İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O, nüfuzundan, sanbalından istifadə etməyib, Bakıya gedib daha geniş səmalarda pərvazlanmaq istəməyib, ömrünün sonunadək doğma Neftçalada yaşayıb. Onun mənzili ədəbiyyat adamları üçün müqəddəs məkana çevrilib, Bakıdan ən görkəmli ədiblər, alimlər onu görmək üçün evinə gediblər...
Bu gün anadan olmasının 98-ci ildönümüdür.
Allah rəhmət eləsin deyirik.
İmamverdi Əbilov 19 dekabr 1927-ci ildə Neftçala rayonunun Züd-Ost Qoltuq kəndində anadan olub. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə balıq vətəgələlərində başlayıb, 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1953-cü ildən Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi olub.
Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilib. Azərbaycan müəllimlərinin ilk qurultayından (1946) başlayaraq bütün qurultaylarında nümayəndə olub. Bilik Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən olub, cəmiyyətin 1964-cü ildə keçirilən 3-cü, 1968-ci ildə isə 4-cü qurultayında nümayəndə seçilib, çıxış edib.
1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə Pedaqoji Cəmiyyətlərin 1-ci qurultayında (Moskva) nümayəndə olub. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olub. Moskvada, Tehranda, Təbrizdə, Bağdadda, Zaqafqaziya Respublikalarının paytaxtlarında keçirilən elmi simpozium və konfranslarda məruzələrlə çıxış edib.
Yeni dərsliklər yaradılması üzrə respublika komissiyasının üzvü olub. 800-dən artıq məqaləsi dərc olunub. Filologiya elmləri doktorudur. "Rəsul Rza" (1960), "Azərbaycan ədəbiyyatında yeni insan", "Siyasi lirikanın tədrisi", "Tvorçeskiy put Rasul Rzı", "Şəhidlər mehrabı. Rəhmət duası", "Ömrün anları", "Əsrlər… nəsillər… əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" (2013) kitablarının müəllifidir.
Əsərlərinin 15 cildliyi nəşr olunub.
2000-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülüb. "Qabaqcıl Maarif Xadimi"dir. SSRİ maarif əlaçısı olmuşdur. Krupskaya adına Ümumittifaq Pedaqoji mükafatı laureatı adına layiq görülüb. "S. Vurğun" xatirə diplomunun, "Araz" ali ədəbi mükafatının, "Akademik Mehdi Mehdizadə" Ali pedaqoji mükafatının, "Rəsul Rza" və "Xudu Məmmədov" Beynəlxalq ədəbi mükafatlarının laureatıdır. Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının həqiqi üzvüdür. 9 aprel 2016-cı ildə ömrünün 89-cu ilində vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(19.12.2025)


