ovqatı gətirirsə, palma da Məkkənin ovqatını gətirəcək. Orda qabaqda kilsə var, o tərəfdə sinaqoq. Palma da bir növ məscid proyeksiyasıdır. Bu düşüncəylə palmanı keçib parka girirəm.

Sol tərəfimdə işsiz dayanmış fontan qəfil işə düşür. Bakı meriyası da mənim kimi, yəqin, ilhamla işləyir, nə vaxt gələsi, o vaxt tutuzdurur. Fontanın yanında iki uşağıyla dayanmış cins şalvarlı qadın fontanın qəfil oyanışından diksinir. Mən bu fontana hələ ad qoymamışam, hələlik adsız fontan deyək. Ad qoyma məsələsi Bakı meriyasının zəif yerdir. Mən bilən, onlar pullu idarədir, bir az baş işlətsələr, məsləhətçi kimi bir mini Dədə Qorqud tapa bilərlər. Bəlkə də, bunlar düz eləyirlər, yer adlarıdı, dükan adlarıdı, kafe, bar... nə bilim, daha nələri birbaşa xaricdən ixrac eləyirlər, daha öz müdrik başlarını nəyə görə işlətməlidirlər ki?

Nə isə... düşüncələrimə qoşulub gedirəm. Bura Nigar Rəfibəyli küçəsində bir adsız parkdı. İçində yolkalar da var, palmalar da. Bu şam ağaclarını biryolluq kəssələr, adını palma parkı qoyardıq. Gözəlim muza belə bir şeir xatırladır:

 

Yoluna yavuz baxar dəniz,

Palma parkı geyər kəfən.

Gülüşün otelə dönməz

İzini öpüncə qumsal.

 

Amma burada qumsal yoxdur. Yerə əlvan daşlar döşəyiblər, mozaika yaradıblar. Yəqin, belədə oturacaqda əyləşib iştahla dönər yeyən qadının əhvalı daha mozaikalı və musiqili olur.

Sentyabr sıcağında sevginin dadını çıxaran gənc oğlan və qız palma kölgəsinə sığınıblar. Bəlkə də, bu anda beyinlərindən keçir ki, bu palmanın yerinə bir çinar ağacı olsaydı, keyfimizin madyanları dördnala çapardı. Amma indiki halda palmanın altında oturub, çinarı abstrakt təsəvvür eləməyə məhkumdular. Hər halda, Nigar Rəfibəyli küçəsindədir bu park. Azərbaycanda çinar deyəndə isə öncə Rəsul və Nigar yada düşür. Yəqin ki, bir də mənim “Ulu Çinar” jurnalım. Bəzən düşüncə sərinliyi palma sərinliyindən daha praktik ola bilir. Sevgi məsələlərində ən əsası bir yerdə olmaqdır. Necə deyərlər, biz biriksə, dünya bizə kiçikdir.

 

                                                        ***

 

Qabaqda Nizami Gəncəvinin heykəli var, muzeyin divarlarından baxan bir dəstə ulu şair isə ustadın hüzurunda poz verir. Bu məkan Şeyx Nizaminin səltənətidir, amma hökmündə bircə muzey qalıb.

Həzrəti biznesin saksaulları boş qalan yerləri kölgələyiblər.

Qayğılar qumunda ağnayan şəhər isə dollar yaşılının ritminə takt tutmağa məhkumdur.

Misterlər və müsyolar üstümüzə dollar yaşılı ilə gəlirlər.

Hücum var üstümüzə, hər tərəfdən hücum var.

Çox şeyə şahiddir bu qala divarları...

Bir vaxtlar burda, palma parkında Nizaminin “Yeddi gözəl”inə bir abidə quraşdırmışdılar. Sasani sarayının yeddi məlaikəsinin daş baxışları öz qədim ehtiraslarını qarşılarında çağlayan fontanın sərin sularında soyudardılar.

Ehtiras və suyun doğurduğu enerji öz ətrafına çoxlu gənc toplayardı.

Bu sevginin hələ öz əsrarını qoruduğu zamanlarıydı.

Biz sevmək üçün yaşayar, yaşamaq üçün sevərdik.  Sevda yanğılarından mənalı bir şey varmı insanın yaşamında? Duyğularımıza yanğılardan yana yasa vermişmi Tanrı?

Sənin könlündəki sevda dəni yanğı dəyirmanında üyüdülür, seviş sobasında bişir və sən sevgidən bişirilən bu çörəkdən tamsına – tamsına Sevgi Fontanına doğru gedirsən.

         Sonra da arzularının toranını aydınlatmaq üçün cibindən çıxarıb qəpik atırsan hovuzdakı sulara,  sevda ilahəsinə nəzir atırsan ki, sevginin fontanı daha da çox çağlasın...

İndi, Nigar Rəfibəyli və Rəsul Rza küçələrinin qovuşduğu məkanın yanında, Şeyx Nizami səltənəti hövzəsində mən böyük sevgilər barədə düşünürəm. Beynimdə misralar yaranır, yanımda Muzam da var. Qaraxanlı Talıbın və Taissanın oğlu tovuzlu Elxan Zal Bakının nəğmələrini belə yaradır:

 

anam Taissanı zikr edirəm mən,

kainat ovcumda nöqtə sayağı.

sevgi fontanları həzz verir mənə,

mənim sevdiklərim ilahələşir.

 

                                                        ***

 

Burası Nigar Rəfibəyli küçəsi. Zəngin supermarket vitrinlərindən manekenlərin baxışları gecənin əsrarında qızğın dəvələr kimi boylanır.

Xalq arasında “Torqovı” adıyla məşhur olan Nizami caddəsi  Bakının ən ecazkar küçəsidir, bura sevgi ilahəsinin hökmündədir.  Burada hər yanda sevgi ətri  var, burada bütün görüntülər könül rəngindədir. Xüsusən də gündüz saatlarında. Amma indi gecədir, binaların sinəsində almaz kolye kimi parıldayan reklam işıqları, beton cəngəlliyə bənzər şəhərin üstünə çökmüş qaranlığın zəhmli vahiməsində ürkək ahu kimi görünür.

Mən reklam işıqlarının və ulduz yağışının  səssiz musiqisi altında dənizə doğru addımlayıram. Orada yovşan qağayıların yakamoz parıltısında dalğa rəqslərini seyr edəcəm. Atəşgahlı anılarda Ötükən havalarını yaşadan  Bakının ruhu, böyük Xəzər xaqanlığının mistik ritmlərini qağayı nəğməsi şəklində yaşadan bu dənizdən əsrlər boyu güc alıb. Mən doğma sahillərdə anamız Umayin şəninə səssiz himnlər oxuyan qağayılara doğru gedirəm. Yazıçı dostum Elçin Hüseynbəylinin “yovşan qağayı”larına doğru. Onların uçuşlarında bir kauçuk ləngəri var.

Burnum yovşan qoxusu axtarışındadır, düşüncəm qağayı kimi uçunur. Mən yovşan iyini çox sevirəm, mənə elə gəlir ki, bu qoxu həmişə mənimlə olub. Bəlkə də, hansı babamsa (bəlkə də, nənəm) yovşan kolunun üstündə bətnə düşüb. Biz bozqır millətiyik və bir Allah bilir, neçə nəslimiz yovşan kolunun ovsunlu qoxusuyla mayalanıb. Neçə dünya fatehi toxumu göydən göndərilən bu sirli kolların üstündə dünyaya gəlib. Bu qoxu Bakıda neft iyinə qarışsa da, Turan çöllərindən Qızıl Alma sevdasını yelli dalğa atları belində gətirən xəzri, içimizə yovşan qoxulu bir sərinlik çiləyir. Və həsrətin gil kitabları düşüncələrimizdəki unutqanlıq yanğılarını lövhələr üzərinə çiviləyir.

Belə bir misra düşünürəm: “Göy səma altında, yovşanlı bir yataqda bir vaxt bətnə düşüb şanlı Atilla. Fəqət indi Atillalar doğulmur, çünki adamlar yovşan iyini unudublar, indi  düşüncələr də qağayı uçuşlu deyil. Üç tərəfi bozqır olsa da, indi Bakıda step havası duyulmur. Bakı oturaqlığın ətalətindən lırtlaşıb, o çox həvəssiz və yorğundur. Neft pullarının törətdiyi hərəkət və qalxınma görüntüsü tamam parıltısızdır, çünki bu hərəkətin mayasında yovşan qoxusu yoxdur. Yovşan iyi çatmır bu şəhərdə, qağayılı düşüncə çatmır. Mən sahilə doğru gedirəm – yovşan qağayıların uçuşuna baxmağa. Onlar da yovşan iyi kimi dosdoğmadı, dosdoğma.  Və bir qalib xəzər süvarisi sayaq yağma həvəsi keçir könlümdən...

Sentyabr sıcağında addım-addım gəzinmələr həvəsinə doğru irəliləyən insan selinin baxış təbəssümü çox sönük görünür. Beynimdə məmur qabiliyyətsizliyinin bu yerin aurasından sildiyi rənglərin pıçıltılarının dolaşdığı bir andı. Və gözəlim Muza qənşərimdə dayandı. Duyğular qasidi,  bir əşar busəsi – bu sözü, bu səsi O verdi, mən aldım...

 

sel kimi axır izdiham,

meydan top model sərgisi,

qonub eşqli dodaqlara

boyalı reklam şərqisi.

 

daş cəngəllik səhnəsində

rejissorsuz bir teatr.

bura bizim Brodveyimiz,

bura bizim Monmartr.

 

Dayandığım nöqtə bəxtiyarlıq hücrəsinə və sevgi fontanına açılan bir yolun girişidir. Bura muzaların busəsindən tamsınmış iki sevdalı insanın maddi dünyada  qovuşa biləcəkləri mistik bir nöqtədir. Sevgilər fontanına gedən yoldur.

Sənin könlündəki sevda dəni yanğı dəyirmanında üyüdülür, seviş sobasında bişir və sən sevgidən bişirilən bu çörəkdən tamsına – tamsına Sevgi Fontanına doğru gedirsən. Həyatının ən şirin anlarını xatırlayırsan.

Sevgilər fontanı sevgilərdən doğar...    

Dan tanrısı hər səhər şam yandırır sevgi fontanının şəninə.

 

sevgilər fontanında

şəkillənmiş eşq anı.

bir az mərhəmət çilə,

anamız Mehri Banu.

 

yanğılı pıçıltılar

qalxır gizli qatlara.

şəfqətli su şırnağı

yaşam verir otlara.

 

quruş atırıq suya –

ilahə qır ovsunu.

taleyin mələkləri

bəxtimizə ov sunur.

 

bura bizim Bakımız,

yaşamı həvəslidir.

könlümüzün rübabı

cənnətquşu səslidir.

 

aşiqlik ritmindədir

türk əsrinin modası.

bizə mesaj göndərir

işvəli eşq odası.

 

Hələlik isə fontanlar çağlamır. Adamların bənizləri azcana hüznlüdür. Nigar Rəfibəyli 24-də bir zaman Bakının rənglərindən doğulan saqqallı və saqqalsız rəssamların rəngarəng rəsmlərinin yaratdığı xoş əhval aurasından əsər-əlamət qalmayıb. Dollar yaşılından başqa rəng tanımayan rəngsiz məmurlar buranı da rəngsizləşdirdilər. Yaşatdığımız sevda anları kenquru həvəsi ilə hoppanışır.

 

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.