“Ay gecikən məhəbbətim” onun şah əsəri idi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ötən günlər adına Əmircan deyilən Xilə kəndində dünyaya gələn iki dahidən bəhs etmişdik – şair Ramiz Rövşən və rəssam Səttar Bəhlulzadə. Bu günsə daha birindən – şair Tofiq Bayramdan bəhs edəcəyik.

 

Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərinin Əmircan kəndində Qulam bəy və Məşədi Zivər xanımın ailəsinin ilk övladı olaraq dünyaya göz açıb. Orta məktəb təhsilini doğma Əmircan kəndində aldıqdan sonra şair Azərbaycan Pedaqoji İnstitutuna qəbul olub və burada tarix fakültəsində təhsilinə davam edib.

Tofiq Bayram ilk qələm təcrübəsinə 1950-ci ildən, daha doğrusu, orta məktəbdə təhsil aldığı dövrdən başlayıb. Poeziya aləminə belə erkən qədəm qoyması onu tezliklə ədəbi dərnəklərə, yaradıcı müzakirələrə qoyub, elə həmin vaxtlardan başlayaraq, o, Yazıçılar Birliyində aparılan müzakirələrdə iştirak etməyə başlayıb. Burada tanınmış şair və ədiblərdən məsləhətlər alan, T.Bayram tezliklə yaradıcılıq sirlərinə bələd olmağa, daha çox həvəs göstərib. Yəqin elə buna görə də sonrakı illərdə Tofiq Bayramı 1950-ci illərin sonlarında Azərbaycan ədəbiyyatına gələn şairlər nəslinin ən istedadlı nümayəndələrindən biri hesab edilib.

O, öz ecazkar şeirləri ilə oxucuların ürəklərinə yol tapıb, orijinal sözü, poetik duyumu, fərqli dəsti-xətt və üslubu ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Tofiq Bayramın əsərləri hər şeydən əvvəl aydın obrazlı dili ilə fərqlənib. Əsərlərində yaratdığı poetik obrazlar və zəngin lövhələr, emosionallıq və yetkin pafos oxucularını valeh edib. Yaradıcılığa kiçik həcmli şeirlərlə başlayan şair, daha sonra lirik, vətənpərvərlik, humanizm, insansevərlik və s. mövzularda yazmaqla əbədiyaşar və təkrarolunmaz poeziya nümunələri müəllifi kimi tanınıb.

Tofiq Bayram bütün ömrünü şeirə, sənətə həsr edib, mənalı ömür yaşayıb. Müxtəlif illərdə onun bir-birinin ardınca "Ana təbəssümü", "Mənim şair xalqım", "Sizi düşünürəm", "Azərbaycan dünya gəzir", "İnamım, əqidəm", "Gərək elə yanım", "Azərbaycan deyəndə", "Səninlə görüşəndə", ("Məsləkim-silahım", "Ay gecikən məhəbbətim", ("Məsləkim-silahım" və "Ay gecikən məhəbbətim" kitabları əsasında "Seçilmiş əsərləri" (tərtib edən bacısı Svetlana Bayramova) və "Ay anam Bakı" (tərtib edən həyat yoldaşı Zərifə Bayramova), Azərbaycanım (tərtib edən bacısı Svetlana Bayramova) adı altında əsərləri nəşr olunub.

“Ay gecikən məhəbbətim” şeiri haqlı olaraq onun şah əsəri hesab edilir.

 

Tofiq Bayram

AY GECİKƏN MƏHƏBBƏTİM

 

İllər boyu səni gəzdim,

Ay gecikən məhəbbətim!

Sən yubandın, mən tələsdim,

Getdi gənclik təravətim,

Ay gecikən məhəbbətim!

 

Mən bir yanda sənə möhtac,

Sən bir yanda gəzdin əlac.

İki qəlbdə bir ehtiyac,

Övladıyıq bir həsrətin,

Ay gecikən məhəbbətim!

 

Saç ağartdım bu yollarda,

Harda idin, söylə harda?!

Bir yarpağam son baharda,

Saralıram yetim-yetim,

Ay gecikən məhəbbətim!

 

Sən əzabsan, göz yaşısan,

Bəxtimin son naxışısan,

Bəlkə tale qarğışısan,

Bəlkə də ilk səadətim,

Ay gecikən məhəbbətim!

 

Gəl ki, sənsiz ürək bir daş.

Poz qanunu, sədləri aş.

Sevə-sevə öləydim kaş,

Sən olaydın vəsiyyətim,

Ay gecikən məhəbbətim!

 

Bir könül var, əmanətdir,

Acısı da şirin dərddir.

Bir qadına xəyanətdir,

Bir gözələ sədaqətim,

Ay gecikən məhəbbətim!

 

Cəzan varsa, verən gəlsin,

Könlü hicran görən gəlsin.

Məcnun gəlsin, Kərəm gəlsin,

Desin, nədir qəbahətim,

Ay gecikən məhəbbətim!

 

Bir xəstəyəm, əlacım sən,

Bir koram, əl ağacım sən,

Görüşünə əl açım sən –

Gəl ol mənim son qismətim,

Ay gecikən məhəbbətim!

 

Kitabları

- Ana təbəssümü Bakı: Uşaqgəncnəşr, 1961, 36 səh.

- Mənim şair xalqım. Bakı: Azərnəşr, 1963, 46 səh.

- Sizi düşünürəm. Bakı: Uşaqgəncnəşr, 1964, 78 səh.

- Azərbaycan dünya gəzir. Bakı: Azərnəşr, 1965, 104 səh.

- İnamım, əqidəm. Bakı: Azərnəşr, 1969, 174 səh.

- Gərək elə yanım. Bakı: Gənclik, 1971, 84 səh.

- Azərbaycan deyəndə. Bakı: Gənclik, 1974, 139 səh.

- Səninlə görüşəndə. Bakı: Azərnəşr, 1977, 136 səh.

 

Öz əsərləri ilə Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə Tofiq Bayrama 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, dünya xalqlarının poeziyasından nümunələrin yüksək peşəkarlıqla Azərbaycan dilinə tərcümə edilməsindəki əməyinə görə isə 1988-ci ildə “Maksim Qorki adına Azərbaycan Dövlət Mükafatı”  (Maksim Qorki Azərbaycan Dövlət Mükafatı sözlərinin uzlaşmaması sizi təəccübləndirməsin, sovet dövrü idi – red.) laureatı fəxri adları verilib.

Tofiq Bayram uzun sürən xəstəlikdən sonra 1991-ci ilin aprelin 19-da Bakı şəhərində dünyasını dəyişib, doğulduğu Əmircan kəndində dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.