Bu gün tanınmış yazıçı Elçin Hüseynbəylinin doğum günüdür Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanda tarixi romanlar yazanlar istisnadır. Onlardan biri, özü də kifayət qədər uğurlu olan biri tanınmış yazıçımız Elçin Hüseynbəylidir. Bu gün yazıçının doğum günüdür. Bu doğum günündən yaradıcılığına nzərə yetirsək, kifayət qədər sanballı bir ədəbi yol görmüş olacağıq.

 

AYB-nin 4 katibindən biri olan Elçin Hüseynbəyli 1961-ci il dekabrın 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980–1982-ci illərdə keçmiş Sovet ordusunda piyada qoşunlarda uğurlu hərbi xidmət keçib, "əlaçı əsgər" döş nişanına layiq görülüb.

1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-ci ildə Varşavada "İnsan haqları yay məktəbi"nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən "Azadlıq" radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir.

E. Hüseynbəyli haqqında ölkənin ən tanınan ədəbiyyat adamları 200-ə yaxın məqalə yazıblar. O, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, rus dilində nəşr olunan "Güney Qafqaz" dərgisinin Azərbaycan üzrə koordinatoru və redaktorudur. Ümumdünya azərbaycanlıları qurultaylarının nümayəndəsidir. 2000-ci ildə istedadlı gənc yazar kimi Prezident təqaüdünə, 2008-ci ildə isə Prezidentin xüsusi mükafatına layiq görülüb.

 

"Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam", "Yenə iki Od arasında", "Gözünə gün düşür", "Ağ və qara", "Vida", , "Pərixan", "Gültəkin xaqan", "Dənizin nağılları", "Banuçiçəyin rəngli yuxuları" kitablarının, on iki romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir.

Kitabları Türkiyə, İran, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub. Avropa Birliyinin regionda münaqişə tərəflərilə bağlı müxtəlif layihələrin iştirakçısı və əlaqələndiricisidir. Azərbaycan Yazarlar Klubunun yaradıcısıdır. Klub əsasən Qarabağ münaqişə bölgəsində layihələr həyata keçirib.

Sənət adamlarının münaqişə bölgəsinə səfərlərini təşkil edib. Pyesləri ölkə içində və dışında dəfələrlə oynanılıb.

2001-ci ildə “Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri”, 2007-ci ildə “Humay”, 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatlarına, 2019-cu ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Tanınmış yazıçımızı təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.